Müharibə

Nadejda Babak: “Ukraynada müharibə başlayanda bizi Bakıya dəvət etdilər” – FOTO

Sharing is caring!


SSRİ dağılan ərəfədə ölkəyə rəhbərlik edən Mixail Qorbaçov imperiyanın bir sıra nöqtələrində separatçı münaqişələrin yaranmasına rəvac verdi ki, bunlardan biri də Azərbaycanın Qarabağ bölgəsi idi. Ermənistandan, xaricdən olan ermənilər Qarabağda etnik ermənilərlə birlikdə Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzə başladılar. O ərəfədə bölgədə olan sovet hərbi birləşmələri bu münaqişədə haqsızlıqlara yol versələr də, onlar arasında qeyri millətdən olan zabitlər qəhrəmanlıqları ilə yadda qalıblar. Belə zabitlərdən biri də Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində doğulan, 1991-ci ilin aprelində mülki azərbaycanlıları erməni silahlılarından qoruyan zaman həlak olan Oleq Babakdır.

“Report”un Şərqi Avropa bürosu ukraynalı zabitin ailəsinə baş çəkib, onunla bağlı araşdırma aparıb.

Həmin vaxt SSRİ Daxili Qoşunlarının zabiti kimi Azərbaycan SSRİ-nin Qubadlı və Laçın rayonları ərazisində müvəqqəti xidməti tapşırıqda olan zabit Oleq Babak hətta bəzən hərbçi yoldaşlarının erməni quldurlarının hərəkətlərinə göz yummasına da sərt etiraz edirmiş. Anasının və şahidlərin dediyinə görə, o, bəzən komanda almadan belə, təkbaşına irəli atılaraq Qubadlının dinc sakinlərini erməni yaraqlılarından qoruyub, onların təxliyəsinə yardım edirmiş. O, erməni silahlıları ilə mülki azərbaycanlıları qorumaq üçün döyüşdə həlak olub. Anasının bildirdiyinə görə, oğlunu vaxtı ilə ali hərbi məktəbdə bir yerdə oxuduğu erməni əsilli zabitlərdən biri öldürüb. Anası həmin erməninin adını təəssüf ki, xatırlamır. Oleq Babak ailənin tək övladı olub, subay imiş. Hazırda onun atası və anası Poltava vilayətinin Viktoriya kəndində tənha yaşayır. Azərbaycan dövləti ölkəmizin suverenliyi uğrunda həlak olan ukraynalı zabitin ailəsinə aylıq müavinət də ayırıb.

Anası Nadejda Babak bunları deyir:

“Oğlum 1967-сi ildə anadan olub. O, çox mərhəmətli, sakit oğlan idi. Məktəbdə müəllimləri, sinif yoldaşları ilə heç vaxt problemləri olmayıb. Oleq balaca uşaqları çox sevirdi. Onlarla birgə gəzməyə gedirdi. Onun uşaqlığı plastilinlərlə, tank oyuncaqlarla keçib. O, televizorda hərbi verilişlərə baxmağı çox sevirdi və hərbçi olmaq istəyirdi.

1991-ci ildə peşə təhsilini bitirdikdən sonra Kiyevdən olan yüksək rütbəli zabit onu gələcək xidmət üçün yanına çağırmışdı. Oleq ondan harada gərgin vəziyyət varsa, oraya göndərilməsini istəyib. Nəticədə onu Qarabağa göndəriblər. 1991-ci il aprelin 8-də bizə onun həlak olması barədə xəbər verdilər. O, Qubadlı rayonunda xidmət edirdi. Oğlum burada qadınları, uşaqları və meşəbəyini xilas edib. Daha sonra digər əsgərləri geri çəkilməyə çağırıb, amma hərbçilərin təkidlərinə baxmayaraq, özü döyüş bölgəsində qalıb. Ermənilərdən eşitdiyimə görə, onu vaxtilə hərbi məktəbdə bir yerdə oxuduğu zabit vurub. Onunla xidmət etmiş iki zabit hazırda Ukraynada yaşayırlar.

Azərbaycanlılar bizə çoxlu sayda məktublar ünvanlayaraq, təşəkkürlərini bildirirdilər. Ukraynada ötən il müharibə başlayandan sonra bizə azərbaycanlı jurnalist Bakıdan məktub yazdı. O, bizə Azərbaycana gəlməyimizi, evində qalmağımızı təklif etdi və bizi hər şeylə təmin edəcəyini bildirdi. Lakin biz getmədik. Bizimlə əlaqə quran, bizə kömək etmək istəyən bütün azərbaycanlılara təşəkkürümü bildirirəm. Bir neçə ay əvvəl Azərbaycan bizə müavinət ödəməyə başlayıb. Ərimə (Oleqin atasına) və mənə.

Hər kəs bir-birinə yardım göstərməlidir, dəstək olmalıdır. Bizə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və digər şəxslərə minnətdarlığımı bildirirəm. Bu gün Ukrayna uğrunda bur sıra xalqlarla yanaşı, azərbaycanlılar da döyüşür. İzləyirəm. Mənim oğlum kimi onlar da haqqın tərəfindədirlər. Onlara Tanrıdan güc və sağlamlıq arzulayıram”.

Həmin vaxt Oleqin kapitan rütbəsində bölük komandiri olan, hazırda Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) ehtiyatda olan polkovniki İqor Şapovalovu Kiyevdə tapdıq. O da ukraynalıdır, SSRİ dağılandan sonra vətəninə qayıdaraq uzun müddət Ukrayna DİN-də çalışıb. Söhbətimiz zamanı təəccüblü də olsa Oleqin kim tərəfindən öldürüldüyünü xatırlamadığını bildirdi. Hətta qəribədir ki, həmin zaman Azərbaycan ərazisinə Ermənistan tərəfindən basqın edən və özlərinin də azərbaycanlıları qorumaq üçün mükəlləf olduqları həmin silahlıların erməni olmasını da ehtiyatla ifadə edirdi:

“Oleq Babak 1989-cu ildə SSRİ DİN-in Ali siyasi kollecini bitirdikdən sonra SSRİ-nin DİN-in Daxili qoşunlarının xüsusi təyinatlı 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsinə təyin olunub. Həmin vaxt bölüyün komandiri mən idim. Bir yerdə qarşıya qoyulan vəzifələri yerinə yetirirdik. Komandanlığın bizə tapşırdığı məsələləri yerinə yetirmək üçün 1991-ci ilin martında Azərbaycana yollandıq. Buraya ictimai asayişin qorunması, Ermənistan-Azərbaycan sərhədi boyu erməni əhalisinin azərbaycanlılara hücumuna imkan verilməməsi daxil idi. Söhbət bizim əsasən tapşırıqları yerinə yetirdiyimiz Laçın, Qubadlı rayonlarından gedir. 1991-ci il aprelin 7-də Qubadlı rayonunun Ermənistanla sərhəddə yerləşən Yuxarı Cibikli kəndində xidməti vəzifələri yerinə yetirən zaman döyüşlər baş verib və Oleq Babak həyatını itirib. Döyüş erməni yaraqlıları ilə baş verib. Doğrudur, onların hansı millətdən olduğunu əvvəlcə bilmirdik. Onların arasında başqa millətlər də vardı. Məsələn, biz mayın 9-da əməliyyat keçirdik və 42 yaraqlını saxladıq. Onların heç də hamısı erməni deyildi. Amma azərbaycanlılara hücum edirdilər. Aralarında məhbuslar, oğrular, keçmiş hərbçilər və s. var idi. Oleq Babakın meyitini onun silahdaşı, dostu tapıb. Mənə deyildi ki, hətta onun meyiti zirehli döyüş maşını ilə aparılan zaman da onlar (erməni yaraqlıları – red.) onu atəşə tutublar. Oleq Babak yaxşı yoldaş, savadlı insan idi. Şəxsi heyət arasında böyük hörmətə malik idi. Sözün bütün mənalarında hazırlıqlı şəxs idi. Onunla xidmət etmək çox xoş idi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir