Müharibə

Kəlbəcərdə İşçi qrupun iclası keçirilib – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun növbəti səyyar iclası cari ilin 31 avqust tarixində Kəlbəcər rayonunda keçirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda açılış nitqi ilə çıxış edən Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb edilmiş qurumlar tərəfindən illik tədbirlər planına uyğun həyata keçirilən işlərin gedişatı barədə məlumat verib. Habelə, mina təhlükəsi ilə mübarizə fəaliyyətində qurumların birgə təmizləmə layihələrinin icrasının, Agentlik tərəfindən aparılan monitorinq və keyfiyyətə nəzarət yoxlamalarının keçirilməsinin vacibliyini vurğulayıb.

İşçi Qrupda təmsil olunan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (MN) rəsmisi MN-in humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan istehkamçıları tərəfindən 2023-cü il ərzində Kəlbəcər rayonu ərazisində yaşayış infrastrukturu, energetika və ekoloji layihələr olmaqla, 4719 hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini bildirib.

İclasda, işğaldan azad edilmiş ərazilərdə hökumət tərəfindən müəyyən edilmiş müvafiq layihələrin icrası məqsədilə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi fəaliyyəti barədə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub, eləcə də əməliyyatlara cəlb olunmuş texnika və avadanlıqlar barədə məlumat verilib.

Eyni zamanda, mina təhlükəsi ilə mübarizə fəaliyyətində informasiya dəstəyinə qurumlararası müştərək layihələrin icrasının vacibliyi vurğulanıb və bu sahədə birgə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Kəlbəcər rayonuna səfər çərçivəsində İşçi qrup üzvləri Müdafiə Nazirliyi tərəfindən icra edilən “Yanşaq yaşayış məntəqəsi” təmizləmə layihəsi, bitmiş layihə olan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olub, layihələr barədə məlumatlandırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir