Müsahibə

Azərbaycan atletləri İrəvanda necə qarşılanıb, necə qorunublar və nələr baş verib? – Baş katiblə MÜSAHİBƏ

Sharing is caring!


Avropa çempionatında iştirak etmək üçün İrəvana yollanan ağır atletika yığmamız orada xoşagəlməz hadisələrlə üz-üzə qaldı. Təmsilçilərimiz böyük məqsədlər üçün düşmən ölkəyə yollansalar da, yarışa başlamamış geri qayıtmalı oldular. Buna səbəb isə açılış mərasimində Azərbaycan bayrağının yandırılması oldu. Həmçinin düşmən ölkədə bir sıra təxribatlarla üz-üzə qalan komandamız nəticədə Azərbaycana qayıtmaq qərarına gəldi. Təbii ki, bu, ermənilərə çox ağır zərbə idi, atılan addımla onların dünyadakı nüfuzu bir qədər də azaldı.

Baş verənlərlə bağlı Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov “Qaynarinfo”ya müsahibəsində yaranan qaranlıq sualları cavablandırıb.

– İrəvana getməyə məcbur idiniz, yoxsa bundan imtina etmək hüququnuz vardı? Təklif gələndə tərəddüd etdinizmi?

– Beynəlxalq Ağır Atletika Federasiyasının, Avropa Ağır Atletika Federasiyasının konstitusiyalarında da təsdiq olunub ki, bütün rəsmi yarışlarda komandaların iştirak etməsi məqsədəuyğundur. Əks halda federasiya saxlamağın nə mənası var? Uşaqların məqsədi beynəlxalq yarışlarda iştirak etməkdir. Həm də bu yarış 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyırdı. Keçən il idmançılarımız Kolumbiyaya gedə bilmədilər. Çünki uzun müddət idi, federasiya fəaliyyət göstərmirdi və uşaqlar hazır deyildilər. Amma bu yarışa tam hazır idik. İdmançılarımız öz şəxsi xallarını artırmaq və mübarizə aparmaq məqsədilə bu yarışa getməli idilər.

– Orada necə qarşılandınız?

– Normal qarşılandıq və hoteldə yerləşdik. Mühafizə xidməti vardı. Orada ancaq müəyyən yerlərə gedə bilərdik. Daha doğrusu, ictimai gəzinti yox idi. Hoteldə otururduq, qidalanırdıq, qorunurduq. Məşqlərə qatılmışdıq. Hamısı nəzarət və mühafizə altında idi.

– Digər ölkələrdən gələn idmançılarla azərbaycanlılara yaradılmış şərait fərqli idi?

– Bəli, fərq var idi. İki əsas dövlət, Türkiyə 80 faiz qorunurdusa, biz 100 faiz mühafizə olunurduq. Daşımız ermənilərin başına çox düşüb də.

– Atletlərimizin oraya getməzdən əvvəl psixoloji durumu necə idi?

– Normal idi. Çempionata yaxşı hazırlaşmışdılar. Nəticələr də göstərirdi ki, uşaqlar orada mübarizə apara biləcəkdilər. İstər 45, istər 67 kq çəki dərəcəsi olsun, idmançılarımız medallara namizəd idilər. Medal qazansaq, yəqin ki, ajiotaj olacaqdı. Azərbaycan bayrağının dalğalanması hansı fəsadları verəcəkdi, bilinmir.

– Təhlükəsizliklə bağlı təminat vermələrinə baxmayaraq, istənilən halda hansısa təxribatlar gözləyirdiniz?

– Təhlükəsizliklə bağlı bütün komandalara təminat verilmişdi. Ancaq hər an təhlükə gözləyirdik. 40 komanda iştirak edirdi. Hamıya necə məktub ünvanlamışdılarsa, bizə də o şəkildə təminat vermişdilər. Məktub Nazirlər Kabinetinin aparat rəhbəri Arayik Arutyunyan tərəfindən göndərilmişdi. Lakin bununla razılaşmamışdıq. Detallara varmışdıq, yarışa getməyimiz, hoteldə yerləşməyimiz, qidalanmağımız və bütün hərəkətlərimizin nəzarət altında olunması tələb edilmişdi. Nəticədə ikinci təminat məktubu da göndərilmişdi. Ruh düşkünlüyü qətiyyən yox idi. Komandanın rəhbəri mən idim. Ruhdan düşsəydim, bu, kollektivə təsir edərdi. Necə lazımdırsa, getdik. Məqsədimiz orada iştirak etmək idi.

– Bayrağı götürüb qaçan erməni ilə maraqlandınızmı, sonu necə oldu? Ümumiyyətlə, həmin anlarla bağlı təəssüratınız necədir?

– Sonu necə olacaq? Tuturlar, daha sonra buraxırlar. “Qəhrəman”, bilmirəm, nə olurlar. Açılış mərasimində bizim də iştirak edib-etməyəcəyimizi soruşdular. 10 minə yaxın tamaşaçı tutumu olan Karen Dəmirçiyan adına idman kompleksində keçirilən yarış idi. Böyük kütlə olacağını düşündüyümüz üçün komandamızın açılış mərasimində iştirak etməsini məqbul saymadım. Yalnız otaqda, televizor vasitəsilə mərasimi izlədik. Hadisə baş verən məqamda isə internet kəsildi. Siqnal verilmədi deyə televizorda da görə bilmədik. Yalnız proqram bitəndən 5-10 dəqiqə sonra əməkdaşlarımız həmin məqamlarda baş verən hadisənin videotəkrarını bizə göndərdilər. Sonrakı məsələlər aydındır. Fikrimcə, komandamızın açılış mərasimində iştirak etməməsi düzgün qərar idi. Çünki bayrağın yandırılmasına reaksiya verə bilərdik. Həmçinin təhlükəsizlik təminatında acizlik ola bilərdi. Mühafizə səni müəyyən səviyyəyə qədər qoruya bilər.

– Bayrağımızı bir xanım tutmuşdu. Ən azı, belə təhlükəni nəzərə alaraq onun əvvəlcədən kişi ilə əvəzlənməsi mümkün idi?

– Xeyr, söhbət bundan getmir. Səhnənin radiusu, texniki zona deyilən yer var. Hansı ki, oraya kənardan girməyə heç kimin ixtiyarı yoxdur. Ələlxüsus da prezident aparatının nümayəndələrinin, qonaqların, beynəlxalq, Avropa, olimpiya komitələrinin təmsilçilərinin iştirak etdikləri bir yarışda. Təhlükəsizlik baxımından, ümumiyyətlə o zonaya girmək qadağan idi. O insan stilistdir, yarışın təşkilat komitəsində işləyən bir şəxsdir. Səhv etmirəmsə, modellərin geyimlərini düzəldən xanımdır. Sinəsində akkreditasiyası olduğunu bildirən nişan var. Ancaq görünür, buna rəvac verilib. Yaxalığında Azərbaycan bayrağı olan, ümumiyyətlə, yarışın marağı baxımından xanımlar daha yaxşı görünürdülər. Amma onun yandırılması… Deyə bilmərəm ki, bu, birbaşa dövlət tərəfindən təşkil olunub. Sadəcə, kim bayrağı yandırmaq fikrində olubsa, öncədən tədbir görüb.

– Sonradan sosial şəbəkələrdə yayılan daha bir şəkildə Türkiyə və Azərbaycan bayraqlarının doğranmış vəziyyətdə olduğu görünürdü…

– Bunun hansısa əsasını görmədim. Çünki olsaydı, Türkiyə də bəyanatlar verərdi. Saxta şəklə oxşayırdı. 

– Olay zamanı Türkiyədən başqa, daha kim bizə dəstəyini göstərdi? Hansısa ölkələrdən nümayəndələr dəstək nümayiş etdirdilər?

– Hoteldə türklərlə biz eyni mərtəbədə idik və mühafizə olunurduq. Digər ölkələrdən ingilisləri, xorvatları, səhv etmirəmsə, isveçliləri və bir neçə digər ölkənin idmançılarını gördüm. Amma onlar hadisənin sonrakı hissəsini bilmədilər. Dəstək olanlardan Türkiyə yanımızda idi. Bundan başqa, Beynəlxalq Ağır Atletika Federasiyasının, Avropa Ağır Atletika Federasiyasının prezidentləri və baş katibləri həmin anlarda dəstək göstərirdilər. Dəfələrlə təklif etdilər ki, qalıb iştirakımızı davam etdirək. Hətta ermənilərin yüksək çinli nümayəndələri də gəlib üzrxahlıq etdilər. Belə başa düşdüm ki, getməyimizi istəmirdilər. Reysə gecikdik deyə təxirə saldıq. Səhərə qədər hansı reyslə qayıdacağımızı bilmirdik. Yalnız səhər yeməyindən sonra qərar verdik. Həmin məqamda da federasiyaların rəsmiləri yanımızda idilər. Çünki psixoloji sarsıntıdan sonra bu iş alınmayacaqdı. Sonra o kütlənin içində nələr olacaqdı, bilmirəm.

– Atletlərimiz düşmən ölkədə yarışa davam edib bayrağımızı qaldırsalar, bu daha yaxşı dərs olmazdımı?

– Təsəvvür edin, bayraq yandırılır. Həmin insan tutulur, sonra buraxılır və bu addım kütlə tərəfindən alqışlanır. Siz həmin yerdə necə çıxış edərsiniz? Hansı fəsadlar olardı? Bu bəyənilirsə və kütlə tərəfindən alqışlanırsa, uşaqlar necə iştirak edəcəkdilər? Səhnədən əşya və ya nəsə atardılar, qışqır-bağır ola bilərdi, hər gün təhlükə artardı.

– Belə anlamaq olar ki, bu təxribatlar Azərbaycana qarşı bilərəkdən hazırlanmışdı və təhlükəsizlik dedikləri kimi təmin olunmamışdı.

– Təxribatın Ermənistan dövləti tərəfindən törədildiyini deyə bilmərəm. Çünki bu, araşdırılmalı məsələdir. Amma müəyyən insanlar tərəfindən, düşünürəm ki, bu planlaşdırılmışdı. 

– Daha hansı təhlükələrlə üz-üzə qaldınız? Məsələn, yerləşdiyiniz hoteldə ermənilər tərəfindən təxribatlara cəhdlər gördünüzmü?

– Xeyr, mühafizə bir neçə qatdan ibarət idi. Mehmanxana personalı istisna, adi insanlarla təmasda olmurduq. Orada baş verənlərlə bağlı lazımi orqanlara şikayət ünvanlayacağıq. Nəticələrdən xəbəriniz olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir