Manşetüstü

Bayrağımız qürur mənbəyimiz, and yerimizdir

Sharing is caring!

Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Bayraq isə xalqların, millətlərin dövlətçilik ənənələrini, milli dəyərlərini, müstəqilliyini əks etdirən atributdur.
Üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 105 il əvvəl – 1918-ci il noyabrın 9-da qəbul olunub.

1988-ci ildə Azadlıq meydanında dalğalanan bayrağımız rəsmi olaraq 1990-cı il yanvar ayının 19-da Naxçıvan Ali Sovetinin binası üzərində ucaldıldı. Milli özünüdərkin təmin olunması prosesinin tərkib hissəsi kimi, 10 ay sonra-1991-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın rəsmi bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də Ali Sovetin “Dövlət bayrağı haqqında” Qanununa əsasən, üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verildi.

Azərbaycan bayrağı haqqında Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda bir neçə mühüm dövlət sənədi imzalanmışdır: “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” (13 mart 1998-ci il), “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu” (8 iyun, 2004-cü il), “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında (2007-ci il noyabrın 17-də) sərəncam, digər fərmanlar və qanunlar dövlət səviyyəsində bayrağımıza olan ehtiramın bariz nümunəsidir.

Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verib. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaltdı. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə oldu. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

Oktyabrın 15-də tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı.

Prezident İlham Əliyev Xankəndidə dövlət bayrağımızı qaldırmaqla separatizmə, buna dəstək verənlərə bildirmiş oldu ki, özünüz və güvəndiyiniz revanşist qüvvələr bir daha Azərbaycanın suverenliyini pozmağa cəhd belə edə bilməyəcək.

Aysun Həsənli
Şəhid mayor Elşad Həsənovun qızı, Xəzər Universitetinin I kurs tələbəsi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir