Müharibə

Tovuzdan başlayıb, Şuşa ilə taclanan haqq yolumuz

Sharing is caring!

Aytac Qasımova yazır…

Torpaq uğrunda ölən varsa, Vətəndir!

Bəzən sözlər dilimizdən o qədər bəsit şəkildə çıxır ki, həmin fikirlərin ardında yaşanan çətinlikləri, ağrı-acıları dərk etmək üçün zamanımız qalmır. Torpaq üçün canından keçən hər bir şəhidin arxasında bəzən böyük hekayələr, bəzənsə yaşanmamışlıqlar qalır.

Bu gün Tovuz hadisələrindən 2 il ötür, amma həmin xəbəri eşitdiyimizdə sinəmizə çəkilən dağ hələ də yaddaşlarımızda təzə qalır, ilk günkü kimi ağrıdır və ağırdır. Bundan sonra hər il 12 iyul həmin acı xatirələr təkrar-təkrar bizi sarsıdacaq, üzəcək.

Vətənpərvəlik nədir?! Vətən üçün ölmək və o ən uca zirvə sayılan şəhidlik zirvəsinə ucalmaq nə deməkdir?! Həqiqətən dərk edə bilirikmi heç nəyi düşünmədən ölümün gözlərinə dik baxmaq nədir?! Biri ailəsini, digəri canından çox sevdiyi övladını, başqa biri qovuşa bilmədiyi, artıq hekayələri yarım qalacaq olan yarını geridə qoyur.

Vətən! Sənə duyulan məhəbbətin, sevginin sərhədləri varmı?! Əyilən qəddimizi düzəldən, qırılan qurumuzu bizə qaytaran, bizdən sonra gələcək nəsillərə əsrlər boyu danışa biləcəyimiz dastan yazanlar, sizə olan borcumuzun xəcalətinin bizdə yaratdığı duyğuları hiss edə bilirsiniz görəsən?! Minnətdarlığımızın həddi-hüdudu yoxdur, olmayacaq da…

Heç şübhəsiz 44 günlük Vətən müharibəsinin rüşeymini yaradan Tovuz döyüşlərinin tariximizdə və yaddaşlarımızda yeri fərqlidir. Çünki hər zaman bir məsələni düşünmək onu həyata keçirməkdən daha asandır. Bizimsə çətin olan addımı atmağımıza səbəb, bəlkə bir qədər azalan qisas hissimizi, mənfur düşmənimizin qəddarlığını yaddaşlarımızda təzələyən məhz Tovuzda yaşanan ağır itkilərimiz oldu. Tovuzdan başlayan haqq yolumuz Şuşa ilə taclandı. Müqəddəs vətən torpağını bizə qaytaran, bu şərəfli yolda canından, ailəsindən, bütün varlığından keçən hər bir şəhidimizin qarşısında baş əyirik. 

Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur deyiblər. Bu torpaq onun üçün can verib, qan alanların sayəsində varıq və olacağıq. 

Necə deyərlər… Vətən bağı al-əlvandır, var içində “Xarıbülbül”…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir