Siyasət

“Qafqazda sabitlik Avropa və Asiya üçün də vacib məsələyə çevrilib” – RƏY + FOTO

Sharing is caring!

“Bu gün Cənubi Qafqaz regionunda sülhün və sabitliyin davamlı olması Avropa və Asiya üçün də vacib məsələyə çevrilib”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Azərbaycanın əməkdaşlığını ancaq iqtisadi platformalarda davam etdirməklə kifayətlənmədiyini qeyd edən deputatın sözlərinə görə, ölkəmiz qitələrin siyasi mənzərəsinin formalaşmasının yaxın iştirakçısına çevrilib:

“Belə ki, 6-7 oktyabrda Prezident İlham Əliyevin Praqada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı və bu Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər yeni siyasi mənzərənin formalaşmasında Azərbaycanın xüsusi rolu olduğunu bir daha göstərdi. 44 ölkənin iştirak etdiyi “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi özünü təqdim etdi. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək regionda sülhün və sabitliyin yaranması üçün atılmalı vacib addımlardan danışaraq Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün Azərbaycan-Gürcüstan-Ermənistan üçlüyü yeni siyasi dialoq platformasının yaradılmasını təklif edib”.

Deputat nəzərə çatdırıb ki, bu gün Cənubi Qafqaz regionunda sülhün və sabitliyin davamlı olması nəinki, region üçün, həm də Avropa və Asiya üçün vacib məsələyə çevrilib:

“Azərbaycan Türk Dövlətləri Birliyinin aktiv üzvü olaraq Asiya ölkələrinin də vahid siyasi-iqtisadi mövqedən çıxış etməsində əlaqələndirici körpü rolunu oynayır. Ölkəmizin iki qitənin mərkəzində yerləşməsi böyük bir coğrafiyanın birləşdirilməsində lokomotiv olaraq özünü təsdiq edir. Bu da Asiya və Avropanın yeni reallığında müasir dövrün çağırışlarına uyğun siyasi sabitliyin yenidən formalaşmasında ölkəmizin iştirakı ilə yeni dialoq platformaların yaranmasını labüd edib. Bu baxımdan cari ildə Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin inkişaf istiqamətlərini müəyyənləşdirir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, ölkə başçımızın həm Avropa siyasi birliyində iştirakı Avropada, Türk Dövlətləri Təşkilatına üzv ölkələrə qarşılıqlı səfərlər etməklə dövlət rəhbərləri ilə görüşlərin keçirilməsi Mərkəzi Asiyada siyasi-iqtisadi mövqelərimizin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə eyni soy-kökə, dil və mədəniyyətlərə malik olmaqla oxşar tarix birləşdirir”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir