MARAQLI

Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan “arzu suyu”ndan – REPORTAJ

Sharing is caring!


Roma gəzintimin növbəti gününə elə şəhərin ikinci ən əhəmiyyətli simvolu olan Panteon məbədini ziyarətlə başladım. Qədim Roma dövründən günümüzədək qorunub saxlanan bu məbəd Kolizeydən cəmi 44 il sonra tikilib, yəni o da Kolizey kimi tarixin özüdür.

Yeddinci əsrə kimi bütün Tanrılara həsr olunan, yeddinci əsrdə isə təkallahlılıq inancına məğlub olaraq xristian kilsəsinə çevrilən məbəd hazırda rəsmi olaraq Müqəddəs Məryəm və Şəhidlər Bazilikası adını daşıyır. Lakin bütün dünya onu Panteon olaraq tanıyır və ziyarət edir, bu ad isə onun ilkin mahiyyətini özündə ehtiva edir. Belə ki, “Pantheon” sözü yunanca “hamısı” mənasını verən “pan” və “tanrılar” mənasını verən “theos” sözlərindən əmələ gəlib. Yəni buraya yarandığı gündən Romanın bütün tanrılarının evi kimi yanaşılıb. Tarixən funksiyası dəyişdirilsə də, göründüyü kimi ad öz statusunu əsrlərdir qoruyur. Ümumiyyətlə, deyəsən, Panteon bütün gözəllikləri elə daxilində gizləyir. Çünki buranın çöldən görüntüsü qətiyyən Kolizey kimi əzəmətli və cazibədar deyil. Bura qübbəli damı olan dairəvi binadır. Ancaq qonaqları heç də Kolizeyinkindən az deyil. Şəhərin mərkəzində yerləşdiyi üçün insanlar dörd bir yandan buraya axın edirlər. Çünki kənardan çox sadə təsir bağışlayan bu günbəzin daxili görüntüsü onun dünyanın nadir memarlıq nümunələrindən olduğunu sübut edəcək qədər ecazkardır.

Bildirim ki, Panteon dünyanın ən böyük dəmir-beton günbəzinə sahibdir və bu günbəzin naxışları ilə digər elementləri olduqca unikaldır. Belə ki, günbəzin mərkəzində ən zirvədə göz formasında açıq hissə var. Bu hissə təbii işığın içərini işıqlandırmasına imkan verir və bu, məbədlə göylər arasındakı əlaqəni təmsil edir. Praktiki olaraq göz həm də yağış suyunun binadan axmasına imkan verən drenaj sistemi kimi xidmət göstərir. Günbəzin ən əhəmiyyətli xüsusiyyəti isə diametrin döşəmədən gözə qədər olan hündürlüklə eyni olması və möhtəşəm kürə yaratmasıdır. Elə ona görə də Panteon mühəndislik möcüzəsi kimi sonrakı günbəzli strukturlar üçün nümunə olub və bir çox binanın tikintisində memarlar ondan ilhamlanıb. Bu tikili Mikelancelo da daxil olmaqla, çoxsaylı intibah memarlarının yaradıcılığına təsir göstərib. Panteonun digər bir detalı isə II Viktor Emmanuel və I Umberto kimi kralların və bir sıra mühüm şəxsiyyətlərin məzarının burada olmasıdır.

II Viktor Emmanueldən söz açmışkən, sizləri elə onun şərəfinə salınmış II Viktor Emmanuel abidəsi ilə tanış etmək yerinə düşər. Neoklassik üslubda inşa edilmiş abidə bu gün şəhərin milli simvollarından biri hesab olunur. Romanın mərkəzi meydanı olan Piazza Venezia ilə qədim Kapitoli təpəsi arasında yerləşən tikili 1885-1935-ci illər arasında inşa edilib və 81 metr hündürlüyə sahibdir. Ağ mərmərlə örtülü bina onu bəzəyən heykəltəraşlıq nümunələri, korinf sütunları, kollonada, əzəmətli eyvanı və 243 pillədən ibarət olan pilləkəni ilə şəhərə xüsusi gözəllik qatır. Buradakı heykəllərin hər biri xüsusi əhəmiyyət kəsb edir. Onlar arasında mərkəzi hissədə II Viktor Emmanuelin, onun alt hissəsində Roma ilahəsinin, binanın hər iki ucunda isə tanrıça Viktoriyanın heykəlləri dayanır. Roma ilahəsi heykəlinin altında isə Birinci Dünya müharibəsində həlak olmuş və itkin düşmüş italyan əsgərlərə həsr olunan Naməlum Əsgər məzarı yerləşir ki, bu məzar hazırda iki əsgər tərəfindən mühafizə olunur. Hər il Qurtuluş Günü, Respublika Günü və Silahlı Qüvvələr Günü kimi mühüm milli bayramlarda İtaliya Prezidenti və yüksək dövlət rəsmiləri məzarın qarşısına dəfnə çələngi qoyaraq onların xatirəsini yad edirlər. Yəni Viittoriano həm də belə milli bayramlara ev sahibliyi edir.

Şəxsi təəssüratlarıma gəldikdə isə, bütün elementləri ilə bu möhtəşəm abidə mənə vahid İtaliya memarlığından daha çox Qədim Roma tikilisi təsiri bağışladı. Zirvəsinə qalxmaq bir az yorucu olsa da, onun düşünülmüş detallarını gözlərimlə görmək mənəvi olaraq gözəl duyğular qazanmağıma səbəb oldu. Bundan əlavə, binanın eyvanından şəhərin gözəlliyinə tamaşa etmək də olduqca zövqlü idi. Binanın qarşısında iki İtaliya bayrağı sancılıb ki, həmin detal Piazza Venezia meydanının cazibəsini xeyli artırır. Burada diqqətimi çəkən əsas məqam isə bayrağın bərabərində eyvana qonan qağayı oldu. Ətrafdakı insanlar bayraqla onun birgə şəklini çəkməyə çalışarkən qağayı qorxub uçmaq yerinə, əksinə, sanki kadrın gözəl alınması üçün məharətlə poz verməyə başladı. Hətta bizlərin kadr götürə bilmədiyini sezərək, bayrağa doğru yeridi və gövdəsini dikəltdi. Həmin an bunun bir təsadüf olduğunu düşünsəm də, daxilimi bürüyən marağa görə evə döndükdən sonra çəkdiyim fotonu axtarışa verdim. “Pinterest”, “Instagram” kimi sosial platformalarda eyni məkanda onlarla qağayılı bayraq fotosuna rast gəldim. Onun qağayı yox, məhz “prima donna” olduğunu anladım.

II Viktor abidəsindən sonra ziyarət etdiyim yer isə elə onun kimi mistik auraya sahib olan Trevi fəvvarələri oldu. Üç yolun kəsişməsində yerləşdiyi üçün belə adlandırılan fəvvarə Romadakı ən böyük barokko fəvvarəsidir və şəhərin gözəllik simvolu sayılır. XVII əsrdə salınmış Trevinin gur və təmiz suyu ilə maraqlı heykəlləri bu gün onu dünyada olduqca məşhur bir səyahət nöqtəsinə çevirib. Viittorianodakı kimi buradakı heykəllərin də hər birinin xüsusi mənası var. Bəziləri bolluğu, bəziləri isə sağlamlığı simvolizə edir. Ancaq aralarındakı ən önəmli heykəl Qədim Roma mifologiyasında dəniz və sel tanrısı olan Neptunla bağlıdır. Neptunun iki dəniz atının çəkdiyi arabada ayaqüstə dayanmasının təsvir olunduğu bu heykəl fəvvarənin düz mərkəzində quraşdırılıb. Fikrimcə, Trevi fəvvarəsini məşhur edən ona gözəllik qatan memarlıq toxunuşlarından daha çox, onun suyu ilə bağlı yayılmış mifik inancdır. Həmin inanca görə, Trevini görməyə gələn şəxs sağ əli ilə sol çiynindən suya sikkə atmağı bacarsa, o, yenidən Romaya gələcək. Bu şəkildə iki sikkə atmağın sevgi, üç sikkə atmağın isə evlilik və ya boşanma gətirəcəyinə inanılır. Mən də, öz növbəmdə, bir sikkə atdım, amma sol əlimlə sağ çiynimdən…

Trevinin görüntüsü məndə böyük təəssürat yaratdığı üçün gün ərzində ona iki dəfə – günorta və axşam radələrində baş çəkdim. İşıqlarla bəzədilən fəvvarənin axşam görüntüsü sizə böyük bir hüzur bəxş edir. Ancaq sıxlıq həmin hüzuru saniyələr içərisində əlinizdən alır. Gün ərzində gəzdiyim məkanlar arasında ən çox sıxlığı məhz Trevinin qarşısında müşahidə elədim. Ziyarətçilər suya sikkə atmaq üçün bir-biri ilə yarışırlar. Görünən odur ki, dünyanın hər yerində insanların ümidə və aldanmağa ehtiyacı var. Bizim bu aldanışlarımız hesabına hər gün bu “saf” sulara üç min avro civarında pul atılır. İl ərzində Trevidən 1,5-2 milyon avroya yaxın pul toplanır. Bəzi şəxslər isə qeyri-qanuni olduğu halda, həmin sikkələri oğurlamağa çalışırlar. Bunu öyrənən mən sual edirəm: Görəsən, oğrular oğurladıqları sikkələrlə birlikdə diləklərimizi də oğurlayır və xərcləyirlər? Sizə isə səyahət zamanı daxilinizdə gizlənən diləkləri cücərdəcək bəhanələr tapmağınızı arzu edirəm.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir