Müharibə

Müharibə canilərinə Xankəndi məhkəməsi – tarixə ibrət dərsi – ŞƏRH + FOTO

Sharing is caring!


Qarabağda atəş səsləri kəsilib, danışıqlar başlayıb. Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə ilk görüş olub. Bu isə gələcəyə ümidləri, gözləntiləri artırır.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində Qarabağdakı erməni sakinləri ilə bağlı bu kimi məsələlərə də toxunub. O, tezliklə yaxşılığa doğru dönüşün olacağını əminliklə bildirib. Dövlət başçısı Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşı olduğunu dəfələrlə vurğulayaraq deyib ki, həmin sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb və onlar bu şansı əldən verməsinlər:

“Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”. Prezident işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlərinə toxunaraq sosial proqramların Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, kəndlərdə də yaradılacağını qeyd edib. Bu, prezidentin Qarabağın erməni sakinlərinə Azərbaycana inteqrasiya olunması üçün göstərdiyi yol, verdiyi sözdür.

Azərbaycanlılarla ermənilər uzun illər bir yerdə qonşu kimi yaşayıblar. Havadarları və erməni ideoloqları bu qonşuluğa, birgəyaşayışa müdaxilə etmədikcə vəziyyət normal olub. Bütün qarşıdurmalara səbəb isə saxta və qondarma tarix, ideyalardır. Bunun fonunda türklərin, azərbaycanlıların düşmən kimi milli tərbiyədə təbliğ edilməsi adıçəkilən etnosun başına bəla olub. Qərbi azərbaycanlıların Ermənistandan qovulması, Qarabağ və ətraf rayonların 30 ildən çox işğal altında saxlanılması, törədilən cinayətlər bu yanlış və qondarma düşüncə sistemindən qaynaqlanır.

Heç şübhəsiz, Azərbaycan Qarabağın dövləti cinayətlərdə iştirak etməyən erməni sakinlərinə sahib çıxacaq. Ölkə konstitusiyası onlara da şamil ediləcək.

Müharibələr, silahlı toqquşmalar, münaqişələr nəticəsində silahsız, günahsız mülki şəxslər, qadınlar qocalar, uşaqlar və s. də həlak olur. Ona görə bu qanlı hadisələrin səbəbkarları, onu törədənlər cəzalanırlar.

Müasir dövrdə ilk belə məhkəmə 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək Almaniyanın Münhen şəhərində qurulub. Cinayətkarlar Almaniya vətəndaşları olduqları üçün Beynəlxalq Hərbi Tribunal da orada keçirilib. Bu həm də faşizmə bir dərs idi. İnsanlığa qarşı törədilən bu cinayətdə 12 nəfər barəsində ölüm hökmü çıxarılıb, 7 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilib, 3 nəfər bəraət alıb, bir məhkum intihar edərək ölüb, daha bir nəfər isə ölümcül xəstə olaraq tanınıb. Bu həm də dünyaya bir dərs idi. Müharibə edənlər, onu başladanlar cəzasız qalmır. Onların cəzalandırılması həm də günahsız insanların intiqamının alınmasıdır.

Ermənistanda hakimiyyətdə olmuş prezidentlər, müharibəni dəstəkləyənlər və Azərbaycanın Qarabağ bölgəsindəki separatçılar da törətdikləri cinayətlərə görə cəzalandırılacaqlar? Çünki bu tip hadisələrin perspektivdə baş verməməsi üçün onlara Xankəndidə belə məhkəmənin qurulması daha ədalətli davranış olar.

Ermənilər rəsmi İrəvanın və havadarlarının yardımı, dəstəyi ilə Azərbaycan torpaqlarında qanlı hadisələr törədiblər. Görəsən, Xocalı, Ağdaban, Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli, Qaradağlı, Həsənqaya və başqa kəndlərdə, rayonlarda erməni silahlılarının, hərbçilərinin törətdikləri cinayətlər cəzasız qalacaq? Yaxud mina qurbanlarının qanı yerdə qalacaq? Qeyd edək ki, təkcə 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 314 nəfər minadan zərər çəkib. 48 nəfəri mülki, 13 nəfəri hərbçi olmaqla 61 nəfər həlak olub. Eyni zamanda mina partlayışları nəticəsində ümumilikdə 101 nəfər mülki, 152 nəfər isə hərbçi yaralanıb.

Qarabağdakı canilər təkcə azərbaycanlıları qətlə yetirməyib, onlar ermənilərə də zülm ediblər. Dövlət başçısı bu məsələ ilə bağlı deyib:

“Erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistan və Qarabağın “rəhbərləri” Qarabağ ermənilərini girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi”.

Prezident onları “kriminal rejim” adlandıraraq həmin cinayətkarların məsuliyyətə cəlb edildiklərini, gələcəkdə də cəlb olunacaqlarını vurğulayıb:

“Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.

Odur ki, 35 il azərbaycanlılara qarşı cinayət törədənlərin cəzalandırılması ədalətin təntənəsi olar. Bu təkcə kiminsə cəzalandırılıb həbs edilməsi demək deyil. Bu həm də tərəflər arasında inam və etibarın möhkəmlənməsinə xidmət edər, regionda bu tip faşist hərəkətlərin baş verməməsi üçün örnək olar. Habelə cinayətkarların cəzalandırılması Cənubi Qafqazda təhlükəsizliyə, əmin-amanlığa, əməkdaşlığa, inteqrasiyaya, sülhə xidmət edər. Odur ki, Azərbaycan torpaqlarında cinayət törədənlərin cəzalanması üçün lap elə Nürnberq məhkəməsi kimi, Xankəndi məhkəməsi də qurulsa, tarixdə ibrət dərsi olaraq qalar.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir