Müharibə

Maksim Şevçenko: “İstəyirəm ki, Azərbaycan öz ərazisini son millimetrinə qədər azad etsin” – RF-dən MÜSAHİBƏ

Sharing is caring!


Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror tədbirlərinə başladıqdan sonra İrəvan şərti Ermənistan-Azərbaycan sərhədində hər şeyin sakit olduğunu bəyan edib. Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycanla hərbi əməliyyatlara başlamaq niyyətində deyil.

Lakin sonradan Qərbə zənglər olundu. Fransa BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırıldığını elan etdi, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan ABŞ-dən yardım istəyib və bildirib ki, Vaşınqton Azərbaycana qarşı hansı tədbirlərdən istifadə olunacağına qərar verməlidir.

Bir tərəfdən Ermənistan Qarabağdan uzaqlaşır, ölkə sərhədində hər şeyin qaydasında olduğunu deyir, digər tərəfdən isə Qərbi Bakıya təzyiq göstərməyə çağırır. Bu ikili düşüncəni necə izah etmək olar? Oxu.Az -ın bu sualını cavablandıran məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko qeyd edib ki, burada ikili fikir yoxdur:

– Burada vəziyyət aydın və izah edilə biləndir. Nikol Paşinyan İrəvanda doğulub böyüyüb, İrəvan klanına aiddir. O, Qərb institutlarında tərbiyə olunub. Qarabağ qruplaşması isə 30 ilə yaxın Ermənistanda ağalıq edib, pul qazanıb, özünü piar edib, Azərbaycan torpaqlarını işğal etmək hesabına öz nüfuzunu satıb. Onlar azərbaycanlı əhalini qovdular, azərbaycanlılarla ermənilər arasında çəkişmələri və müharibəni sonsuza qədər uzatdılar. Ona görə də Paşinyan üçün Qarabağ klanı mövzusunu tamamilə bağlaması müəyyən mənada həyati əhəmiyyət kəsb edir. Qarabağ klanı isə o zaman yox olacaq ki, Azərbaycan bütün ərazisi üzərində millimetrinə qədər nəzarəti tamamilə bərpa etsin, mənim də Azərbaycan üçün səmimi arzuladığım budur.

Yeri gəlmişkən, təkcə Azərbaycana deyil, həm də nə qədər paradoksal səslənsə də, ermənilər üçün də ermənilərlə azərbaycanlılar arasında münasibətləri normallaşdırmağın yeganə yolu budur.

Paşinyan bir tərəfdən Qarabağ klanının məğlub olmasını arzulayır, digər tərəfdən isə İrəvanda qalmaq istəyir. O, qondarma Artsax uğrunda döyüşçü statusunu itirəcək Qarabağ klanını minimuma endirməlidir. Yeri gəlmişkən, “Artsax” uğrunda Fransada və ya Kaliforniyada mübarizə aparmaqla, Xankəndidə oturub oradan şərh vermək eyni deyil.

Nikol Paşinyan hesab edir ki, bu klan fəlakətli vəziyyət nəticəsində Ermənistan daxilində nüfuzunu itirəcək. Ancaq eyni zamanda o, başa düşür ki, onun ABŞ ilə “eşqbazlığı”, Ermənistan-ABŞ birgə təlimləri, Şarl Mişel, Emmanuel Makronla “oynaqlaşması”, bütün bu müsahibələri Moskvada təəccüblə qarşılanıb.

Rusiya Prezidenti Vladimir Putin Paşinyanla əlaqə saxladığını, baş nazirin ona məktub göndərdiyini bildirib. Hamıya zəng edib, Vladimir Vladimiroviçə isə kağız göndərib. Bu, məktəbdə günahkar şagirdlərin direktora yazdığı izahata bənzəyir.

Burada isə Ermənistan rəhbərliyi elə vəziyyətə düşür ki, Ruben Vardanyan birtəhər Qarabağdan gəlib ermənilərin “soyqırımı”, Paşinyan üzündən “müqəddəs” “Artsax”ın itirilməsi barədə hay-küy salmağa başlaya bilər. Yeri gəlmişkən, əslən Adlerdən olan Marqarita Simonyan və ya Dərbənddə doğulmuş Aram Qabrelyanovdan fərqli olaraq Ruben Vardanyanın Ermənistanda doğulduğu üçün ölkəyə girişinə qadağa qoyulması yəqin ki, çətin olacaq. Paşinyan isə arxasında Kreml olan Vardanyandan çox qorxur. Ona görə də Ermənistanın baş naziri Qərbin dəstəyini almağa çalışır.

Qərb başqa şeydə maraqlıdır, o, hər an Paşinyanı başqası ilə dəyişə bilər. Qərbə böyük müharibə lazımdır.

– Amma Qarabağda lokal antiterror tədbirlərini böyük müharibə adlandırmaq olmaz…

– Düzdür. Qərbə, bəlkə də, belə bir gərginlik, hətta Ermənistanla Azərbaycan arasında müharibə lazım deyildi. Yeri gəlmişkən, məhz buna görə Paşinyan deyir ki, müharibə olmayacaq, Ermənistan qarışmayacaq, çünki belə dövlətlərarası münaqişə Rusiya ilə Türkiyəni yaxınlaşdıracaq. Rusiya deyəcək ki, biz KTMT çərçivəsində Ermənistan ərazisinə qoşun yeridirik. Türkiyə isə qardaş Azərbaycana kömək edir. Belə alınacaq ki, strateji müttəfiqlər – Ankara və Moskva bölgədəki vəziyyəti nəzarətə götürürlər.

Qərbə isə Zəngəzurda başlaya biləcək daha bir münaqişə lazımdır. Bu o halda mümkündür ki, erməni birləşmələri istər Naxçıvana, istərsə də Zəngilana hücuma keçsinlər, o zaman Azərbaycan Zəngəzur ərazisinə qoşun yeritmək məcburiyyətində qalacaq ki, İran da bunu özü üçün təhlükə kimi qəbul edə bilər. Nəticədə Qərb Türkiyə ilə İran arasında böyük qarşıdurma yaradacaq. Amma bunun baş verməməsi üçün Rusiyanın müdafiə naziri Tehrana səfər edib, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Bakıdakı həmkarı ilə daim əlaqə saxlayır. Əsas odur ki, indi heç bir təsir agenti böyük müharibəyə başlamaq istəyi olmayan region ölkələrinin ali siyasi rəhbərliyinin iradəsindən yan keçərək fəaliyyət göstərməyə başlamasın.

Amma yenə də deyirəm, Ermənistan rəhbərliyi Zəngəzurda gərginlik yarada bilər. Qarabağa görə istənilən qədər məktub yaza, çar Tiqranın zamanında tikilmiş qədim paltarlarının yaxasını cıra bilərlər. Amma fakt budur ki, Qarabağ Azərbaycanın ərazisidir. Mən istəyirəm ki, Azərbaycan öz ərazisini son millimetrinə qədər azad etsin, bayaq dediyim kimi, ancaq bu, azərbaycanlılarla ermənilər arasında sülhə gətirib çıxara bilər. Paşinyanın isə bir məqsədi var – Ermənistan lideri səviyyəsində varlığını uzatmaq.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir