Müsahibə

Abdullah Zubir: “İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Qarabağ”ın futbolçusu Abdulla Zubirin “Report”a müsahibəsi.

31 yaşlı yarımmüdafiəçi 2018-ci ildən “köhlən atlar”ın formasını geyinir. Peşəkar karyerasına 2011-ci ildə “Qrenobl”da başlayan fransalı oyunçu üç dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə ölkə kubokunun qalibi olub.

– Rəqiblərindən 1 oyun az keçirən “Qarabağ” 10 matçdan sonra maksimum nəticə ilə turnir cədvəlində vahid liderdir. Rəqiblər çox zəifdir, yoxsa siz həddindən artıq güclüsünüz? Ümumiyyətlə, bu mövsüm rahat çempion olacağınızı proqnozlaşdırmaq olarmı?

– Bu barədə fikir bildirmək üçün çox erkəndir. Çempionat yeni başlayıb. Uzun marafonun əvvəlindəyik. Hər şey baş verə bilər. İndidən çempionluq barədə yox, növbəti oyunlar barədə fikirləşirik.

– Çempionluq yolunda özünüzə ən ciddi rəqib kimi hansı komandanı görürsünüz?

– Bütün rəqiblər bizə başağrı ola bilər. Amma mən “Neftçi” və “Sabah”ı xüsusi qeyd edərdim. Çünki heyətlərində keyfiyyətli futbolçular var.

– “Qarabağ” Avropa Liqasının qrup mərhələsində də yaxşı təsir bağışlayır. Bu mövsümkü uğurlu çıxışın sirri nədədir?

– Əslində burada hər hansı sirr yoxdur. Bütün uğurlu nəticələrin əsas səbəbi daha çox və ciddi işləməyimizdir. Bunun nəticəsini meydanda görürük. Bütün rəqiblərimizə hörmətlə, oyunlara isə ciddi yanaşırıq.

– G qrupinda növbəti oyun Fransada “Nant”a qarşı olacaq. Uzun illər bu ölkədə oynamısınız, rəqibi sizdən yaxşı tanıyan olmaz. Yəqin ki, Qurban Qurbanov “Nant”ı analiz etmək üçün başqa mənbələr axtarmayıb…

– İnanmıram ki, mənim fikirlərimə ehtiyacı olsun (gülür). Çünki bu rəqibə qarşı artıq bir oyun keçirmişik. Artıq rəqib haqqında lazımi məlumatlar onda var. Düşünmürəm ki, mənim xidmətlərinə ehtiyac duysun.

– Bakıdakı oyunda “Nant”ı darmadağın etdiniz. Qrupdan çıxmaq üçün səfərdə sizə bir xal da kifayət edəcək. Fransaya hansı nəticə üçün yollanacaqsınız: heç-heçə, yoxsa qələbə?

– Mənə elə gəlir ki, Fransadakı oyun tamam fərqli olacaq. Bizimlə matça ciddi hazırlaşırlar. Özümüzə gəldikdə isə, biz hər oyuna qələbə üçün çıxırıq. Hədəfimiz hər zaman üç xal olur.

– Sizcə, “Nant” evdə Bakıdakı matçdan fərqli, hansı oyunu təklif edəcək? Ehtiyatlı oynayacaq, yoxsa hücuma atılacaq?

– Rəqibin heyətində zədəli futbolçular var. Ona görə nəsə demək çətindir. Bununla belə, asan oyun olmayacaq. Çünki “Nant”da olduqca keyfiyyətli və istənilən matçın nəticəsini dəyişə biləcək futbolçular çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir