Müharibə

Pəncəlinin anası… – FOTO

Sharing is caring!


Xüsusi təyinatlı qüvvələr deyəndə, ağıla gələn ilk isimlərdən biri də Pəncəli Teymurovdur. Filmlərdə, müharibə kinolarında gördüyümüz qəhrəmanların real həyatdakı nümunəsi idi Pəncəli. Döyüş yoldaşları öz toyunda belə, özünə şəhidlik arzulayan Pəncəlini əfsanə adlandırırdı.

Belə bir vətən sevdalısı idi Pəncəli Teymurov. Məşhur bir filmdə də deyildiyi kimi:

– Vətən dediyin bu aslanlar, bir də bunları doğan aslan analar…

Tanınmış fotoqraf Orxan Əzim əfsanəvi qəhrəmanı dünyaya gətirən Vahimə ana ilə söhbətləşib, onun fotolarını lentə alıb və “Qafqazinfo”ya təqdim edib.

Biz də öz növbəmizdə Vahimə Teymurovanın oğlu ilə bağlı xatirələrini təqdim edirik:

“O, Xüsusi Təyinatlı Qüvvələrin onurğa sütunu idi. Türkiyədən bir hərbçi zəng etmişdi. Mənə dedi ki, “ana, mən Azərbaycana gələndə sənə Pəncəlidən danışacağam. Siz onun qəhrəmanlqıları haqqında heç nə bilmirsiniz.

Döyüşə getməmişdən əvvəl ad günü idi. Martın 24-ü. Zəng etdi mənə, xeyli danışdıq. Böyükdən balacaya – hamını soruşdu. Sonra qardaşına dedi ki, aprelin 1-nə qədər Bakıya gələ bilirsənsə gəl, görum səni. Biz də bilmədik niyə belə deyir. Çünki o vaxta qədər heç vaxt deməmişdi ki, gəlin, sizi görüm. Qardaşı gedib görüşdü onunla. Sonra müharibə başladı. 

Yoldaşımla hər gün xəbərləri izləyirdik. Nə qədər övladlarımız şəhid olurdu. Oğluma dedim ki, zəng et Pəncəliyə, danış, soruş nə olub? Nə qədər zəng edirdik, düşə bilmirdik ona. Çünki Pəncəli hara getsəydi, oradan mənə zəng eliyərdi. Məni nigaran qoymazdı. Amma neçə gün idi, ondan xəbər ala bilmirdim. Get-gedə təşvişə düşürdük. Kənddə yas var idi, ora getdim. Yasda qadınlar məndən soruşdular ki, Pəncəli ilə danışmısınız? Dedim yox, neçə vaxtdır xəbər ala bilmirik. Sən demə, onlar Pəncəlinin şəhid olduğunu bilirlərmiş. Amma biz bilmirdik. Bir gün sonra xəbər tutduq ki, şəhid olub, artıq rayona gətirirlər…

Mənə dedilər ki, onun nəşini birbaşa dəfn etməyə aparırlar. Evə gətirmirlər, səs-küy, ağlaşma olmasın deyə. Həm də istəmirdilər biz nəşini görək. Dözə bilmərik deyə. Tanınmaz vəziyyətdə idi çünki. Dedim, gedin deyin ki, mən oğlumu iki işarədən tanıyacağam… Bir qaşında çapığı vardı, bir də sinəsindəki xaldan. Dedim, gətirin səssizcə sağollaşaq, oğlum məni şəhidliyinə çoxdan hazırlayıb. Gətirdilər. Şəhid olana qədər biz onun xüsusi təyinatlı olduğunu bilməmişdik…

Həmişə evə gələndə bizə deyirdi ki, ana, dostlarımız şəhid olur, nəşini evlərinə aparanda bir də görürsən yaxınları hərbçilərə qarşı kobudluq edirlər. Deyirdi, ana, bu, yaxşı hal deyil. O vaxt başa düşmürdüm dediklərini. Şəhid olandan sonra başa düşdüm ki, o, məni elə bu vəziyyətə hazırlayırmış. 

Həmişə zəng edəndə axırda gülə-gülə deyirdi ki, ana, haqqını mənə halal elə. 18 il böyütmüsən. Dedi, ana səndən bir xahişim var. İstəyirsən “hə” de, ya da “yox” de. Dedi ki, “Ana, sənə qurban olum”. Sözünü kəsdim, dedim ana, sənə qurban olsun, sən yox. Dedi ana, illərdir məni böyütmüsən, haqqını halal elə. Acıqlandım, dedim bu nədir mənə deyirsən?! Elə bildim başqa şey istəyəcəksən. 

Pəncəli şəhid olanda, 2016-cı ildə, dəfn mərasiminə 20-dən çox döyüş yoldaşı gəlmişdi. Hərbçi yoldaşları hər dəfə məzuniyyətə gələndə ilk məni ziyarət edib, sonra evlərinə gedirdilər. 44 günlük müharibədən əvvəl də gəlmişdilər. Dedilər ki, ana, sizdən bir xahişimiz var. Siz Pəncəlinin anasısınız, bizə xeyir dua verin. Biz müharibəyə gedəcəyik… Müharibədən sonra həmin döyüşçülərdən cəmi 3-ü sağ qalmışdı. Elə bildim 20-dən çox Pəncəli itirmişəm…”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir