Müsahibə

“Neftçi”nin legioneri: “Keyfiyyətimizi göstərsək, “Qarabağ”la döyüşməyi bacararıq” – MÜSAHİBƏ

Sharing is caring!


“Ürəklə oynasaq, keyfiyyətimizi göstərsək, “Qarabağ”la döyüşməyi bacararıq”

Bu sözləri hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin futbolçusu Ervin Koffi “Report”un suallarını cavablandırarkən deyib.

28 yaşlı fransalı müdafiəçi sözügedən ölkədə yaradılmış şəraitdən, komandada baş məşqçi dəyişikliyindən və hədəflərdən söz açıb.

– Mövsümün ikinci yarısı üçün hazırlıq prosesi necə keçir?

– Buradakı təlim-məşq düşərgəsi inanılmazdır. Meydan, idman zalı, yemək, bir sözlə, hər şey çox yaxşıdır.

– Komandadakı baş məşqçi dəyişikliyi barədə nə deyə bilərsiniz?

– Bu, heç vaxt asan deyil. Amma nəzərə almalıyıq ki, bu, futbolun ayrılmaz hissəsidir. Biz isə öz işimizə davam etməliyik

– Miodraq Bojoviçin rəhbərliyi altında qısa müddət də olsa, məşq etmisiniz. Təəssüratlarınız necədir?

– O, yaxşı mütəxəssisdir. Futbolçulara inandığını söyləyib. Sakitdir və bəzən zarafat da edir. Bu isə mənim xoşuma gəlir.

– Sizcə, hazırkı heyət cari mövsümdə uğur qazanmaq üçün yetərlidir?

– Əlbəttə. Bunu bacara biləcək kollektivimiz var. Amma asan olmayacaq. “Neftçi” böyük klubdur və biz bunu göstərməliyik.

– Hansısa mövqelərin güclənməli olduğunu düşünürsünüz?

– Mən bu barədə bilmirəm.

– Cari mövsümdə hansı uğur əldə oluna bilər?

– Hələlik bilmirəm. Amma dediyim kimi, komandamız kuboklar uğrunda mübarizə aparmalıdır və daha çox çalışmalıyıq.

– “Neftçi” ölkənin ən köklü klubu olsa da, uzun müddətdir ki, “Qarabağ”dan geri qalır. Bunun səbəbi rəqibin güclü olmasıdır, yoxsa flaqman istədiyi səviyyəyə çatmır?

– Mənim üçün həmişə 11 nəfər eyni sayda rəqibə qarşı meydana çıxır. Bizim də yaxşı komandamız var. Ürəklə oynasaq, keyfiyyətimizi göstərsək, “Qarabağ”la döyüşməyi bacararıq.

– Mövsümün ikinci yarısında ilk rəsmi oyununuzu XIX turda “Sabah”a qarşı keçirəcəksiniz. Bu matçda qazanılacaq qələbə komandada inamı artıra bilər?

– ⁠Əlbəttə, vacib oyun olacaq. Bütün qələbələr özünəinam verir. “Sabah”ı məğlub etmək və yaxşı mövqedə qalmaq üçün çalışacağıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir