Müsahibə

Nazir müavini: “Özbəkistan Zəngəzur dəhlizi layihəsinin uğur qazanacağına inanır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Azərbaycan və Özbəkistan son illər ikitərəfli əməkdaşlığı genişləndirir və çoxtərəfli platformalarda bir-birini fəal dəstəkləyir. Sıx əməkdaşlıq xüsusilə nəqliyyat və logistika sahəsində özünü göstərir.

Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminov “Report”a müsahibəsində birgə layihələrin həyata keçirilməsindən və gələcək planlardan danışıb.

– Özbəkistan Bakı limanında öz anbar infrastrukturunu yaratmaq niyyətindədir. Bu layihə haqqında, onun həyata keçirilməsinin mümkün müddətləri, həmçinin Özbəkistanın Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirməyi planlaşdırdığı digər nəqliyyat-logistika layihələri haqqında bizə daha ətraflı məlumat verərdiniz.

– Azərbaycanla Özbəkistan arasında bu gün həm siyasi, həm iqtisadi sahədə, xüsusən də nəqliyyat-logistika sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkədə yaradılmış işçi qrupları fəal şəkildə fəaliyyət göstərirlər. Onlar Orta Dəhliz üzrə ikitərəfli və tranzit yükdaşımaların artırılması imkanlarını öyrənirlər.

Qeyd edək ki, 2022-ci ildə Bakı limanı vasitəsilə Özbəkistandan ixrac-idxal yüklərinin daşınmasının həcmi 904 min ton təşkil edib və bu da 2021-ci illə müqayisədə 65% çoxdur. Ərzaq yüklərinin, o cümlədən şəkərin, mineral gübrələrin və konteynerlərin daşınma həcmləri nəzərəçarpacaq dərəcədə artıb.

Özbəkistanlı sahibkarlar Bakı limanının ərazisindəki anbar infrastrukturuna çıxışda maraqlıdırlar. İdxalçılarımız Bakı limanı ilə əməkdaşlıqda maraqlıdır və ya mineral gübrə terminalını uzunmüddətli icarəyə götürməyi, ya da onun yaradılmasına sərmayə qoymağı hədəfləyirlər. İndi bu məsələ öyrənilir və texniki-iqtisadi əsaslandırmanın hazırlanması istiqamətində iş aparılır.

Orta dəhliz üzrə daşımaların inkişafı üçün layihədə iştirak edən ölkələr əlverişli şərait yaradır, o cümlədən yüklərin daşınması üçün sərfəli tariflər təklif edirlər. Orta Dəhliz üzrə yüklərin daşınması şərtlərinin daha da yaxşılaşdırılması və ənənəvi nəqliyyat dəhlizlərinə münasibətdə nəqliyyat xərclərinin optimallaşdırılması istiqamətində birgə işlər aparılır.

– Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolunun multimodal nəqliyyat marşrutu (CASCA+) üzrə yük axınının artırılması üçün hansı işlər görülür? İlin əvvəlindən bu marşrut üzrə yükdaşımaların dinamikası necə dəyişib? Bu marşrutun daha da inkişafı üçün hansı ölkələri cəlb etmək olar?

– CASCA+ layihəsində Özbəkistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Qırğızıstan və Türkmənistan iştirak edirlər. Bu nəqliyyat marşrutu ilə həm iştirakçı ölkələr arasında, həm də Çindən Avropaya və əksinə məhsulların daşınması həyata keçirilir.

Layihədə iştirak edən ölkələr arasında güzəştli tariflərin verilməsinə dair razılaşma mövcuddur. Bu isə Özbəkistana yüklərin Türkiyə və Avropa İttifaqı ölkələrinə konteynerlərdə daşınmasını artırmağa imkan verir. Ümumiyyətlə, ixracatçılar və idxalçılar Orta Dəhliz üzrə yüklərin daşınmasının təşkilində maraqlıdırlar.

Yaxın vaxtlarda CASCA+ iştirakçı ölkələrinin, həmçinin Çinin dəmir yolu qurumlarının rəhbərlərinin iştirakı ilə danışıqların aparılması gözlənilir. Əgər biz Çindən yükdaşımalar üçün güzəştli tariflər əldə etməyə nail olsaq, CASCA+ və Orta Dəhliz üzrə də yükdaşımalarda əhəmiyyətli artım gözləmək olar.

Qeyd edək ki, Özbəkistan alternativ marşrutların yaradılmasını dəstəkləyir və bu kontekstdə Zəngəzur dəhlizi Azərbaycanı əlavə yük axını ilə təmin edəcək. Biz bu layihənin uğur qazanacağına, onun sürətlə həyata keçiriləcəyinə inanırıq, çünki Azərbaycanda bunun üçün həm maliyyə, həm də insan resursları var.

– “Bir kəmər, bir yol” təşəbbüsündə Özbəkistanın rolu nədir? Sizcə, bu təşəbbüs çərçivəsində Azərbaycanla Özbəkistan arasında hansı əməkdaşlıq formatı qurula bilər?

– Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin texniki-iqtisadi əsaslandırması artıq hazırlanıb. Bu ilin mayında Sian şəhərində dəmir yolu inşası layihəsinin həyata keçirilməsi üçün gələcək addımların nəzərdə tutulduğu üçtərəfli sənəd imzalanıb.

Sənəd bu təşəbbüsün həyata keçirilməsini sürətləndirəcək. Qeyd etmək istərdim ki, ilkin hesablamalara görə, bu layihə yükdaşımaların ildə 12-15 milyon ton artmasına, o cümlədən Şərqi Asiyadan Yaxın Şərq və Cənubi Avropa ölkələrinə olan məsafənin təxminən 900 kilometr, səyahət müddətinin isə 7-8 gün azalmasına səbəb olacaq.

Maliyyələşdirməyə gəlincə, biz ya beynəlxalq maliyyə institutlarına, ya da birbaşa Çin tərəfinə müraciət etmək niyyətindəyik. Düşünürük ki, bütün bu məsələlər öz həllini taparsa, dəmir yolunun tikintisi təxminən üç il davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir