Müsahibə

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Höccət Haqverdi İranda doğulmuş Azərbaycan əsilli futbolçudur. O, karyerasına İranın “Abumoslem” komandasında başlayıb. Ardınca “Zobahan” və “Peykan”da çıxış etmiş müdafiəçi 2021-ci ildə Azərbaycan Premyer Liqa təmsilçisi “Sumqayıt”a transfer olunub.

Həmin ildən Azərbaycan milli komandasında da oynayan müdafiəçi bu mövsümün əvvəlində Təbrizin “Traktor” klubuna keçib.

Höccət Haqverdi milli ilə meydana çıxdığı 13 görüşdə bir qola imza atıb.

Hazırda Azərbaycan yığmasının düşərgəsində Moldova və Şimali Makedoniya ilə oyunlara hazırlaşan müdafiəçi “Report”a müsahibə verib.

– “Traktorda” işlər necədir? Artıq dünya çempionatına görə komandalar fasiləyə yollanıblar. İlk 11 turdakı çıxışınızı necə dəyərləndirirsiniz?

– “Traktor” çox böyük azarkeş kütləsinə malik, güclü komandadır. İranın ən böyük klublarından biridir. Yaxşı baş məşqçimiz, keyfiyyətli oyunçularımız var. Geridə qalan 11 turda ortabab çıxış etmişik, amma daha yaxşısı da ola bilərdi. Düşünürəm ki, bizə bir az vaxt lazımdır. Hazırda 7-ci yerdə olsaq da, əminəm ki, gündən-günə daha yuxarı pillələrə qalxa biləcəyik. Baş məşqçimiz də, oyunçular da bir hədəf üçün birləşiblər və məqsəd çempionatı mümkün qədər yaxşı nəticə ilə bitirməkdir.

– Baş məşqçidən söz düşmüşkən, türkmənistanlı Kurban Berdıyevlə necə anlaşırsınız?

– Cənab Berdıyev əla məşqçi və mükəmməl insandır. Mən onunla işləməkdən zövq alıram. Ümumiyyətlə, bütün komanda olaraq onun “Traktor”da olmasından məmnunuq. Yaxşı insan və peşəkar mütəxəssisdir. Dediyim kimi, ona, sadəcə, bir az vaxt lazımdır ki, komandanı daha yaxşı vəziyyətə gətirsin.

– Bakıda azarkeşlər arasında belə bir təşəbbüs yaranıb ki, “Qarabağ”la “Traktor”un yoldaşlıq görüşü təşkil olunsun. Bununla bağlı o tayda nə düşünürlər? Belə bir oyun olsa, güneyli azarkeşlərin diqqətini çəkərmi?

– Düşünürəm ki, belə bir yoldaşlıq görüşü çox maraqlı alınar. “Qarabağ” İrandakı azərbaycanlılar arasında çox populyar komandadır. “Traktor” da türkdilli insanların sevimlisidir. Bu baxımdan, belə bir oyun təşkil olunsa, olduqca xoş qarşılanar. Üstəlik, hər iki komandanın heyətində kifayət qədər güclü futbolçular var ki, bu da meydandakı mübarizəni maraqlı edər.


– Ümumiyyətlə, Güneydə Azərbaycan futbolu ilə bağlı məlumatlıdırlarmı? İzləyirlərmi yığmamızı? Sizdən bununla bağlı soruşan olurmu?

– İrandakı azərbaycanlıların çoxu burada çıxış edən komandalar, xüsusilə də “Qarabağ” haqqında yaxşı məlumatlıdırlar. Millimizi də izləyirlər. Məndən dəfələrlə milli komanda, buradakı şərait haqqında soruşublar. Xüsusilə də Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir.

– Bəs siz özünüz necə, yenidən Azərbaycanda oynamaqla bağlı təklif gəlsə, bu barədə düşünərsinizmi?

– Bir il yarım Azərbaycan çempionatında oynamışam və bu, mənim üçün gözəl təcrübə oldu. Təbii ki, yenidən yaxşı, maraqlı təklif alsam, bu barədə düşünə bilərəm.

– Azərbaycan yığmasının Millətlər Liqasındakı Slovakiya ilə oyununda komandaya qələbə qazandıran qola imza atdınız. Bu qol sonradan Qazaxıstanla matçda qələbənin özülünü qoydu, bəlkə də…

– Bəli, xoşbəxtlikdən, o oyunda qol vurdum. Buna görə özümü çox xoşbəxt hiss edirəm. O matçda qalib gəlmək çox vacib idi və bütün komanda bunun üçün çalışırdı. Qələbə həm də növbəti – Qazaxıstanla matça yüksək əhval-ruhiyyədə çıxmağımıza səbəb oldu. Bunun nəticəsində ikinci oyunda da üç xal qazandıq. Ümumiyyətlə, komandaya bir oyunda qələbə qazandıran qolu vurduğum üçün çox xoşbəxtəm.

– Qarşıda yığmanın iki yoldaşlıq oyunu var. Moldova və Şimali Makedoniya ilə qarşılaşacaqsınız. Bu oyunlardan hansı nəticələri gözləyirsiniz?

– Hər ikisi çox vacib görüşdür. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələ oyunları gözləyir. Seçmə mərhələyə indidən hazır olmalıyıq. Təyinatından asılı olmayaraq, bütün görüşlərə qələbə üçün çıxmalıyıq. Hazırda milli komandamızda çox yaxşı məşqçilər və oyunçular var. Moldova və Şimali Makedoniya da yaxşı komandalardır, amma məncə, biz daha güclüyük və təbii ki, hər iki oyunda qalib gəlməliyik.

– Qarşıdan dünya çempionatı gəlir. İran millisi qrupda İngiltərə, ABŞ və Uels ilə birlikdə mübarizə aparacaq. Şansları necə görürsünüz? İran dünya çempionatında hara qədər irəliləyə bilər?

– İran millisi hazırda çox hazırlıqlıdır, güclü oyunçuları və çox yaxşı baş məşqçisi var. Dünya çempionatında bütün oyunlar çətin keçir, amma məncə, İranın İngiltərə ilə yanaşı, növbəti mərhələyə yüksəlmək şansı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir