Müharibə

Gəncədə erməni terroru: 16 saatlıq xilasetmə işləri, parçalanmış cəsədlər – ŞAHİD DANIŞIR + FOTO

Sharing is caring!

“İki il əvvəl ermənilərin Gəncə şəhərində törətdiyi terror aktı zamanı dağıntılar altında qalan insanlar üçün sanki yeni bir həyat yolu açmağa can atırdıq. Xocalıda törədilən erməni vəhşiliyinin Gəncədə də şahidi olduq”.

Bunu “Report”un Qərb bürosuna müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən Xilasetmə briqadasının hərbi qulluqçusu, qəza xilasetmə manqasının komandiri kiçik gizir Tural İsmayılov deyib.

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə dağıntılar altında qalan insanları xilas etməyə çalışanlardan biri də T.İsmayılov olub. O, söhbət zamanı əsas vəzifə borclarından biri kimi vətəndaşları dağıntılar altından sağ çıxarmağın olduğunu bildirib. 

Buna baxmayaraq, müsahibim təəssüflə bildirir ki, erməni terroru zamanı dağıntılar altında qalan insanlardan bəziləri dünyasını dəyişmişdi və onların cəsədlərini çıxarıblar. Ermənilərin Gəncədə törətdiyi terror hadisələrinin şahidi olan manqa komandiri dağıntılar altında qalmış insanları necə xilas etmələrindən söz açıb.

O qeyd edib ki, həmin vaxt xilasetmə avadanlıqları vasitəsilə beton plitələri, ağır tikinti materiallarını dağıdıb, dağıntılar altında qalan insanları xilas etməyə çalışıblar:

“Sanki yeni bir həyat yolu açmağa can atırdıq. Hadisə zamanı üzərinə divar uçan şəxsi dağıntılar altından sağ-salamat çıxararaq təcili tibbi yardım briqadasına təhvil verirdik, hər sağ çıxan insan bizə ruh yüksəkliyi verdiyi kimi, məsuliyyətimizi də artırırdı. Lakin dağıntılar altından dünyasını dəyişmiş vətəndaşlarımızı gördükdə isə üzülür, onları xilas edə bilmədiyimiz üçün özümüzü günahkar hiss edirdik. Amma istər Gəncədə, istər Bərdədə, istərsə də Tərtərdə törədilən terror hadisələrində əməkdaşlarımızla birgə böyük məsuliyyətlə öz vəzifə borclarımızı yerinə yetirərkən anlayırdıq ki, biz buna görə ruhdan düşməməliyik”.

Gəncə terrorunun ermənilərin törətdiyi Xocalı soyqırımının davamı olduğunu bildirən müsahibim vurğulayıb ki, xilasetmə əməliyyatı zamanı gördükləri düşmənin növbəti vəhşiliyinin təzahürüdür:

“Həmin vaxt işimiz insanları xilas etmək, dağıntılar altında qalanları sağ çıxarmaq idi. Amma raket atəşinə tutulan ərazilərdə hissələrə bölünən cəsədlər də görürdük. Çox acınacaqlı bir mənzərə idi. Xocalıda amansızlıqla törədilən erməni vəhşiliyi Gəncədə də yaşandı. Uşaq, böyük, yaşlı və qoca demədən mülki əhalinin yaşadığı bir şəhəri raket atəşinə tutmaq insanlığa sığmaz”.

T.İsmayılov xatırladıb ki, erməni terroru zamanı Bərdədə öz vəzifə borcunu yerinə yetirən FHN-in əməkdaşı Rəşad Şəfiyev şəhid olub, Aydın Əliyev isə yaralanıb:

“Biz raket hücumu nəticəsində dağılan ərazilərə gedən zaman hər an bizə də nəsə ola biləcəyini əvvəlcədən gözə almışdıq və buna baxmayaraq, bu, bizi heç vaxt qorxutmur və çəkindirmirdi. Oktyabrın 17-də terror hadisəsinin olduğu ərazidə 16 saatdan çox xilasetmə işləri apardıq. Təəssüf ki, orada da 5 nəfərin meyiti hissələrə bölünmüş halda tapıldı. Mən həmin anları dəhşətlə xatırlayıram. Hətta aylarla psixoloji müalicə aldım, çünki müharibədən öncəki xilasetmə işləri zamanı gördüyüm mənzərələrin heç biri o gecə şahid olduqlarımla müqayisə oluna bilməz”.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə, 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumuna məruz qalıb. Növbəti dəfə 2020-ci ilin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri şəhərə ballistik raketlə hücum edib. Raketlər şəhərin Muxtar Hacıyev küçəsində bir çox evlərin yerləşdiyi əraziyə düşüb. Bu terror aktı nəticəsində onlarla günahsız insan şəhid olub, çox sayda insan isə yaralanıb.

Gəncə terroru zamanı ciddi yanğın hadisələri olmasa da, böyük dağıntılar baş verib və FHN-in Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri dağıntılar altında qalan insanların xilas edilməsində böyük səylər göstəriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir