Müsahibə

“Beşiktaş” bizə çox təzyiq etdi” – Filip Ozobiçlə MÜSAHİBƏ

Sharing is caring!


“Hamımızın vaxta ehtiyacı var. Bir-iki gündən sonra beş il birlikdə oynadığımız kimi oynamaq mümkün deyil”. 

Bu sözləri Oxu.Az-a müsahibəsində “Neftçi”nin futbolçusu Filip Ozobiç deyib.

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Türkiyənin “Beşiktaş” klubuna məğlub olaraq (1:2, ilk oyun – 1:3) mübarizəni dayandıran “ağ-qaralar”ın yarımmüdafiəçisi həm bu görüş, həm də ümumən mövsüm barədə sualları cavablandırıb.

Müsahibəni təqdim edirik. 

– İlk yarıdan sonra qalib gəlirdiniz, daha sonra nə baş verdi?

– Bəli, ilk hissədə qalib gəlirdik. Sıx qrafikdə oynayırıq. Ola bilər ki, rəqib ikinci yarıda daha gümrah idi. Onların keyfiyyətli futbolçuları var.

– Rəqibin heyətində əvəzetmələr oyuna nə qədər təsir etdi?

– Ola bilər ki, biz bir az yorğun idik. Amma Vinsent Abubakar kimi futbolçu meydana daxil oldu. Onun necə hücumçu olduğunu hamımız bilirik. Hesabı bərabərləşdirdi. Ondan sonra daha çətin oldu.

– Fasiləyə üstün yollandığınıza görə yəqin ki, daha inamlı idiniz. Baş məşqçi Adrian Mutu sizə nələr söylədi, hansı emosiyalar var idi?

– Əsas o idi ki, ilk 15 dəqiqə dözək və rəqib bizə çox təzyiq etməsin. Amma belə alındı.

– Öz oyununuzdan razı qaldınız?

– Öz oyunum barədə danışmaq istəmirəm. Kənardan baxanlar nə isə deyə bilər.

– Oyundan sonra mətbuat konfransında Şenol Güneşdən “Neftçi”dən hansı futbolçunu bəyəndiyini soruşdular, o, sizin adınızı çəkdi. Amma bildirdi ki, bu görüşdə nə isə alınmadı sizdə. 

– Futboldur da, olur. Rəqibin qapısından uzaq olanda çətin olur. “Beşiktaş” bizə çox təzyiq etdi. Belə də, müdafiədə çox işlədik. Güc itirdik.

– “Neftçi” üçün avrokubokda mövsümü başa çatdı. İndi hər kəs komandanın çempionatda nə edəcəyini gözləyir. “Kəpəz” və “Səbail”lə matçda qələbə qazana bilməmisiniz. Daha güclü “Neftçi” görəcəyik? Çempionluq mübarizəsində olacaqsınız?

– Əlbəttə. Sadəcə, bizə zaman lazımdır. Baş məşqçi də toplanışa sonradan gəldi. Məncə, hamımızın vaxta ehtiyacı var. Bir-iki gündən sonra beş il birlikdə oynadığımız kimi oynamaq mümkün deyil. Hər şeyə zaman lazımdır. Hər gün işləyirik ki, daha yaxşı olaq. Yaxın vaxtlarda hər şey dəqiqləşəcək.

– Sabiq komandanız “Qarabağ”a qarşı oyunlarda hansı emosiyalarınız olacaq? 

– Hələ bu oyunlara var. Orada hamı mənim dostumdur. Lakin indi “Neftçi”də oynayıram və istəyirəm ki, “Neftçi” yaxşı olsun. Hər şeyi edəcəyəm ki, komandam qalib gəlsin.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir