Müsahibə

Türkiyəli astronavt: “İlin sonunda kosmosa 14 günlük uçuş gözlənilir” – MÜSAHİBƏ

Sharing is caring!


“Cari ilin sonunda kosmosa 14 günlük uçuş gözlənilir. Dörd nəfərlik heyətlə gerçəkləşdirəcəyimiz uçuşda bir çox müxtəlif elmi layihələr sınaqdan keçiriləcək”.

Bu barədə Oxu.Az-a müsahibəsində Türkiyə Cümhuriyyətinin Hava Qüvvələrinin astronavtı Alper Gezeravcı deyib.

–  Alper bəy, siz Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə planlaşdırılmış kosmik tapşırığı yerinə yetirəcək astronavt olaraq nə deyə bilərsiniz?

– Bu layihə cari ilin sonunda planlaşdırılır. 14 gün kosmosda qalmalı və 13 müxtəlif elmi bilgini sınaqdan keçirməliyik. Bu prosesdə çox ciddi bilgilər əldə ediləcək və bu, gələcəkdə kosmosda yaşam, oksigen mənbəyinin ola bilmə ehtimalı, eləcə də bir sıra digər sahələrdə əldə edilə biləcək nailiyyətlərlə bağlı təməl informasiyalar qazana bilərik.

– Daha dəqiq desək, 13 müxtəlif elmi məlumat daha çox hansı sahələri əhatə edir?

– Bu günə qədər hər hansı uçuş olmayıb. İlk uçuş ilin sonunda olacaq. Uçuş amerikalı, türkiyəli, italiyalı və isveçli astronavtların iştirakı ilə gerçəkləşdiriləcək. Qrup rəhbəri amerikalı astronavtdır. Çox peşəkar elm adamlarının tibb, texnologiya, kimya sahəsində bir sıra elmi bilgilərini sınaqdan keçirəcəyik. Biotexnologiya sahəsində bir çox nümunələr var. Dünya üzərində fərqli ərazilərdən əldə edilən materialların oksigen yaratması və karbonun məhv etməsinə dair elmi bilgilər var. Bunun gələcəkdə yeni texnologiyalar yaranmasına rəvac verəcəyi düşünülür. Bütün bunlar sınaqdan keçiriləcək.

– Bir astronavt yetişdirmək üçün nə qədər müddət lazımdır?

– Bir fərdi yetişdirmək üçün çox çalışmaq lazımdır. Dünyada bu sahədə uğurlu layihələri icra edən ölkələrin praktiki və nəzəri bilgilərini toplamaq, toplanan bilgiləri analiz etmək və gələcəkdə bunlar sayəsində yerli peşəkar kadrlarımızı yetişdirmək şansımız olacaq. Azərbaycan və Türkiyə qardaş ölkədir və bu, bir çox sahələrdə özünü göstərib.

– 50 ildən sonra ikinci dəfə Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin pavilyonundasınız. Fikirlərinizi bölüşərdiniz.

– Ölkə tarixində bu sahədə anlayışı olan bir ölkəsiniz. Qardaş Azərbaycan bu dəfə də konqresi yüksək səviyyədə təşkil edib. Professional formada proqram təşkil edilib, düşünürəm ki, gələcəkdə kosmik sahədə kifayət qədər bilgilər əldə edəcəksiniz. Azərbaycan kosmik sahədə yeni işlərə imza atmağa potensiallı ölkədir. Bu gün burada iştirakçı kimi olmaq çox qürurvericidir. Siz bu məlumatları ictimailəşdirməklə kosmik sahəyə marağı olan gənclərin həvəsini artırırsınız.

– Astronavtların yaşlarını öyrənə bilərikmi?

– Uçuş 43, 44, 49 və 63 yaşlı ekipaj üzvləri ilə gerçəkləşdiriləcək.

– Uçuş zamanı fors-major hallara qarşı xüsusi plan varmı?

– B planı hər zaman var. Həyatın hər anında plan mütləq var. Küçədə gəzdiyiniz zaman belə fors-major hal ilə qarşılaşa bilərsiniz.

– “Azərkosmos” ilə sıx əməkdaşlıq edirsinizmi?

– “Azərkosmos” öz sahəsində çox ciddi işlərə imza atıb. Biz bu gün “Azərkosmos”un fəaliyyətindən dolayı burdayıq. İki dövlət arasındakı əməkdaşlıq görünən və görünməyən sahələrdə də davam edir.

– Kosmosda 14 gün qalacağınız layihənin nəticələri bizə nə verəcək?

– Hər şeydən öncə bu bir əvəzolunmaz təcrübədir. Biri var bunu oxuyaq, kimdənsə dinləyək və ya videolara görək. Biri də var şəxsən bu prosesi yaşamaq. Nəticələr elmə çox ciddi töhfələr verəcək. Missiyanı yerimə yetirdikdən sonra əldə edilən bilgilər elm adamları ilə paylaşılacaq. Bu məlumatlar ictimaiyyətin başa düşəcəyi formaya salınaraq, yekunda açıqlanacaq. Hər şeyin gözəl olacağına inanırıq.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir