Müharibə

Türkoloq Robert Ustyan: “İndiki reallıqlarda İrəvanın sülh müqaviləsinə daha çox ehtiyacı var” – MÜSAHİBƏ

Sharing is caring!


Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bir-biri ilə əlaqəli proseslərdir, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bir daha təsdiqləyib. Onun sözlərinə görə, Ankara Bakı və İrəvan arasında aparılan sülh danışıqlarının nəticələrinə əsasən, Ermənistanla sərhədin açılması barədə qərar qəbul edəcək.

Bu bəyanatlarda yenilik yoxdur, amma Ermənistanda hər dəfə Ankaranın İrəvan qarşısında ilkin şərtlər irəli sürdüyünü deməyə başlayırlar. Bəs bunu ilkin şərt hesab etmək olarmı?

Rusiyalı politoloq və Türkiyə üzrə ekspert Robert Ustyan Oxu.Az-a açıqlamasında fikirlərini bölüşüb:

– Mənim nəzərimə görə, bu, ilkin şərt deyil. Həmçinin düşünürəm ki, Türkiyə gələcəkdə Ermənistanla münasibətlərini intensivləşdirəcək, istənilən halda Ermənistan-Türkiyə sərhədləri açıq olacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edilir. Baxmayaraq ki, Ermənistan-Azərbaycan nizamlanması prosesinin ləngiməsi ehtimalının olduğunu hamı anlayır.

Hazırda İrəvan çox kövrək vəziyyətdədir, orada heç kimə güvənmirlər və buna görə də Türkiyənin mövqeyinin Ermənistan tərəfinə təzyiq elementi olduğuna inanırlar.

– Ermənistan cəmiyyətinin, əsasən, radikal düşüncəli bir hissəsi Ermənistan-Türkiyə sərhədinin açılmasına xüsusi münasibət bəsləyir. Onlar Türkiyənin Ermənistanı “udacağına” və ya “türkləşdirəcəyinə” inandıqları üçün bunun əleyhinədirlər. Axı sərhədlərin bağlanmasına baxmayaraq, Türkiyə malları istənilən halda Ermənistana “boz” sxemlərlə, Gürcüstandan keçir. Bu “türkləşmək” qorxusu nədir, nə deməkdir?

– Tamamilə haqlısınız, bu cür fikirlərin tərəfdarı radikallardır. Məsələ burasındadır ki, Ermənistan çox uzun müddət erməni cəmiyyətinin həm Türkiyəyə, həm də Azərbaycana nifrətini istismar edən müəyyən hissəsinin əsarətində olub və olmaqda da davam edir. Ermənistan və Türkiyə münasibətlərindəki tarixi travmadan istifadə edilərsə, bunu etmək asandır.

Birincisi, təəssüf ki, bundan, o cümlədən “boz” sxemlər vasitəsilə çox yaxşı pul qazanan insanlar var. İkincisi, “türkləşmə” ilə bağlı tezis o qədər absurddur ki, onu şərh etmək çətindir. Beş il Türkiyədə yaşamışam, universitetlərində oxumuşam, oranın necə olduğunu yaxşı bilirəm, türkcə səlis danışıram, azərbaycanca anlayıram.

Amma bunu anlamağa çalışsanız, məlum olur ki, bütövlükdə problem ortaqdır və bu, təkcə Ermənistana deyil, həm də Türkiyə və Azərbaycana aiddir.

Ermənistanda cəmiyyətin bir hissəsi arasında hakim hiss çox dağıdıcı qüvvəyə malik misilsiz nifrətdir. Onlar Ermənistanı, ehtizazlı, eyni zamanda, özünə qapanmış bir dövlətə çevirmək arzusundadırlar. Ermənistan Qarabağda məğlub oldu, bu hiss radikallar və millətçilər tərəfindən daha da kultivasiya edilir. Belə bir ölkənin, nəzərimcə, gələcəyi yoxdur və mən bu barədə bütün platformalarda danışıram.

Məsələ burasındadır ki, müəyyən problem bütün ölkələrdə mövcuddur. Ermənilərin, azərbaycanlıların, türklərin yanında necə yaşamağı təsəvvür edə bilməyən nəsil yetişib. Belə çıxır ki, insanlar bilmədiklərindən qorxurlar. Ona görə də gənclərin bir-biri ilə danışmaları vacibdir. Buna üç ölkə rəhbərliyinin siyasi iradəsini də əlavə etsək, öz bəhrəsini verəcək. Analar övladlarını müharibələrdə ölsünlər deyə böyütmürlər. Mən şübhə etmirəm ki, üç xalq tamam başqa cür yaşaya bilər.

– Yeri gəlmişkən, Ermənistanda belə bəyanatlar səslənir ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa ehtiyac yoxdur, çünki bu, sülh gətirməyəcək. Bu barədə təkcə radikallar deyil, parlament müxalifətinin nümayəndələri də danışırlar. Onlarla belə bəyanat var.

– Bəli, mən də vəziyyəti izləyirəm və belə bəyanatları təəccüblə qəbul edirəm. Bundan betərini mən sizə deyim – Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyan “dahiyanə” çıxışında dedi ki, guya Azərbaycan erməni xalqı ilə deyil, cənab Paşinyanla (Ermənistanın baş naziri Nikol Paşinyan – red.) müqavilə imzalayır.

Həmin insanlar anlayırlar ki, torpaq ayaqları altından qaçır və bu, tarixin kənarında qalacaq olanların son konvulsiyasıdır. Onlar uzun illər yalnız Türkiyə və Azərbaycanla qarşıdurma üzərində milli kimlik, siyasi oriyentasiya qurmağa çalışıblar. Onlarda Ermənistan sevgisindən çox, azərbaycanlılara, türklərə nifrət var. Onlar üçün baş verənlər (Azərbaycanla Ermənistan arasında sülh prosesi – red.) faciədir; onlar öz partiyalarını yenidən toplamalıdırlar, Ermənistan bir ölkə olaraq yenidən kəşf edilməlidir və onlar öz fikirlərini yenidən nəzərdən keçirməlidirlər, çünki əhaliyə, gənclərə bu qüvvələrin təklif etdiyi gələcəyi göstərmək lazımdır. Çox adam bu çətinliyin öhdəsindən gələ bilmir, ona görə də danışıqlar prosesini torpeda etmək cəhdlərini görürük. Bu xadimlər ancaq nifrəti təbliğ etməyə qadirdirlər. Sülh müqaviləsində düşmənçilik nə ola bilər, anlamıram.

Onların arxasında duran və guya nəyəsə qarantiya verən “böyük adamlar” olmadan ikitərəfli müqavilənin imzalanmasını görməyə çox sevinərdim. Söhbət ABŞ, Avropa İttifaqı və Rusiyadan gedir.

– Aydındır ki, bütün tərəflər Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə olunmasında maraqlıdırlar, bəs daha çox kim? Məsələn, Azərbaycanda hesab edirlər ki, İrəvan sənədin imzalanmasında maneələr və gecikmələrlə qarşılaşarsa, o olmadan da keçinə bilərlər. Amma o zaman İrəvanda nə layihəsi fəal şəkildə təbliğ olunan “Sülhün kəsişməsi” olacaq, nə də başqa bir şey.

– Məncə, Ermənistanda bu məsələdə artıq konsensus var. Hətta bu yaxınlarda erməni kanallarından birinin efirində həmsöhbətim, “Maariflənmiş Ermənistan” partiyasının nümayəndəsi Ani Samsonyan bildirib ki, Ermənistan daha çox sülh müqaviləsində maraqlıdır, çünki müharibədə məğlubiyyətdən sonra İrəvan regionda vəziyyəti normallaşdırmalı və təhlükəsizliyini təmin etməlidir. Mən də bu bəyanatla razıyam. İndiki reallıqlarda İrəvana bu sülh müqaviləsi daha çox lazımdır, əks halda İrəvan ekzistensial dalana dirənəcək.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir