İdman

Premyer Liqa klubları üçün “faciə” – “Araz Naxçıvan” əziyyətinə qarşılıq gözləyir – AÇIQLAMA

Sharing is caring!


Mövsümün sonunda bir komandanın Premyer Liqanı tərk edəcəyi ilə bağlı qərar elitanın aşağı pillələrində qərarlaşan komandaların narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, “Səbail”, “Sumqayıt” və “Şamaxı” düşərgələrindən verilən açıqlamalarda bunun əleyhinə olduqları hiss edilir.

AFFA rəsmiləri bir neçə dəfə bildiriblər ki, mövsümü sonuncu pillədə başa vuracaq komanda I Diviziona düşəcək. Əvəzində aşağı liqadan bir kollektiv elitaya yüksələcək.

Əvvəlki illərdə dəfələrlə I Divizionun qalibi Premyer Liqaya çıxmadığı üçün, nəhayət, idman prinsiplərinin nəzərə alınması azarkeşlər tərəfindən müsbət qarşılanıb. “Şamaxı”, “Sumqayıt” və xüsusən son pillənin sahibi “Səbail”dən verilən açıqlamalar isə narazılıqla qarşılanıb. Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev dünən “Qəbələ” ilə kubok oyunundan sonra bildirib ki, komandanın I Diviziona düşməsi ilə təxminən 300 oyunçunun taleyi sual altında qalacaq.

Premyer Liqanın alt sıralarında qərarlaşan kollektivlər aşağı liqaya düşməyi faciə hesab edirlər. Onların fikrincə, bu, birbaşa klubun mövcudluğunu sual altında qoyacaq. Arqumentlərdən biri sponsorların I Diviziona yuvarlanacaq komandaya maliyyə ayırmaqdan imtina edəcəyidir.

Aşağı liqadan vəsiqənin sahibi isə bəllidir. “Araz Naxçıvan” mövsüm başa çatmamış vəsiqəni təmin edib və hansı komandanın elita ilə vidalaşacağını gözləyir. Klub lisenziya almaq üçün infrastrukturla bağlı çatışmazlıqların həlli istiqamətində işlərə başlayıb.

Maraqlıdır, Premyer Liqa komandalarının açıqlamalarına “Araz Naxçıvan”da münasibət necədir? Sualı komandanın baş məşqçisi Azər Bağırova ünvanladıq. Mütəxəssis Oxu.Az saytına açıqlamasında qaydalara riayət etməyin vacib olduğunu bildirib:

“Əlbəttə, Premyer Liqanı izləyirik. Məşqçilərin, klub nümayəndələrinin fikirləri ilə tanışıq. Hamının fikirlərinə hörmətlə yanaşırıq. İstəməzdik ki, hansısa komanda Premyer Liqadan düşsün. Mən də onun lehinəyəm ki, elitada komanda sayı daha çox olmalıdır. Nə qədər çox iştirakçı olsa, bu, futbolçuların yetişməsinə, aşağı yaşdan əsas milliyə qədər inkişafa təkan verə bilər. Ancaq AFFA və Peşəkar Futbol Liqasının verdiyi qərar var. Necə ki, onların tələb etdiyi meyarlar, limitlə meydana çıxırıqsa, hamı da buna məcburdur. Bütün tələbləri yerinə yetirdikdən sonra Premyer Liqada iştirak etmək istəyirik. Buna layiqik. Bu, əziyyətimizin qarşılığı olardı. Ümid edirəm ki, bütün tələbləri yerinə yetirdikdən sonra Premyer Liqaya yüksələrik və orada da yolumuza uğurla davam edərik”.

Göründüyü kimi, Premyer Liqa klublarının “faciə” adlandırdığı məqam I Divizion kollektivi üçün ümid və əziyyətin qarşılığı kimi qiymətləndirilir.

Xatırladaq ki, növbəti mövsüm I Divizion və əvəzedicilərin yarışı ayrı təşkil olunacaq. Aşağı Liqada 10 və ya 12 komandanın çıxış edəcəyi bildirilir. Premyer Liqa klublarına dövlət tərəfindən mövsümlük üç milyon manat maliyyə yardımı edilir. I Divizion üçün məbləğ 300 min manat müəyyənləşdirilib. Ancaq kuluarlarda bunun artırılıb 500 min manata yüksəldiləcəyi ilə bağlı söz-söhbətlər gəzir.

Qeyd edək ki, Premyer Liqada 30 turdan sonra “Səbail” 21 xalla sonuncu – 10-cudur. Bir xal artıq toplayan “Şamaxı” 9-cu pillədə qərarlaşıb, 8-ci yerin sahibi “Sumqayıt”ın 25 xalı var.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir