MARAQLI

Qan donoru: “Ömrümün sonuna qədər bu missiyanı davam etdirməyi düşünürəm”

Sharing is caring!


Qan bizə hər zaman lazım olan təbii amildir. Ölkəmizdə qanazlığından əziyyət çəkənlər az deyil. Bəzilərində bu xəstəlik irsidir, bir çoxlarında isə sonradan yaranıb.

Qan xəstələrinə yardım edən donorlarımız da var. 23 dəfə qan verib, 50 insanın həyatını qurtaran Sərdar Yusifoğlu sosial şəbəkədə qan xeyriyyəçisi kimi tanınır.

Oxu.Az-ın əməkdaşı qan donoru Sərdar Yusifoğlu ilə danışıb.

Onun sözlərinə görə, vaxtilə o, özü də qanazlığından əziyyət çəkib:

“Əslində mən uşaq yaşlarımdan qanazlığından əziyyət çəkmişəm. Daha sonra müalicələr nəticəsində sağaldım. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa qan donoru olaram”.

S.Yusifoğlu ilk dəfə 2009-cu ildə qan verdiyini söyləyib:

“İlk dəfə 2009-cu ildə qan verdim. Sonradan bu, mənim üçün mütəmadi hal aldı. Qan verən adam gərək sağlam olsun, ağır əməliyyat keçirmiş olmasın. Qan donorluğu aktivliyimə 2019-cu ildə başladım. Bundan sonra ehtiyacı olan insanlara qan xeyriyyəçiliyi edək.

İlk dəfə qan verəndə mən də düşünürdüm ki, ziyanı ola bilər. Sonradan gördüm ki, elə deyil. Dostlarımı da təşviq etdim. Qana ehtiyacı olan çox insanlar var idi. Çalışdım ki, yardım edim”.

Qan donoru ən çox uşaqlara donorluq etdiyini qeyd edib:

“Sonuncu dəfə noyabrın 23-də xərçəng xəstəliyindən əziyyət çəkən şəxsə qan vermişəm. Pandemiyadan öncəki dövrlərdə ildə 4 dəfə qan verirdim. Əsasən 6-13 yaş arasında olan uşaqlara qan vermişəm.

İnsanın özünün qana ehtiyacı olmayanda, qana ehtiyacı olan insanları tam dərk edə bilmir. Sonradan gördük ki, qan sülhməramlıları sayılırıq. İnsanların həyatını qoruyuruq. İnsanlar bilsinlər ki, ehtiyacı olan çoxdur. Qan verməyimiz xeyir işdir. Ömrümün sonuna qədər bu missiyanı davam etdirməyi düşünürəm”.

 “Qan Donorları Assosiasiyasının” sədri Fuad Əsgərovun sözlərinə görə, öncəki dövrlərə nisbətən son illər qana olan tələbatın böyük hissəsi ödənilir:

“Donorların rəsmi sayı stabil deyil. Mütəmadi olaraq dəyişir. Qan elə tibbi vasitədir ki, hər zaman ona ehtiyac olur. Donorluq heç vaxt stabil qalacaq vəziyyətdə deyil. Yeni xəstəliklər yaranır. Donor o zaman bir daha qan verə bilmir və donorluğu bitir.

Bizim onlarla qan donorumuz var. Uşaq ölümünə qarşı mübarizə aparıblar. İl ərzində 3 dəfə qan veriblər. Bir insanın qanı 2, bəzən də 3 nəfərə vurulur. Bu da həmin şəxsləri həyatda saxlayır”.

F.Əsgərov qeyd edib ki, Assosiasiyanın məqsədi irsi qan xəstəliyindən əziyyət çəkənlərə könüllü qan verməkdir:

“Assosiasiya 2007-ci ildən fəaliyyət göstərir. Elm nə qədər inkişaf etsə də, qanı əvəz edən tibbi vasitə yoxdur. İnsan öz həyatını itirmə riski ilə yaşayır.

Assosiasiyanın yaranmasından şəxsi təşəbbüsümün olmasının özəl səbəbləri var. Mən irsi, hemofiliya xəstəliyindən əziyyət çəkirəm. Ailə üzvlərimi də bu xəstəlikdən itirmişəm. Elə öz üzərimdə yaşadığım qayğılar səbəb oldu ki, bu təşəbbüsü edim. Zamanında dəstək göstərmək lazımdır”.

Hematoloq həkim Naidə Hüseynzadə əlavə edib ki, qan donorluğu edib, ziyanlı tərəfləri ilə qarşılaşan olmayıb:

“Hər bir sağlam insan 3 və ya 4 aydan bir qan verə bilər. Qan verməyə gedəndə xroniki xəstəliyinin olub olmaması yoxlanılır. Bütün analizlərdən keçirilir. Analizlər normal çıxan şəxsdən qan alınır”.

N.Hüseynzadə qanazlığının qadınlarda daha çox rast gəlindiyini bildirib:

“Kişilərdə qanazlığı xəstəliyinə az rast gəlinir. Bu səbəbdən kişilər qan donorluğunda daha çox iştirak edirlər. Qan donorluğu edib, ziyanlı tərəfləri ilə qarşılaşan olmayıb. Müsbət tərəfi var. Qan yenilənir.

18 yaşdan aşağı 60 yaşdan yuxarı şəxslər qan verə bilməz. Əksərən qadınlar müraciət edirlər”.

Mərkəzi Qan Bankından Oxu.Az-ın sorğusuna verilən məlumata görə, 2022-ci ildə bankda və bölgələrdə 8 bölməsində 82 733 nəfər qan verib:

“18-65 yaş arası, çəkisi 50 kiloqramdan yuxarı olan sağlam insanlar qan donoru ola bilərlər. Kişilər ildə 4 dəfə hər 3 aydan bir, qadınlar ildə 3 dəfə, hər 4 aydan bir qan verə bilərlər. İlkin olaraq qan donorluğuna müraciət edən şəxslər həkim tərəfindən aparılan donor müayinəsindən keçirilir və daha sonra qan verə bilirlər. Əgər hər hansı bir uyğunsuzluq olduğunda qan donoru olmağa icazə verilmir. Qan donoru olduğumuzda ümumi qan həcminin 1/13 hissəsini qan vermiş oluruq. Günlük həyatımıza təsir etməyəcək miqdarda qan vermiş oluruq.

Qan verdikdə yeni qan hüceyrələrimiz yaranır, bəzi elmi məqalələrdə göstərilir ki, infarkt, insult riskini azaldır. Ən önəmlisi isə emosional rifahımıza müsbət təsir göstərir. Çünki 1 vahid qan verdiyimiz zaman, 3 nəfərin həyatını xilas etmiş oluruq. 1 vahid qandan 3 fərqli qan komponenti hazırlanır”.

Sonda qeyd edilib ki, hazırda Mərkəzi Qan Bankı və regionlarda yerləşən 8 bölməsində qan komponentlərinin ehtiyatı kifayət qədərdir. Ancaq unutmamaq lazımdır ki, qan təcili deyil, daimi ehtiyacdır. Qan vermək üçün ehtiyac anını gözləməyin”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir