Müsahibə

Ukraynalı hüquqşünas: “Ermənistanın beynəlxalq yarışlara ev sahibliyi etmək hüququ olmamalıdır” – MÜSAHİBƏ

Sharing is caring!


İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı son illərin ən qalmaqallı idman hadisələrindən birinə çevrildi. Artıq Avropa Ağır Atletika Federasiyası yarışın açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını pisləyib.

Avropa Ağır Atletika Federasiyası bəyan edib ki, Azərbaycan bayrağına qarşı törədilən təxribat idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi qiymətləndirilir.

Eyni zamanda, Avropa Ağır Atletika Federasiyası bu hadisəni istisna hal kimi qiymətləndirməklə səhvə yol vermiş oldu, belə ki, erməni tərəfi növbəti təxribata əl ataraq yarış zalında Azərbaycanın və Türkiyənin cırılmış bayraqlarını asdı.

Dünya Hüquq Alyansının vitse-prezidenti, Ukrayna Hüquqşünaslarının Ümumdünya Konqresinin vitse-prezidenti, “Kravets və partnyorları” hüquq firmasının baş tərəfdaşı Rostislav Kravets Oxu.Az-a açıqlamasında qeyd edib ki, Ermənistanın da daxil olduğu beynəlxalq təşkilatlar və federasiyalar İrəvanda Azərbaycan bayrağına qarşı törədilmiş təxribata mütləq reaksiya verməlidirlər:

– Bayrağın yandırılması ilə bağlı hadisə yarışın açılışında baş verdi və buna heç kim mane olmadı. Ona görə də beynəlxalq federasiyalar özünü idman ruhunda apara bilməyən Ermənistan yığmasını və bu ölkənin federasiyasını yarışlardan diskvalifikasiya etmək üçün bütün əsaslara malikdirlər. Yadınıza salın, adi azarkeşlərin aqressiv və qeyri-adekvat davranışı ucbatından futbol komandalarının yarışlardan kənarlaşdırıldığı presedentlər olub (elə bir dövr olub ki, bütün ingilis klubları beş il müddətinə avrokuboklardan kənarlaşdırılıb – red.). Ona görə də hesab edirəm ki, Ermənistanın ağır atletika yığmasını hansısa beynəlxalq yarışa dəvət etmək düzgün olmazdı. Bütün ölkələrə göstərmək lazımdır ki, idmanda bu cür siyasi hərəkətlər yersizdir. 

– Eyni zamanda, Azərbaycan idmançıları bir müddət İrəvanda məskunlaşdıqları hoteldən buraxılmayıblar…

– Beynəlxalq idman federasiyaları bu məsələyə kompleks şəkildə baxmalıdır, çünki başqa ölkədən dəvət olunmuş idmançıların həyatı və sağlamlığı Ermənistanda təhlükə altına düşüb. Azərbaycan idmançılarının təhlükəsizliyi təmin edilməli idi. Əgər hansısa ölkə bu təhlükəsizliyi təmin edə bilmirsə, deməli, onun beynəlxalq yarışlara ev sahibliyi etmək hüququ da olmamalıdır.

Əlavə olaraq, qeyd etmək istəyirəm ki, başqa dövlətin bayrağının, xüsusən, rəsmi tədbirdə belə təhqir olunması faktı həm beynəlxalq, həm də həmin ölkənin daxili qanunvericiliyi ilə tənzimlənir. Bu baş verərsə, əksər hallarda cinayət işi açılır. Aydındır ki, Ermənistanın hüquq-mühafizə orqanları lazımi reaksiya verməli və qanunsuz əməli törədən şəxsi cinayət məsuliyyətinə cəlb etməlidir.

– Amma bu baş vermədi. Azərbaycan bayrağını yandıran şəxs bir-iki saat polis bölməsində saxlanılıb, sonra heç bir ittiham irəli sürülmədən azadlığa buraxılıb.

– Artıq buna nə demək olar?.. Görünən odur ki, Ermənistanda belə davranış (Azərbaycan bayrağının yandırılması – red.) ən yüksək səviyyədə dəstəklənir. Ancaq bu cür əhvali-ruhiyyəni körükləmək, sadəcə olaraq, yersizdir. Əgər siz çox isti münasibətləriniz olmayan bir ölkənin idmançılarına yarışda təhlükəsiz iştirakla bağlı zəmanət vermişdinizsə, lütfən, zəhmət çəkin, öhdəliklərinizi yerinə yetirin…

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir