Müsahibə

Haukur Hauksson: “Qərb müşavirləri İrəvana Azərbaycanı necə təhrik etmək barədə məsləhət verirlər” – MÜSAHİBƏ

Sharing is caring!

Ötən gün Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüş Ermənistanın baş nazirinə çox xoş təəssürat bağışlayıb. O, danışıqları ABŞ və Aİ tərəfdaşları ilə “mükəmməl məsləhətləşmələr” adlandırıb. Ola bilsin ki, Avropa İttifaqı və ABŞ-nin Ermənistana müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar ayıracaqları barədə vədləri Paşinyana bu dərəcədə təsir edib. Məbləğlər, təbii ki, olduqca cüzidir və üstəlik, bu qrantların (Avropadan olan mütləq şəkildə) daxil olması bir neçə il uzanacaq.

Ermənistan Milli Assambleyasının keçmiş deputatı Naira Zohrabyana yanaşmalar fərqli ola bilər, lakin o, Brüsseldəki görüş ərəfəsində danışıqların hansı ssenari əsasında aparılacağını kifayət qədər dəqiq proqnozlaşdırıb:

“Paşinyana Brüsseldə bir neçə qəpik veriləcək və ölkəni anti-Rusiya və anti-İran plasdarmına çevirməyə məcbur ediləcək”.

Aydındır ki, Ermənistan cəmiyyətində Avropaya inteqrasiya və hətta NATO-ya daxil olmaq ideyaları gücləndiyi kimi (baxmayaraq ki, Türkiyənin Şimali Atlantika Alyansının üzvü olduğunu nəzərə alsaq, ikinci bəndlə bağlı problemlər var), Ermənistanın Qərbə doğru istiqamətlənməsi də davam edir.

Bu arada Avropada elə ölkələr var ki, onlar uzun müddətdir Avropa İttifaqına daxil olmağa tələsmirlər. Onlardan biri də İslandiyadır. Məşhur islandiyalı jurnalist və analitik Haukur Hauksson vəziyyətlə bağlı Oxu.Az-a şərh verib.

– Gəlin, ümumi bir sualdan başlayaq: niyə İslandiya Avropa Birliyinə daxil olmur?

– İslandiya elitası, prinsipcə, Avropa İttifaqının tərəfdarıdır, lakin xalq bunun əleyhinədir. Bizdə balıqçılıq və kənd təsərrüfatı çox inkişaf edib. Avropa İttifaqında qüvvədə olan qaydaları nəzərə alaraq balıqçılar və fermerlər Aİ-yə daxil olmaqdan qorxurlar. Digər ölkələrlə ikitərəfli müqavilələrin bağlanması daha yaxşı olar.

Bununla belə, İslandiyaya çox ciddi şəkildə təzyiq göstərilir. Siyasi elitanın böyük hissəsinin, artıq dediyim kimi, Aİ üzvlüyünə qarşı olmadığını nəzərə alsaq, istisna deyil ki, ölkəmizə təzyiq göstəriləcək və İslandiya Avropa Birliyinə daxil olacaq.

– Ötən gün Brüsseldə Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyədə görüş keçirilib. Ehtimal olunurdu ki, Ermənistana hərbi və iqtisadi yardım müzakirə olunacaq. Düzdür, görüşün yekunu Ermənistanda çoxlarını məyus etdi, lakin istisna da deyil ki, bir çox nüanslar bağlı qapılar arxasında qalıb.

– Qərb tərəfindən İrəvana verilən vədlər Rusiya ətrafındakı geosiyasi oyunun tərkib hissəsidir və  bu da aydın məsələdir. Təbii ki, Qərbin Ermənistanı Avropa strukturlarına – Avropa Birliyinə, perspektivdə isə NATO blokuna çəkmək istəyi var. Bu, erməni xalqına yaxşı heç nə gətirməyəcək. Təəssüf ki, erməni isteblişmenti və hər şeydən əvvəl baş nazir Nikol Paşinyan bu yolu seçdilər.

Ermənistanın gündəliyində açıq-aşkar şəkildə anti-Rusiya məsələsi dayanır. Lakin ən azından Çar Rusiyası olmasaydı, o zaman dünyanın müasir siyasi xəritəsində Ermənistan da olmazdı.

2018-ci ildə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəldiyi seçkini xatırlayıram. Ermənilər o zaman deyirdilər ki, nəhayət, korrupsiyadan qurtulacaqlar, Qərbə doğru gedəcəklər, rusiyalılar onlara lazım deyil, rusiyalılar həm Rusiya İmperiyasında, həm də Sovet İttifaqında ermənilər üçün yaxşı heç nə etməyən düşmənlərdir və s. Lakin xatırlamaq olar ki, Sovet hakimiyyəti dövründə Ermənistan olduqca firavan bir respublika idi.

Rusiyadan asılı olan Ermənistanın iqtisadiyyatına baxın, Ermənistanın Azərbaycan qarşısında hərbi məğlubiyyətlərinə baxın. İrəvan xüsusilə ötən illərin təcrübəsini nəzərə alaraq, qonşuları ilə dostluq və müttəfiqliyə can atmalıdır. Amma Ermənistanın coğrafi mövqeyini dəyişmək mümkün deyil – yaxınlığında Rusiya, Azərbaycan və Türkiyə var.

– Yeri gəlmişkən, Azərbaycan, Türkiyə və Rusiya Brüssel görüşünə ehtiyatla yanaşdılar, çoxlu bəyanat verildi…

– … bu, çox maraqlıdır və Cənubi Qafqazda vəziyyətin kəskinləşməsindən xəbər verir. Ermənistan hökumətinin nümayəndələri Aİ və NATO-ya daxil olmağa hazır olduqlarını və ya ən azından, bu məsələni nəzərdən keçirə biləcəklərini bildirirlər. Bu, qüvvələr balansına təsir göstərə bilər. Bakı, Ankara və Moskva tamamilə təbii olaraq, hadisələrin bu şəkildə inkişafına yekdilliklə qarşı çıxırlar. Ona görə də bütün bu “şarl mişellər”, “jozep borrellər” və “ursulalar” bu barədə düşünməlidir.

Eyni zamanda, Qərbdə hamı bilir ki, Avropa İttifaqı beynəlxalq münasibətlərdə tam olaraq müstəqil subyekt deyil. Görüşdə ABŞ dövlət katibi Antoni Blinken iştirak edirdi, ona görə də bütün bu məsələlərdə ABŞ-nin “qulaqları” görünür. Əgər Rusiyanın müəyyən dərəcədə zəifləməsinə və diqqətinin başqa istiqamətə yönəlməsinə gətirib çıxaracaqsa, ABŞ üçün istənilən regionda sabitliyin pozulması sərfəlidir. İndi onlar kifayət qədər gərgin region olan Qafqazda hərəkətə keçiblər.

Mən bir daha NATO və Ermənistan mövzusuna toxunmaq istəyirəm. Türkiyə Şimali Atlantika Alyansının üzvüdür və heç vaxt Ermənistanın NATO-ya üzv olmasına icazə verməyəcək. İsveçlilər Ankara onların müraciətlərini təsdiqləyənə qədər uzun müddət sövdələşdilər. Ermənistanla isə  Türkiyə sövdələşmə aparmayacaq. Amma kulis arxasında işlər gedir, İrəvandakı Qərb müşavirləri işləyirlər, Azərbaycan və Türkiyəni necə təhrik etmək yolları barədə təkliflər verirlər. Ona görə də təxribatlar və hətta terror aktlarının olmasını gözləyə bilərik. Sonra isə odun üstünə yağ atan amerikalılar və fransızlar Qərbin “mavi dəbilqələr”inin tətbiqi mövzusunu qaldıracaqlar və rusiyalı hərbçilərin bölgəni tərk etməsini tələb edəcəklər.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir