Müharibə

Nə qədər bədbəxt olmalısan ki, körpənə başqa xalqa qarşı nifrət öyrədəsən? – VİDEO

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Səhər qarşıma çıxan video bir daha məni ondan agah etdi ki, bu ermənilərdən adam olmayıb, olmayacaq da. Balaca erməni uşağı, heç doğru-düzgün danışa da bilmir, amma əlində Türk bayrağını əzir, vurur, öz dilində təhqir edir. 

Yəni bir qövm bu qədərmi bədbəxt olmalıdır ki, körpəsinə nağıl, hekayə danışmaqdansa, başqa xalqa-millətə qarşı nifrət öyrətsin? 
Nə qədər insanlıqdan uzaq olasan ki, dünyaya bir dəfə gələsən, övladına gözəl şeylər öyrətmək əvəzinə nifrət, qəddarlıq aşılayasan… 

XXI əsrdə insanlar Marsa köç eləmək barədə düşünən zaman, süni intellektin dünyanı zəbt etməyə hazırlaşan anında sən bu ermənilərin axmaqlığına bir bax! 

Aprelin 14-də İrəvanda Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı Azərbaycan bayrağının yandırılması hər kəsə məlumdur. O da məlumdur ki, erməni ictimaiyyəti bunu edəni də qəhrəman kimi qarşıladı. Və bu bir daha bizə mesaj idi ki, sizi əlimizə imkan düşdükcə incidəcəyik. Sülh barədə düşünməyin, olmayacaq. 

Azərbaycan isə əksinə sülhü dəstəklədiyi üçün bütün addımları da bundan çıxış edərək atır. Bütün mümkün müstəvilərdə bunu təqdim edir. 

Azərbaycan bayrağının səhnədə, özü də Ermənistanın baş naziri Paşinyanın gözü önündə yandırılması və təhqir olunmasından sonra
millimizin beynəlxalq yarışda çıxış etməyəcəyi barədə qərar verildi. 

Amma burada da Ermənistan növbəti təxribata əl atdı. Azərbaycan millisi hoteldə girov saxlanıldı. İdmançılarımız yalnız bir gün sonra Vətənə qayıda bildilər. 

Çoxu deyir ki, Azərbaycan millisi İrəvanda qalıb mübarizəni davam etməli idi. Amma Allah göstərməsin, millimizin bircə üzvünün burnu qanasaydı, hay-haray salacaqdılar ki, bayrağın yandırılması mesaj idi, dövlət niyə millini Ermənistandan təxliyə etmədi? Təəssüflər olsun ki, bu, bir neçə gün ərzində cəmiyyətimiz tərəfindən xeyli müzakirələrə səbəb oldu.

Bəziləri dedilər ki, ümumiyyətlə niyə Azərbaycan millisi İrəvana gedib? Digərləri dedilər ki, niyə qaytarıldılar? 

Üçüncü qrup isə söylədi ki, ümumiyyətlə milli, komandomuz kimi qabağına keçəni döyüb, ağız-burnunu dağıtmalıydı. Necə oldu ki, səhnədə Azərbaycan bayrağını bir erməni səhnəyə çıxaraq götürüb yandıra bildi? 

Həqiqətən də, bizimkilərlə dil tapmaq çox çətindir. 

Erməni dəqiq bilir ki, türk onun düşmənidir, uşağına da onu öyrədir. 

Biz hələ özümüzü tanımırıq, milli şüur sanki formalaşmayıb. 

Məqsədimiz agah deyil. Çünki hərə özünü o birisindən daha ağıllı sayır.

Dövlətin millimizi geri çağırmasından düzgün qərar ola bilməzdi. Çünki tarixdə idmançıların girov saxlanılması və məhv edilməsi barədə çox parlaq nümunələr var.

1972-ci ildə İsrail idmançıları ilk dəfə II Dünya müharibəsindən sonra Münhen Olimpiya oyunlarına ayaq basdılar. Bu, israillilərin Holokostdan sonra, yaşadıqları soyqırımından sonra qürur yaşadıqları an idi. 

Nəzərə alsaq ki, alman nasistləri tərəfindən II Dünya müharibəsi dövründə təqribi hesablamalara görə 6 milyon yəhudi milli mənsubiyyətinə görə məhv edilmişdi. Yəhudilərin isə düşmən torpaqlarına qayıtması fenomenal addım idi. Əslində Almaniya da bu oyunlar vasitəsilə öz qaranlıq keçmişinin üstündə xətt çəkmək istəyirdi. 

Amma ki, alman hakimiyyətinin verdiyi axmaq və qeyri-peşəkar addımlar ortaya başqa nəticəni qoydu. 

Niyə Münhen hadisəsinə qayıdıram? Çünki oxşarlıq həddindən artıq çoxdur. İsrail idmançılarına qarşı Fələstin ərəblərinin “Qara sentyabr” terror təşkilatı hərəkətə keçdi və Münhen Olimpiya kəndində İsrail millisinin qaldığı hotelə hücum edərək, onları girov götürürlər. 

Eynilə iki gün əvvəl Azərbaycan milli yığması bu cür hoteldə girov saxlanıldı və telefonları söndürüldü. Yığmanın hoteli tərk etməsi qadağan olundu. Fələstin və erməni paralelliyini görürsünüzmü? Heç də təsadüfi deyil ki, bu iki ölkə həm də ittifaqdadır. Eyni terror təfəkkürü, eyni düşüncə… 

Təəssüflər olsun ki, İsrail dövləti 1972-ci ildə nə qədər çalışsa da, Almaniyadan öz idmançılarını təxliyə edə bilmədi. Çünki bunun üçün xüsusi əməliyyat keçirilməli idi, almanlar isə öz ərazilərində bu hadisəyə İsrail kəşfiyyatı və komando qüvvələrinin müdaxiləsini istəmirdi. Və fələstinlilərin “maraqlarını” təmin edərək İsrail millisinin bütün üzvlərinin ölümünə səbəb oldu. Ən biabırçısı o idi ki, bütün baş verənlərdən sonra Almaniya dövləti heç bir şey olmamış kimi, hadisəni ört-basdır etməyə cəhd etdi. Amma “Mossad” sakitcə bu terrorda əli olan hər kəsi bir-bir məhv elədi. 

Həm də bu, İsrail dövlətinin yeni qayda – dünyanın hansı nöqtəsi olursa, olsun öz vətəndaşını özü qoruyacaq qaydasını tətbiq etməsinə səbəb oldu. 

Bu gün bu qaydanı Azərbaycan dövləti də həyata keçirir. İdmançılarımızı sağ-salamat təxliyə edərək, ilk növbədə onların təhlükəsizliyini təmin etdi. 

Bu gün isə gündəmdə Ermənistanda əsirlikdə saxlanılan iki əsgərin geri qaytarılması durur ki, bunun üçün bütün mümkün və qeyri-mümkün addımlar atılır. 

Ermənilərin istər əsgərimizə qarşı törətdiyi vəhşilik, əli-qolu bağlı, silahsız 18 yaşında gənci yerə uzadıb ağzına təpik vurması, istərsə də beynəlxalq yarışda bayrağımızı yandırması onların yalnız bir dili başa düşməsini bir daha gün işığına çıxarır. 

Bu da güc dilidir. “Bayrakdar”, “Harop”, “Lora” və digər müasir silahların dilini anlayır ermənilər. İstər sıravisi, istər də dövlət rəsmisi. 

Sonda hərbçimizin “bax, burada da bizimkilərdir, burada da bizimkilər, orada da bizimkilər” sözü ilə müşayiət etdiyi və çəkdiyi videoya diqqətinizi çəkmək istərdim. Videoda aydın görünür ki, dörd nəfər erməni əsgəri bizim postlar arasında yesir vəziyyətində durub. Bütün yüksəkliklər isə Azərbaycan bayrağının altında, hərbçilərimizin nəzarəti altındadır.  

Videoda səsi eşidilən Azərbaycan hərbçisinin səsini son 100 ildə bu qədər qürurlu, bu qədər özündən əmin, bu qədər güclü eşitməmişdim. 

Güclü və qalib olmaq isə budur.

Bayrağımız isə bizim əzəli torpaqlarımızda – İrəvanda da dalğalanacaq!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir