manset Sosial

Sahil Babayevin Qubadakı adamı vətəndaşlardan niyə gizlənir?

Sharing is caring!

Uşaqların sayına görə analar üçün tətbiq olunan güzəştlər həmişə diqqət mərkəzində olub. Hazırda cəmiyyətimizdə azuşaqlılıq tendensiyası daha çox inkşaf etsə də, 3 və daha çox övladı olan ailələr də az deyil. Çoxuşaqlı analara tətbiq olunan güzəştlər sırasında təqaüdə daha tez çıxmaqla bağlı olanı bügünkü məqaləmizin mövzusudur.
            Beş və daha çox uşaq dünyaya gətirib onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni, 61 yaşında çixmalıdılarsa, 5 il azaldılır. Nəticədə 56 yaşında əmək pensiyasına çıxır. Amma bunun üçün 7 -ci maddəyə nəzər yetirək: 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Sosial müavinətlər haqqında qanunun 1.0.2 maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər – əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud  18 yaşına çatanadək sağlamlıq  imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Göründüyü kimi, 3 uşaqla yalnız qocalığa görə 57 yaşında pensiyaya çıxmaq olar.
            Bu müstəvidə baş verən hüquqpozmalarla bağlı şikayətlər hərdən KİV-ə də yol tapır. Mediatv.az saytının redaksiyasına Quba rayonunun İvanovka kəndində qeydiyyatda olan, hazırda Bakıda yaşayan üç övlad anası İradə Əliyeva müraciət edərək bildirmişdir ki, 57 yaşında deyil 1 il 4 ay gec çıxıb. Lakin ötən həmin müddətə görə ona pensiya hesablanmayıb. Bu məsələni həll etmək vəzifəsini daşıyan Quba rayon DSMF  onun müraciətlərinə biganə yanaşır. Vətəndaş Mediatv.az-a bildirir ki, artıq 5-6 dəfə Bakıdan Qubaya gedərək şöbə müdiri Vüsal müəllimin qəbuluna düşmək istəyib. Çünki, müdirdən aşağı bütün vəzifəli şəxslər müdir olmadan müraciətin müsbət həlli üçün heç bir addım atmağa cəsarət etməyiblər. Məsələnin gah şöbə müdirindən, gah da Bakıdan, yəni, nazirlikdən asılı olduğunu deyiblər. İ.Əliyevanın cəhdlərinin son nəticəsi də bu olub ki, ya Vüsal müəllimi yerində tapmayıb, ya da müdir onu aldadaraq aradan çıxıb. Hətta bir dəfə Qubada olarkən, şöbə müdirinin qəbuluna düşməyə hazırlaşarkən redaksiyamıza zəng edib vəziyyət barədə məlumat da verdi. Öz növbəmizdə Vüsal müəllimə zəng vurub vətəndaşın müraciətinə nəyə görə həssas yanaşılmadığını soruşduq. Şöbə müdiri vəd etdi ki, İradə xanım günortadan sonra ona yaxınlaşsa, qəbul edib dinləyəcək, problemin həllini tapması üçün əlindən gələn köməkliyi əsirgəməyəcək. Lakin, günortadan sonra müdir işinin üstünə qayıtmayıb. Vətəndaş da iş gününün sonunadək onu narahatçılıqla gözləyərək boş yerə vaxtını itirib və dolaşıq fikirlərlə baş-başa qalıb: “Əcəba, Vüsal müəllim şöbənin işini distant olaraq məsafədənmi idarə edir? Elədirsə,niyə virtual qəbul keçirmir, qəbula gələn vətəndaşlarla görüntülü danışmır?”
            “Mən xalqımın xidmətçisiyəm” – deyən ölkə başçısı cənab İlham Əliyev bütün məmurlara ciddi tapşırıq verir ki, vətəndaşların müraciətlərinə həssas yanaşsınlar, onlarla nəzakətli rəftar etsinlər. Amma deyəsən, bu tapşırıqların Vüsal bəyə aidiyyəti yoxdur. Onun rəhbərlik etdiyi şöbəyə işi düşən vətəndaşlara laqeyd münasibət göstərilir, sosial müdafiəyə ehtiyacı olan insanlar get-gələ salınırlar.  Sanki bu yolla vətəndaşlara mesaj verilir ki, üzləşdikləri bu süründürməçilikdən can qurtarmaları üçün onlardan nəsə təmənna umulur. Başqa sözlə, elə dözülməz şərait yaradılır ki, vətəndaşlar həmin təmənnanı ödəməyəcəkləri təqdirdə qanunvericilikdə təsbit olunmuş hüquqlarını həyata keçirmək, haqqlarını almaq cəhdlərinin uğursuz olacağı fikri ilə barışsınlar. Problemlərinin qanuni həlli yolunun “uzundərə” olduğunu görüb məmurlardan tələb deyil, xahiş etmək zorunda qalsınlar.
            Maraqlıdır, görəsən əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevin Qubadakı adamı Vüsal bəyin işdəycələrindən xəbəri varmı? Yoxsa, bütün digər rayonlarda da vəziyyət məhz bu  cürdür?
            Mövzuya qayıdacağıq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir