Müsahibə

İrina İrbitskaya: “Azərbaycanın quraq iqlim şəraitində yaşamaq təcrübəsi var” – MÜSAHİBƏ

Sharing is caring!


Yer kürəsində iqlim sürətlə dəyişir. Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildə havanın orta temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,48 Selsi dərəcəsi yüksək olub. Bu da iqlim dəyişikliyi barədə müzakirələri xüsusilə aktual edir. Bildiyiniz kimi, bu il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Bununla əlaqədar şəhərsalma və memarlıq üzrə beynəlxalq məsləhətçi İrina İrbitskaya (Paris) 2022-ci ilin də isti keçdiyini və Avropada bu səbəbdən 61 672 nəfərin həyatını itirdiyini xatırladıb. Ölümə səbəb olan istilər İrina İrbitskayanın martın 7-də onlayn mühazirəsinin mövzusu olacaq.

Ekspert hesab edir ki, Avropa şəhərlərinin həddindən artıq istilərə tab gətirməkdə minillik təcrübələri yoxdur. Məhz İrina İrbitskaya “arid relyef”, “arid memarlıq” və “arid urbanistika” (arid iqlim – havanın temperaturunun yüksək olduğu iqlim – red.) anlayışlarını gətirib. 

Oxu.Az-a müsahibəsində İrina İrbitskaya ilk növbədə qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı mühazirəsini “İstilik” adlandırması təsadüfi deyil, növbəti mühazirənin adı isə “Daşqınlar” olacaq.

– Bizə içində olduğumuz vəziyyəti təsvir etmək üçün yeni bir dil lazımdır. Və bu dil insana daha yaxın olmalıdır. Çünki insanlar “iqlim dəyişikliyi” ifadəsini eşitdikdə bu onları elə də narahat etmir, çünki bu ifadə onlar üçün çox az məna kəsb edir. Bu, astronomik hadisə kimi, “planetlərin paradı” kimidir. İnsan “istidən öləndə” demir ki, “iqlim dəyişikliyindən ölür”.

Bakıdakı COP29 sessiyasında haqqında danışılacaq iqlim dəyişikliyi də çox mühüm mövzudur.

– Deyə bilərsinizmi, yeni təhlükələr, ilk növbədə, istilər fonunda memarların qarşısında hansı məsələlər dayanır?

– İstilik qlobal problemdir. Şəhərsalma və memarlıq istiliyə qarşı mübarizədə əsas alətlərdir. Onların vəzifəsi şəhərlərimizi istidən qurtulmaq üçün adalara çevirməkdir. Arid memarlıq və arid urbanistika – əlçatan aşağı texnologiyalar sistemidir (“low tech”).

Yüksək texnologiyalar (“high tech”) sistemi üstün olsa da, onların tətbiqi böyük xərc tələb edir. Çünki son istifadəçilərin əhəmiyyətli bir hissəsi bu sistemdən istifadə etmək üçün müvafiq səriştəyə malik deyil. Aşağı texnologiyaların istifadəsi zamanı belə xərclərə ehtiyac olmur.

Gələcəkdə beynəlxalq inkişaf artıq təkcə pul və texnologiyanın inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olanlara transferi ilə deyil, hər iki istiqamətdə mübadilədən ibarət olacaq. İsti hava şərtlərinə tab gətirmək təcrübəsi inkişaf etməkdə olan ölkələrin arid relyef fonunda qurduqları həyat tərzində özünü göstərir, çünki onların əksəriyyəti quraq bölgələrdə yerləşir.

– Bununla bağlı nümunələr göstərə bilərsinizmi?

– Məsələn, su qıtlığının yaşandığı Özbəkistanın Kaqan şəhəri Buxara vahəsi və genişlənən səhranın sərhədində yerləşir. Faktiki olaraq bu şəhər aqropolis modelinə görə yaşayır, yəni kənd təsərrüfatı əraziləri üçün xarakterik olan qida istehsalı ilə məşğuldur. Qızmar Günəş altında, su çatışmazlığı şəraitində sakinlər şəhərdə, fərdi evlərə məxsus kiçik sahələrdə meyvə-tərəvəz yetişdirir, ev heyvanları və quş saxlayırlar. Şəhər sakinlərinin 70%-i bu işlə məşğuldur. Yəni sakinlərin 70%-nin isti hava şəraitində fəaliyyətlə bağlı səriştəsi var və onlar arid relyefdə təsərrüfat qurublar. Dünyanın belə bacarıqlara ehtiyacı var. Bunlar Mərkəzi Asiyada minilliklər ərzində formalaşmış əlçatan aşağı texnologiyalardır. Kaqanda həyat tərzi ilə bağlı araşdırmalar zamanı kəşf etdiyimiz şəhər arid kənd təsərrüfatı modeli isə şəhərlərin inkişafı üzrə beynəlxalq agentlərin axtardığı şeydir.

Kaqanın və ümumilikdə Orta Asiyanın arid memarlığı tam olaraq bina deyil. Bu, metamemarlığın prototipidir ki, burada bina və onu əhatə edən xarici məkan – daş divarla əhatə olunmuş həyət və eyvan – vahid memarlıq obyektini formalaşdırır. Həyət və eyvan memarlığın “məsamələri”dir ki, təkcə insanları deyil, həm də bitkiləri və heyvanları istidən qoruyur. Bu, şəhərin arid vahididir.

– Sizcə, Azərbaycan arid memarlıqdan və aşağı texnologiyalara əsaslanan arid şəhərsalmadan istifadə etməlidirmi?

– Düşünürəm ki, bəli. Və hesab edirəm ki, Azərbaycanda arid iqlim şəraitində həyatla bağlı dərin təcrübə mövcuddur.

Yeri gəlmişkən, bunu sıx fəaliyyət apardığım Orta Asiyanın hər yerində görürəm. Yeni tikintilər – dünyanın istənilən nöqtəsində rast gələ biləcəyiniz universal müasir memarlığın versiyalarıdır. Problem burasındadır ki, bu, nəinki arid iqlim üçün yararsızdır, həm də şəhərlərdə həddindən artıq istiləşməyə gətirib çıxarır. Bir çox digər səhvlər arasında kiçik bir detal: bunlar mükəmməl cilalanmış plitələrlə örtülmüş fasadlar, Günəş düşən tərəfdə olan şüşəli qalereyalardır. Bütün bunlar ideal istilik toplayıcılarıdır. Arid memarlıq və arid urbanistika isə insanları həddən artıq qızmar havada işləyə bilməyən kondisionerlərdən daha yaxşı sərinlədə bilər.

– Bəs beynəlxalq konfranslarda arid urbanistika müzakirə olunurmu? İnsanların artıq iqlim dəyişikliyini öz üzərilərində tam şəkildə hiss etdiklərini nəzərə alsaq, bu nə dərəcədə vacibdir?

– Hələ müzakirə olunmur. Lakin artıq vaxtı gəlib. Əlbəttə, Bakıda keçirilən COP29 kimi əlamətdar tədbirdə memarlığın insanları və təbiəti yüksəlməyə davam edən istidən necə qoruya biləcəyi ilə bağlı sual qaldırıla bilər. Bu mövzu artıq sırf klassik arid bölgələrə aid məsələ deyil. İstilik artıq bir vaxtlar mülayim iqlimə malik olan Avropaya gəlib və hərəkətini davam etdirir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir