Siyasət

Penitensiar Xidmətin Müalicə müəssisəsində başçəkmə keçirilib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin müalicə korpuslarına, o cümlədən cərrahiyyə və ruhi xəstəliklər şöbələrinə və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, qidalanma, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ-nin üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qəbul olunub, müalicə və ailə üzvləri ilə görüşlə bağlı müraciətləri yerində araşdırılaraq təmin edilib, habelə bəzi şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.

“Müalicə müəssisəsində tibbi yardımın keyfiyyətinin, ümumilikdə isə penitensiar müəssisələrdə psixiatriya yardımın, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi işinin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ehtiyac var. Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, tibbi xidmətin təşkili ilə bağlı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və saxlanma şəraitinin daha da təkmilləşdirilməsinə dair müvafiq tövsiyələr verilib”, – məlumatda bildirilib.