Müharibə

“Mübariz” filminin rejissoru: “Atası Ağakərim kişi filmdən sonra gözyaşlarını saxlaya bilmədi” – FOTO

Sharing is caring!


Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Mübariz” filmi nümayiş olunub.

Oxu.Az-ın əməkdaşı filmlə bağlı təəssüratlarını öyrənmək üçün rejissor Natiq Novruzla danışıb.

Rejissor filmin ərsəyə gəlməsindən bəhs edib:

“Baş prodüserimiz Nicat Mənalı 2012-ci ildə Mübariz İbrahimov haqqında ssenari yazıb. 2020-ci ilə qədər cəhd etsələr də, alınmayıb. Nicatla biz daha sonra görüşdük. Kastinqimiz çox uzun çəkdi. Baş rol axtarışında idik. Hərəkəti, davranışı, danışığı, xarakteri Mübarizə oxşayan birini axtarırdıq. Sonda Hüseyn Əliyevi tapdıq. O, aktyor olmasa da, çox yaxşı oynadı”.

N.Novruzov filmdə Mübarizin atdığı hər addımın lentə alındığını söyləyib:

“Film mübariz postunda çəkilib. Mübarizin atdığı addımları bir-bir vermişik. Azərbaycanda kino sahəsi başqa cürdür. Biz əziyyətlə bu işi ərsəyə gətirdik. Bu milli məsələ idi. Bacarmışıqsa nə xoş mənə. Filmdə ana rolunu istedadlı aktrisa Flora Hüseynovaya, ata obrazını isə Şamil Süleymanova həvalə etdik. Əla nəticə alındığını düşünürəm.

Filmdə Mübarizin həm uşaqlığı, həm orta yaşını, həm də böyüklüyünü çəkmişik. Film Tərtərdə Çaylı kəndinin ətrafında Mübarizin qulluq etdiyi və keçib erməniləri məhv etdiyi postda çəkilib”.

Natiq Novruzov Mübarizin ailəsindən razılıq alındığını qeyd edib:

“Ötən gün Biləsuvarda təqdimat mərasimi keçirildi. Mübarizin atası gəlib filmə baxdı. Razı qaldı. Ağakərim kişi göz yaşlarını saxlaya bilmədi. Bütün zal ağlayırdı. Dedi ki, “mən Mübarizin hərbçi olmağını istəmirdim. Lakin filmə baxandan sonra içimdə o istək yarandı”. Ssenari yazılanda ailəsindən razılıq alınmışdı.

Bu filmi digərlərindən fərqləndirən Mübarizin adının olmağı idi. Böyük məsuliyyət idi. Bu hissləri yaşadıq. Bacardığımızı etməyə çalışdıq. Filmdə onun əsgəri vurulur. Bu insanın beynində bir amal olur. O da Qarabağı almaq istəyidir. Onun şəhid olduğu səhnə də var. İlk təqdimat Bakıda, ötən gün Biləsuvarda oldu. Daha sonra Sumqayıt, Gəncədə olacaq”.

Ssenarist Nicat Mənalı qeyd edib ki, filmi ərsəyə gətirməkdə məqsədimiz Azərbaycan övladları üçün Mübarizin keçdiyi həyat yolunu örnək olaraq tammetrajlı film halında göstərmək idi:

“Uzun və çox çətin bir yola çıxmışdıq. Məsuliyyətli və şərəfli bir iş idi. Ağırlığı bizi qorxutmurdu. Çünki burada vətənpərvərlik hissi var idi. Bacardığımız qədər çətinlikləri asanlaşdırmağa çalışdıq. Filmin çəkilişin dövlət kanalımız da kömək etdi. Lakin şəxsi büdcədən də istifadə etdik. Vətənpərvər oğullarımız da dəstəklərini əsirgəmədilər”.

Nicat Mənalı əlavə edib ki, digər qəhrəmanlarımız haqqında da film çəkməyi düşünürük:

“30 ildən çox işğal altında qalan Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən igidlərimiz niyə də tarixdə qalmasınlar. Onları tarixləşdirmək üçün mahnılar, kitablar yazılmalıdır. Film dünyada təbliğatın ən yüksək tərəfidir. İgidlərimizin filmlərdə yaşamağını istədim. Başqa ölkələrdə insanlarımız da görsünlər ki, necə oğullarımız var.

Böyük çətinliklə də olsa, bu filmi ərsəyə gətirə bildik. Elə başa düşürəm ki, xalqımız zəhməti dəyərləndirəcək. Balalarımız üçün örnək olan bu film artıq sinemalardadır. Başqa qəhrəmanlarımız haqqında da film çəkməyi düşünürük. Xalqımızın zəhmətə dəyər verəcəklərini düşünürəm. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm..

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir Mübariz İbrahimov 18 iyun 2010-cu ildə, saat 23:30 radələrində məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlayıb. O, təkbaşına minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən düşmən mövqeyinə basqın edib. İbrahimov burada erməni qüvvələri ilə beş saat döyüşüb və səhər saatlarında şəhid olub.

O, 2010-cu ildə Azərbaycan Milli Qəhrəmanı və Azərbaycanda “ilin adamı” adlarına layiq görülüb.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir