Kriminal

Azərbaycanda 16 milyon manat mənimsəyən iş adamını hansı vəzifəli şəxs himayə edib? — Şok cinayət işi

Sharing is caring!

Azərbaycanda dələduzluqda ittiham olunan iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbəral.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Canıyev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü guya xaricdə yaşayan müxtəlif iş adamları ilə etibarlı əlaqəsi olan, Azərbaycan Respublikasında yaradılacaq çox şaxəli biznes fəaliyyətinin rəhbəri kimi Zabir Əliyevə təqdim edib. O, sonuncunu biznesin aparıcı iştirakçılarından biri olacağını təmin edəcəyini bildirib, həmin biznes fəaliyyətindən külli miqdarda pullar qazanacağına dair yalan vəd verib.

Ceyhun Canıyev Zabir Əliyevin etibarını qazanıb və bu işin qurulması üçün əvvəlcədən müəyyən məbləğdə vəsaitin lazım olduğuna onu inandırıb.

Ceyhun Canıyev ölkələr arası iş qurmaq məqsədilə Zabir Əliyevdən müxtəlif vaxtlarda ümumilikdə 9.247.821 ABŞ dolları alıb. O, həmin vəsaiti şəxsi ehtiyaclarına xərcləyərək, Zabir Əliyevə külli miqdarda ziyan vurub.

Bundan başqa Ceyhun Canıyev təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Yusif Həmidovu guya rəhbərlik etdiyi şəxsi biznes fəaliyyətinə şərik edəcəyini bildirib, böyük miqdarda gəlir əldə edəcəyinə dair yalan vəd verib. O, Yusif Həmidovu inandırdıqdan sonra 2009-cu ilin oktyabr ayında həmin dövrün məzənnəsi ilə 120.525 manat təşkil edən 150.000 ABŞ dolları, 2009-cu ilin noyabr ayında həmin dövrün məzənnəsi ilə 30.340 manat təşkil edən 100.000 ABŞ dolları pulu Nərimanov rayonu ərazisində istintaqa məlum olmayan ünvanda iki dəfəyə alıb.

Bundan əlavə o, 9 oktyabr 2010-cu il tarixdə tanışı Qabil Əliyevə məxsus Xətai rayonu, 28 may küçəsində inşa edilən çoxmənzilli yaşayış binasında yerləşən həmin dövrün məzənnəsi ilə 673.764 manat təşkil edən 840.000 ABŞ dolları dəyərində ümumi sahəsi 400 kvadrat metr qeyri-yaşayış sahəsini, həmçinin 10 may 2012-ci il tarixdə eyni məqsədlə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşməklə ünvanı istintaqa tam məlum olmayan çoxmənzilli yaşayış binasında sonuncuya məxsus hər bir kvadrat metri 575 manat olmaqla ümumi sahəsi 1137 kvadrat metr olan 653.775 manat dəyərində yaşayış sahəsini, ümumilikdə 1.327.539 manat dəyərində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib.

Bundan başqa Ceyhun Canıyev tanışı Novruz Rəsulova Bakı şəhərində sökülməli olan yaşayış binalarının yerində həyata keçiriləcək tikinti işlərinin sonuncu tərəfindən aparılmasını təşkil edəcəyinə dair yalan vəd verib. Aldatma yolu ilə Ceyhun Canıyev guya müəyyən xərclərin ödənilməsi adı ilə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 24 A saylı ünvanda və Bakı şəhərində müxtəlif ünvanlarda Novruz Rəsulovdan şəxsən özü, eləcə də qohumu Ziya Canıyev və qeyriləri vasitəsi ilə həmin dövrün məzənnəsi ilə 1.278.577 manat təşkil edən 1.630.000 ABŞ dolları və 3.876.000 manat olmaqla ümumilikdə 5.154.577 manat məbləğində nağd pulu alaraq ələ keçirib.

Daha sonra Ceyhun Canıyev tanışı Samir Verdiyevi guya “SOCAR” neft şirkətində keçiriləcək tenderlərdə qalib olmasını təmin edəcəyini vəd edib. O, bu məqsədlə Samir Verdiyevdən 7 aprel 2014-cü ildə Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının yaxınlığında həmin dövrün məzənnəsi ilə 286.306 manat təşkil edən 365.000 ABŞ dolları nağd pulunu ələ keçirib.

İstintaq orqanı tərəfindən Ceyhun Canıyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə iclaslarında məlum olub ki, Ceyhun Canıyev bu dələduzluq əməllərini törədən zaman bir çox vəzifəli şəxslərin, tanınmış adamların adından istifadə edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Canıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə görə, zərərçəkmiş şəxslər – Zabir Əliyev, Yusif Həmidov və Novruz Rəsulov tərəfindən verilmiş mülki iddialar qismən, zərərçəkmiş Qabil Əliyev tərəfindən verilmiş mülki iddia isə tam təmin edilib.

Ceyhun Canıyevdən 200.865 manatın alınaraq zərərçəkmiş şəxs Yusif Həmidova, 5.154.577 manatın alınaraq zərərçəkmiş şəxs Novruz Rəsulova, 3.105.391,82 manatın alınaraq zərərçəkmiş şəxs Zabir Əliyevə və 1.327.539 manatın alınaraq zərərçəkmiş şəxs Qabil Əliyevə ödənilməsi müəyyən edilib.

Həmçinin, zərərçəkmiş şəxslər – Zabir Əliyevə, Yusif Həmidova və Novruz Rəsulova mülki iddialarının təmin edilməyən hissəsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilib.

Hökmdən narazı qalan Ceyhun Canıyevin vəkilləri apelyasiya şikayəti verib. Vəkillər şikayətində müdafiə etdikləri şəxsin günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ceyhun Canıyevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti təmin olunmayıb.

Bundan sonra Ceyhun Canıyevin vəkilləri kasasiya şikayəti verib. Onlar Ali Məhkəməyə göndərilən şikayətdə Ceyhun Canıyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Həmçinin zərərçəkmişlər Zabir Əliyev və Yusif Həmidov da kasasiya şikayəti veriblər. Onlar mülki iddialarının tam təmin olunmasını xahiş ediblər.

Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar verilib.

Qərara görə, tərəflərin kasasiya şikayətləri təmin olunmayıb.

Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir