Müsahibə

“Azərbaycan Cümhuriyyəti üçün hədsiz demokratik idarəçilik məqbul deyildi” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105-ci ildönümü ilə əlaqədar Oxu.Az-a müsahibə verib. Tarixçi-alimlə söhbəti təqdim edirik:

– Firdovsiyyə xanım, Azərbaycan Xalq Cümhuriyyətin mövcudluğu dövrü ilə əlaqədar tədqiq edilməmiş, yaxud daha çox araşdırılmasına ehtiyac olan məqamlar hansılardır?

– İstənilən mövzu, əgər yeni sənədlər ortaya çıxırsa, yeni məlumatlar, bilgilər əldə olunursa, təbii ki, həmin hadisədən 100 ildən və yaxud da bir neçə 100 ildən artıq vaxt keçməsindən asılı olmayaraq, özü ilə yeni informasiya daşıyır. Uzun illər elmdə oturuşmuş müddəaları alt-üst edən, yaxud o müddəaları gücləndirən, irəli sürülmüş versiyaları təsdiqləyən sənədlər ortaya çıxa bilər. Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı professional şəkildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonra iş aparılıb. 30 ildən artıq bir müddətdə kifayət qədər işlər görülüb, monoqrafiyalar yazılıb, dissertasiyalar müdafiə olunub, arxiv sənədləri çap edilib. Amma təbii ki, bu, həmin zəngin tarixi tam əhatə etmək baxımından sona yetmiş sayılmır. Kifayət qədər sənədlər, istər xarici ölkələrdə, istərsə də Azərbaycan arxivlərində həmin dövrün tarixinə işıq salmaq baxımından işlənməmiş qatlar çoxdur. Xüsusilə, Azərbaycan Cümhuriyyətinin siyasi tarixi, ordu quruculuğu, hərbi addımları haqqında araşdırmalar işlənib. Amma həmin dövrdə cəmiyyətin alt qatları, hakimiyyətin yerlərdəki fəaliyyətinin qəbul edilmə dərəcəsi, əhalinin milli dövlət quruculuğunda iştirakı tədqiq edilməlidir. Sosial məsələlər, yerlərdə Azərbaycan hakimiyyətinə olan münasibət, sosial zümrələrin vəziyyəti, hakimiyyətə etimad, xalqın güzəranı və s. mıəqamlar tədqiqat işlərində epizodik şəkildə yer alıb.

Biz üst qat şəxsiyyətlər, milli, siyasi elita, liderlər haqqında ayrı-ayrı monoqrafiyalara rast gəlirik. Halbuki Cümhuriyyət quruculuğunda əməyi keçən elə şəxsiyyətlər var, onlar haqqında nəinki ətraflı, hətta cüzi bilgiyə belə sahib deyilik. Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət yaşamasına baxmayaraq, hadisələrin dinamik inkişaf etdiyi mürəkkəb, zəngin tarixdir. Müxtəlif rakurslardan qiymətləndirmək olar.

– AXC əhalisi 2.8 milyondan çox göstərilir. Bu elə bir dövr idi ki, ruspərəstlər, qərbpərəstlər, milli dövlətin qurulmasını dəstəkləyənlər və s. təbəqələr mövcud idi. Hansı fikirdə insanlar daha üstünlük təşkil edirdi?

– Azərbaycan Cümhuriyyəti özündən əvvəl hansısa başqa ictimai, siyasi quruluşda mövcud olmuş Azərbaycan dövlətinin üzərində qurulmadı. 1918-ci ildə artıq bir əsr idi ki, dövlətçilik mövcud olmamışdı. Bu qədər uzun zamandan sonra Azərbaycan öz dövlətçilik ənənələrini bərpa edirdi və nəzərə alsaq ki, respublika quruluşlu bir dövlət yaranırdı. Qonşu ölkələrdə, digər dövlətlərdə daha çox monarxiya rejimli idarəçilik hökm sürürdü. Türk-müsəlman aləmində dövlətçiliyi bir əsrdən sonra bərpa edib, sıfırdan qurmaq çox məsuliyyətli bir vəzifə idi. Amma respublika quruluşuna olan istək Azərbaycanın milli hərəkat nümayəndələrinin, müxtəlif siyasi qüvvələrinin niyyətində artıq bir neçə on il idi ki, vardı. Xüsusən, 1905-ci ildən sonra Azərbaycanın tərəqqipərvər qüvvələrinin respublika quruluşunun üstünlüyü haqqında proqram sənədlərinə rast gəlirik. Halbuki yalnız 1917-ci ildə leqal şəkildə səsləndirildi, çünki Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar geniş fəaliyyət imkanı əldə etdilər.

Bakı Cənubi Qafqazın ictimai, siyasi, iqtisadi, sənaye baxımından mərkəzi olmaqla yanaşı, həm də Qafqaz müsəlmanlarının milli fikir mərkəzinə çevrilmişdi. Amma Bakıda Rusiyanın vahid, bölünməz olmasını istəyən qüvvələr, eserlər, menşeviklər, “Böyük Ermənistan” xülyası ilə yaşayan, onu gerçəkləşdirmək istəyən Daşnaksütyun partiyası, Erməni Milli Şuraları, milli məfkurə daşıyıcıları – hər kəs var idi. 1917-ci ilin oktyabrında bolşeviklər Rusiyanın mərkəzində hakimiyyəti ələ aldıqdan sonra Sovet Rusiyasının da Cənubi Qafqaz torpaqları ilə bağlı gerçəkləşdirmək istədiyi planlar ortaya çıxdı. Yenə də mərkəzi keçmiş Rusiya imperiyasının ərazilərini əhatə edən, Sovet quruluşlu bir proqramdan söhbət gedirdi.

1917-ci ilin fevralından Azərbaycanda milli hərəkat daha vüsət almağa başlayır. Ölkənin siyasi qüvvələrinin içərisində də müxtəlif yönlü siyasi cərəyanlar – hümmət, sosialist, müsavatçı, Əhrar partiyası tərəfdarları, ittihadçılar və s. yer alırdı. Çox rəngarəng bir cəmiyyət mövcud idi.

Həmin il Azərbaycan Milli Hərəkatının qarşısında dərhal müstəqil Respublika elan etmək hədəfi dayanmamışdı. Çünki gerçək real vəziyyətdən, situasiyadan çıxış edərək Azərbaycan milli hərəkatının nümayəndələri öz məramlarını da gerçəkləşdirməyə çalışırdılar. Məram bu idi ki, Rusiya Demokratik Federativ Respublika olsun, Azərbaycan isə onun tərkibində ərazi muxtariyyəti əldə etsin. Bunun üçün Azərbaycan muxtariyyəti hərəkatı başlanmışdı. Amma bu hərəkatın sosial bazasının genişlənməsi, xüsusilə, 1917-ci ilin payızında Bakı Şəhər Dumasına, Ümumrusiya Müəssislər Məclisinə, Bakı Sovetinə keçirilən seçkilərdə milli partiyaların səs çoxluğu qazanması, vahid, bölünməz Rusiya tərəfdarı olan, hətta Azərbaycan muxtariyyətinə qarşı olan qüvvələri belə narahat eləməyə başladı. Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra elan etdiyi millətlərin öz müqəddəratını təyin etmək proqramı cəzbedici olsa da, müxtəlif problemlərə gətirib çıxardı. Məsələn, Türkiyə Ermənistanı haqqında dekret verirdilər, Şaumyana Qafqazda Sovet hakimiyyəti qurmaq üçün Qafqaz işləri üzrə müvəqqəti, fövqəladə komissar statusu, maliyyə yardımı ayırırdılar. Amma Azərbaycanla əlaqədar heç bir sənəd yox idi. Əksinə, artıq bizim milli qüvvələri bolşeviklər özlərinə ciddi bir təhlükə kimi görürdülər. Sivil yolla, səsvermə ilə hakimiyyəti ələ almağın mümkün olmadığı qətiləşəndə 1918-ci ildə milli qüvvələrin sosial bazasını məhv etmək üçün məqsədli şəkildə silahlı qarşıdurmaya gedildi. Nəticə etibarı ilə 10 minlərlə dinc müsəlman əhali qətlə yetirildi. Bu qətliamın, soyqırımının baş verməsində həmin dövrdə Bakı bolşevikləri ilə “Daşnaksütyun”un işbirliyini görürük. Çünki birmənalı şəkildə daşnaklar etiraf edirdilər ki, 1917-ci ildə Cənubi Qafqazın ən zəif partiyası olan “Müsavat” artıq 1918-ci  ildə güclü bir partiyaya çevrilmişdi. Bolşeviklərin qarşısını isə yalnız “Daşnaksütyun”la “Müsavat”ın əməkdaşlığı ala bilərdi. Bu isə ağlasığmaz idi, mümkün deyildi. Ona görə ermənilər, öz etiraf etdiklərinə görə, müsəlman diktaturasındansa, bolşevik diktaturasına üstünlük verdilər. Qətliamların müsəlmanlara qarşı xüsusi amansızlıqla baş verməsinin əsas səbəbi də bolşeviklərin əsas güc nüvəsinin ermənilərdən ibarət olması idi.

Azərbaycan muxtariyyəti istəyinin sonucu bu cür qətliamlarla nəticələndi. Amma 1918-ci ilin yazında yeni bir situasiya yarandı. Artıq biz Osmanlı dövlətini Cənubi Qafqazda hərbi, siyasi baxımdan üstün qüvvə kimi görürük. Çünki bu bölgədə böyük dövlətlərin maraqları toqquşurdu, bu, yalnız daxili siyasi qüvvələrin apardığı bir mübarizə deyildi. Rusiyanın Birinci Dünya müharibəsində müttəfiqi olmuş Fransa və İngiltərə bolşeviklər Rusiyada hakimiyyəti ələ aldıqdan sonra məxfi saziş imzalayıb, Rusiya imperiyasının ərazisini nüfuz dairəsinə böldülər. Qafqaz isə Britaniyanın nüfuz dairəsinə daxil edildiyindən dərhal qərar qəbul edildi ki, general Denstervilin başçılığı ilə bölgəyə hərbi ekspedisiya göndərilsin. Ekspedisiya dərhal yola düşsə də, Ənzəlidə sovetlərin maneəsi ilə qarşılaşdıqlarına görə, həmin vaxtı Bakıya daxil ola bilmədilər. Yalnız avqust ayında bura gəlməyə nail ola bildilər. Yəni biz həmin dövrdə bölgədə Böyük Britaniyanı, Rusiyanı, Almaniyanı, Osmanlını bu və ya digər şəkildə iştirakını görürük.

Almaniya bölgədə varlığını qəbul etdirmək üçün gürcüləri himayə etməklə Gürcüstanın müstəqilliyinin elan olunmasına dəstək verdi. Zaqafqaziya Seyminin digər aparıcı milli təmsilçiləri də öz müqəddəratlarını müəyyən etmək üçün qərar qəbul etdilər. Beləliklə, Azərbaycan Milli Şurası mayın 28-də İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan Cümhuriyyətinin qurulması mövcud real situasiyadan çıxış edərək gerçəkləşdi. Amma Cümhuriyyətin elan edilməsi hələ onun bərqərar olması demək deyildi. Nəzərə almalıyıq ki, Cümhuriyyət Tiflisdə elan olmuşdu, qurucuların əlində maliyyəsi, ordusu yox idi, ölkədə anarxiya hökm sürürdü, Bakı quberniyası bolşeviklərin əlində idi, İrəvan quberniyasında 1917-ci  ilin dekabrından başlayaraq müsəlmanlara qarşı kütləvi qırğınlar törədilirdi. Belə bir vəziyyətdə Azərbaycanın Zaqafqaziya Seymində olan nümayəndələri – müsəlman fraksiyası öz üzərinə böyük bir tale yüklü məsuliyyət götürdülər. Azərbaycanın istiqlaliyyətini elan etdikdən sonra müvəqqəti paytaxt olaraq Gəncəni seçildi və Bakı uğrunda bir savaş başladı. Qarşıda iki böyük vəzifə var idi: birincisi, Bakını azad etmək, ikincisi isə Cümhuriyyətin beynəlxalq səviyyədə tanınmasına nail olmaq idi. Bütün bu gərgin prosesdə həm də milli dövlət quruculuğu işləri ilə məşğul olmaq lazım idi.

Qısa bir müddətdə Tiflisdə olduqdan sonra artıq iyunun 16-da həm Milli Şura, həm də Azərbaycanın birinci hökuməti Gəncəyə köçür, sonra isə milli dövlət quruculuğu işləri paralel olaraq Bakı uğrunda savaşla birlikdə aparılır.

– Hər bir tarixi oyanışın, dirçəlişin təməlində təəssüf ki, əvvəldən xalqın başına gətirilən faciələr də rol oynayır. Bəs AXC-nin taleyində 1918-ci il qırğınları, buna qədər törədilən faciələr hansı rolu oynamışdı?

– Azərbaycanlıların soyqırımı həm cəmiyyətə, həm də Azərbaycan Milli Hərəkatına ciddi təsir göstərdi. Artıq birmənalı olaraq anlaşıldı ki, Sovet hakimiyyəti, Bakı bolşevikləri Azərbaycanın məhəlli muxtariyyət almasına qarşıdırlar, yol vermirlər. Məhəmməd Əmin Rəsulzadə yazmışdı ki, Bakı qan, fitnə ocağı yox, nəticədə Azərbaycanın paytaxtı oldu. Yəni, o vaxta qədər muxtariyyət uğrunda hərəkat var idisə, 1918-ci il qırğınları bir dönüş nöqtəsi oldu. Osmanlı dövlətinin bölgədə mövcudluğu isə əvvəl Zaqafqaziyanın, sonra isə ayrı-ayrılıqda respublikaların elan olunmasına gətirib çıxardı.

Qırğınlar 1917-ci ilin sonlarından başlamışdı. Osmanlı hakimiyyətinin aparıcı qüvvələrinin, xüsusilə Ənvər Paşanın yanına rəsmi hakimiyyətin üzvləri, ictimai statuslu heyətlər gedirdilər ki, kömək istəsinlər, azərbaycanlıları məhv olmaqdan qurtarsınlar.

Hətta müsəlman kommunistləri də etiraf edirdilər ki, 1918-ci ilin yazında bolşeviklərin daşnaklarla birlikdə törətdikləri qırğınlar sovet hakimiyyəti üçün bir ləkədir. Yəni Sovet hakimiyyətinin 1918-ci ildə ilk təcrübəsi qanla yadda qaldı. Ona görə 1920-ci ildə yenidən Sovet ordusu müdaxilə edərkən müsəlmanlar qeyd edirdilər ki, nə olur olsun, 1918-ci il qırğınları təkrarlanmasın. Bu faciə Sovet hakimiyyəti ideyasına böyük bir kölgə salmışdı. Bu cəmiyyət bolşeviklərin məramnaməsinin ancaq deklorativ olduğunu gördü. Amma bu, milli hərəkata vüsət vermiş oldu ki, yəni bu siyasi qüvvələrlə nəinki əməkdaşlıq etmək mümkün deyildir, əksinə, onlar düşmən düşərgədə dayanıblar. Cümhuriyyət elan edildikdən dərhal sonra Bakı bolşeviklərinin lideri Şaumyan artıq Gəncəyə doğru yürüşə başlamışdı. Çünki Azərbaycan Cümhuriyyəti Osmanlı dövlətindən yardım istəmişdi, Qafqaz İslam Ordusu formalaşırdı. Şaumyan isə onların irəliləyişini qabaqlamaq məqsədilə tədbir görmüşdü. Nəticədə, Kürdəmirdə, Şamaxıda, Qaraməryəmdə, Göyçayda – düz Bakıya qədər böyük bir qanlı savaş aparıldı. Azərbaycan könüllülərindən ibarət hərbçilərin iştirakı ilə Qafqaz İslam Ordusu Bakı uğrunda böyük bir savaş verdi. Azərbaycan ordusu yox idi. Çar Rusiyası müsəlmanları etibarsız ünsür elan etmişdi, hərbi mükəlləfiyyətə onları cəlb etməmişdi. Analoqu olmayan hadisədir ki, ordu formalaşırdı, eyni zamanda bu hərbçi öyrənə-öyrənə tale yüklü bir savaşın içərisində mübarizə aparırdı. Əliağa Şıxlinskinin başçılığı altında Azərbaycan əlahiddə korpusu yaradılmışdı, amma Qafqaz İslam Ordusunun başında Nuru Paşa dayanırdı.

Azsaylı zabitlə burada yerli qüvvələr hesabına qısa bir müddətdə nizami-peşəkar ordu yaradılması mümkün deyildi. Ona görə, Nuru paşa müraciət etdi, əlavə yeni diviziyalar istədi. Beşinci və on beşinci diviziyaların hesabına Bakı uğrunda savaş qalibiyyətlə bitdi.

Bakı Xalq Komissarları Soveti məğlubiyyətini artıq qəbul edib, iyulun 31-də istefaya getmişdi. Orada isə avqustun 1-dən etibarən “Sentrokaspi diktaturası” adlanan qurum – Xəzər dənizi zabitləri hakimiyyəti ələ keçirmişdi. Daşnaklar burada da işbirliyində idilər və onların dəvəti ilə avqustun 4-də ingilislər Bakıya daxil oldular. Avqustun on yeddisində isə general Denstervil özü gəlir. Bu zaman Böyük Britaniyanı Bakı uğrunda savaşda qarşı tərəfdə görürük. Ona görə, Bakı məsələsi artıq beynəlxalq problemə çevrilmişdi. Amma böyük mübarizənin nəticəsində Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrildi. Bakının azad olunması Cümhuriyyətin elan olunması qədər vacib idi və onun varlığını təmin edən məqam idi.

Növbəti mərhələdə isə Azərbaycan dövlətçiliyi üçün növbəti sınaq dövrü başlayır. Çünki Birinci Dünya müharibəsi sona yetmək üzrə idi, müttəfiqlər bir-bir məğlub olub, müharibədən çıxırdılar. Növbə Osmanlı dövlətinə çatdı ki, oktyabrın 30-da Mudros müqaviləsi ilə Osmanlı dövləti də müharibədən belə desək də məğlub olduğunu artıq “Mudros” müqaviləsi ilə bu dövlət geri çəkilməli, qoşunlarını Cənubi Qafqazdan çıxarmalı idi.

Qafqaz İslam Ordusunun Bakı hərəkatı ilə yanaşı, çox önəmli Dağıstan, Qarabağ hərəkatları da olub. O zaman Andranikin qüvvələri Qarabağda, Zəngəzurda tüğyan edirdi. Bakı məsələsi həll olunandan sonra Qafqaz İslam Ordusu, şəxsən Nuru Paşa Ağdama gələrək, Qarabağ hərəkatını başlatdı. O, dönə-dönə erməniləri tərksilaha dəvət etdi, Azərbaycan hakimiyyətini tanımağa çağırdı. Buna rəğmən, onların barışmaz mövqeyi ordunu silaha əl atmağa məcbur etdi. Azərbaycan hakimiyyətinin Qarabağda bərqərar olması Qafqaz İslam Ordusunun növbəti nəticəsi idi.

Dağıstanda isə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı öz müstəqilliyini elan etmişdi. Qafqaz İslam Ordusunun Dağıstan xalqlarına köməyə gedib, onların yerli hakimiyyətini bərqərar etməsi əslində Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsi demək idi.

Osmanlı qüvvələri bölgəni tərk edəndən sonra dünənə qədər Bakı uğrunda savaşda düşmən düşərgədə dayanmış qüvvələr indi qalib statusunda Cənubi Qafqazda Bakıya daxil olurdular. Nəticədə Azərbaycan dövlətçiliyi yenə də böhran qarşısında qalır. Gələn qüvvələrə general Tomson başçılıq edirdi. O, Azərbaycan hakimiyyətini tanımaq istəmirdi, yaradılmış hökuməti türk intriqasının təsisatı hesab edirdi, Azərbaycan bayraqlarının da endirilməsini əmr etmişdi. Azərbaycan hökuməti ilk növbədə onlarla birlikdə erməni hərbi hissələrinin Bakıya daxil olmasının qarşısını aldılar. Daha sonra gənc hökumət qısa müddətdə bir neçə mühüm qərarlar qəbul etdi. Birincisi, hələ Tomson Bakıya daxil olmamış, Ənzəlidə olarkən, onunla danışığa nümayəndə heyəti göndərdilər. Nümayəndə heyəti Azərbaycan hakimiyyətinin siyasi iradəsini ifadə etdi. Bu, bir jest, siyasi iradə idi. Sonra ABŞ prezidenti Vudro Vilsona teleqram göndərildi. Onun irəli sürdüyü “14 prinsip”dən çıxış edərək, Azərbaycan xalqının müstəqil, suveren yaşamağa qadir xalq olduğu ifadə edildi. Həmçinin, Azərbaycan bayrağı haqqında qərar qəbul edildi. Noyabrın 9-da verilən həmin qərar artıq tam olaraq Azərbaycanın hər hansı bir dövlətin himayəsi altında yaşamaq fikrində olmadığını ifadə edirdi. Üçrəngli bayrağımız qəbul edildi, Azərbaycan hökuməti beynəlxalq aləmə mesaj verdi ki, Azərbaycan xalqı tam istiqlalçı, suveren yaşamaq niyyətindədir.

Azərbaycan Milli Şurası öz fəaliyyətini bərpa etdi və Azərbaycan parlamentinin açılması haqqında qanun qəbul olundu. Parlament sədri Fətəli xan Xoyski idi. General Tomson hökumət sədrinə mesajları ötürürdü. Burada hökumət başçısı kimi Fətəli xan Xoyskinin dövlətçilik təcrübəsini, məharətini, dövlət idarə etmək qabiliyyətini görürük. Tomson dekabrın 28-də bəyanatla çıxış edir, Fətəli xan Xoyskinin başçılıq etdiyi hökuməti yeganə yerli qanuni hakimiyyət kimi tanıyır. Xoyski ona qəbul etdirir ki, heç bir Avropa dövlətində əvvəl hökumət təşkil olunub, sonra parlament açılmaz. Demokratik bir idarə tərzinə görə, əvvəl parlament açılar, hökumət parlamentdə formalaşar. Bu, Fətəli xan Xoyskinin hüquqşünas kimi, Rusiya Dövlət Dumasında deputat kimi keçdiyi təcrübədən, peşəkar vəkil fəaliyyətindən irəli gələn məqam idi. O, cəld, operativ Avropa hərbi-siyasi xadimləri ilə bacarıqlı danışıqlar apara bilmişdi. Nəticədə Azərbaycan parlamenti açıldı və bu, türk-islam aləmində Avropa tipli ilk parlament idi.

– Həmin dövrdə, demək olar, bütün qonşu dövlətlərin Azərbaycana iddiası var idi. AXC qonşularla siyasəti necə qura bildi? Qonşu dövlətlərlə münasibətlərdə qaranlıq məqamlar varmı?

– Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyü məsələsi mərhələlərlə həllini tapıb. Çünki istiqlal Bəyannaməsində yazılır ki, Azərbaycan Cümhuriyyəti Zaqafqaziyanın cənub-şərqini əhatə edən bir ərazidən ibarətdir. Bəzən irad bildirirlər ki, bu, qeyri-müəyyəndir, amma əslində burada qeyri-müəyyənlikdən söhbət getmir. Faktiki olaraq, 150 min kvadrat-kilometr ərazi azərbaycanlıların yaşadığı bölgə idi. Sadəcə Rusiya bu torpaqları işğal edəndə elə bir inzibati ərazi sistemi yaratmışdı ki, əzəli Azərbaycan torpaqları qeyri-müsəlman, qeyri-azərbaycanlıların rəhbərlik etdiyi quberniyaların tərkibinə daxil idi. Tiflis, Bakı, İrəvan, Yelizavetpol (Gəncə) quberniyalarında ərazi və əhali baxımından üstünlük azərbaycanlılar idi.

Ərazi iddiası edən qonşulardan biri Ermənistan dövlətidirsə, əzəli Azərbaycan torpaqlarında yaradılıb. Bu dövlət isə daha geniş əraziləri “Böyük Ermənistan” xülyası ilə yaşayan qüvvədir. Ümumilikdə, 11 ərazi Cənubi Qafqaz respublikaları arasında mübahisəli ərazilər kimi sənədlərdə yer alıb. Bunlar hamısı da əzəli Azərbaycan torpaqları idi. Gürcüstan hakimiyyətinin də Azərbaycana iddiaları var idi. Bütün ərazi məsələlərinin müqəddəratı beynəlxalq konfransda həll olunmalı idi. Xarici ölkələrdəki erməni nümayəndələri təbliğatlarını çox geniş aparırdılar. Ermənilər məğlub olandan sonra etiraflar etmişdilər. “Daşnaksütyun”un aparıcı liderlərindən olan Kaçaznunin öz dili ilə bildirmişdi ki, erməniləri bu cür geniş ərazi iddiaları ilə çıxış etməyə “Erməni Parisi” məcbur edib. O deyirdi ki, bu əsl imperialist iddialar idi. Yəni, Paris ermənilərinin siyasi hakimiyyətə təzyiqləri indiki qədər o dövrdə də ciddi idi.   

Qonşu İran dövlətində isə tamamilə vəziyyət başqa idi. Onlar nəinki Cümhuriyyət elan olunanda, hələ 1917-ci ildə Azərbaycan Muxtariyyəti hərəkatı olanda belə məhz bu adda bir muxtariyyətə qarşı açıq-aşkar etiraz edirdilər. “Açıq söz” qəzetində Rəsulzadənin İrana çoxsaylı cavabları dərc edilib. 1917-ci ilin dekabr ayında “Açıq söz” qəzetində Rəsulzadə ifadə etmişdi ki, Azərbaycan muxtariyyət deyəndə İrəvan quberniyası, Bakı quberniyası, Yelizavetpol quberniyası və Zaqafqaziyanın digər qəza və sahələri nəzərdə tutulur. Açıq-aşkar ifadə olunurdu ki, biz İran ərazisində olan torpaqlara iddia etmirik. Bütün bunlara rəğmən İran kəskin reaksiya verirdi. Hətta Cümhuriyyət elan olunandan sonra İran belə bir adda dövlət tanımadığını bəyan etdi.

1919-cu ilin yayında İsmayıl xan Ziyadxanovun başçılığı altında İrana nümayəndə heyəti göndərildi. O Qacarlar nəslindən idi və uğurlu seçim olmuşdu. Ziyadxanov isti qarşılandı. 1919-cu ilin payızında isə Seyid Təbatəbaninin başçılığı ilə nümayəndə heyəti Azərbaycana gəlir. Uzun müddət burada danışıqlar aparılır və nəticədə 1920-ci il martın 20-də İran AXC-ni tanıyır. Biz uzun müddət ədəbiyyatda, tarixdə de-yure tanıma ifadəsini görmüşük. Amma sonradan sənədlər toplusu çıxdı və orada nümayəndə heyətinin dilindən birmənalı olaraq yazılır ki, biz de-yure kəlməsinin işlənməsinə yol vermədik. Sonradan sazişlər imzalanır, müxtəlif sahələrdə əməkdaşlıq edilir, səfirliklər, konsulluqlar açılır. Azərbaycanın İrana ilk səfiri də məhz İsmayıl xan Ziyadxanovun qardaşı Adil xan Ziyadxanov olur.

Gürcüstanın isə Azərbaycana ərazi iddiaları olsa da, bu ölkə ilə AXC arasında müqəddərat baxımından, tale yüklü qərarlar qəbul olunmuşdu. Məsələn, şimaldan “Vahid, bölünməz Rusiya” tərəfdarı olan Denikinin irəliləməsi təhlükəsi yarananda 1919-cu  il iyunun 16-da Gürcüstanla Azərbaycan arasında  hərbi pakt imzalandı. Bu, təhlükəsizliyi təmin etmək və Denikinlə mübarizə aparmaq üçün atılan addım idi. Təsadüfi deyil ki, elə 1920-ci il yanvarın 10-da həm Azərbaycanın, həm də Gürcüstanın müstəqilliyi Antanta Ali Şurası tərəfindən de-fakto tanınmışdı.

– Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi. Sizcə, həmin dövr üçün bu idarəetmə forması uğurlu seçim idi?

– Prinsiplər mütərəqqi idi. Respublika quruluşlu hakimiyyət seçki prinsipinə və hakimiyyət bölgüsünə əsaslanırdı. Bütün demokratik prinsiplər AXC idarəçiliyində öz əksini tapmışdı. Amma təhlükəsizlik baxımından bəzi məqamlarda hədsiz demokratik idarəçilik məqbul olmadı. Bu, cümhuriyyət liderləri tərəfindən də sonradan təhlil olunmuşdu. Məsələn, Əks-kəşfiyyat İdarəsi yaradılmışdı. Denikin təhlükəsi sovuşandan sonra qurum ləğv edilir. Halbuki bu təhlükənin yerini bolşeviklər almışdı. Bakı nefti onlar üçün iqtisadiyyatın bir nömrəli məsələsi idi. Əks-kəşfiyyat İdarəsinin tərkibinin müəyyən edilməsinə diqqət göstərilməmişdi. Elə qurumlar var ki, orada siyasi qüvvələrin təmsilçiliyi deyil, dövlətçiliyin sərt tələbi dayanmalıdır. Səməd bəy Mehmandarov ordunun Gəncədən Bakıya gəlməsindən çox narahat idi. Çünki Bakıda güclü bolşevik təbliğatı gedirdi və general ehtiyat edirdi ki, bu ordu içərisinə siraət edər, anarxiyaya, ixtilaflara səbəb ola bilər. Ermənilər bolşeviklərin dəstəyi ilə Qarabağda qiyam qaldıranda Azərbaycan təkbaşına bu qiyamı yatırmalı oldu. Bu, bütün hərbi qüvvələrin, hətta parlamentin mühafizə dəstəsinin belə səfərbər edilməsi ilə baş tutmuşdu. Şimal sərhədlərində çox az qüvvə qaldığına görə, bu, hökumət böhranına səbəb oldu. Bu hadisədən sonra daha sərt dövlət siyasəti müəyyən edilsə də, artıq gec idi. Təsiredici çox amillər olsa da, Azərbaycan Cümhuriyyətinin süqutu Sovet Rusiyasının 11-ci ordusunun hərbi müdaxiləsi nəticəsində baş verən hadisədir.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir