Mədəniyyət

“Şuşa – tələbələrin gözü ilə” layihəsi çərçivəsində yekun forum başa çatıb

Sharing is caring!


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilən “Şuşa – tələbələrin gözü ilə” layihəsinin yekun forumu 29 sentyabr tarixində Bakı Gənclər Mərkəzində uğurla başa çatıb.

300-ə yaxın gəncin iştirak etdiyi yekun forumun əsas məqsədi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 3 və 5 sentyabr tarixlərində 180-dən çox gəncin iştirakı ilə həyata keçirilən “Şuşa – tələbələrin gözü ilə” layihəsi çərçivəsində təşkil olun iki səfərin ümumi nəticəsini ictimaiyyətə təqdim etmək olub.

Açılış mərasimində Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək tələbələrə uğurlar arzulayıblar. Açılış mərasimi Milli Konservatoriyanın tələbələrinin segah muğamı ilə davam edib.

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalovun moderasiyası ilə “Şuşanın, eləcə də Qarabağın beynəlxalq münasibətlərdə Azərbaycan üçün əhəmiyyəti” adlı panel müzakirəsi keçirilib. Paneldə spikerlər mövzuya və tələbələrin suallarına uyğun olaraq insan hüquqları, mədəni irsimizin qorunması və media savadlılığının əhəmiyyəti kimi vacib məqamları vurğulayaraq interaktiv müzakirələr aparıblar.

Layihə çərçivəsində səfərlərdə iştirak edən memarlıq, hüquq, diplomatiya və jurnalistika ixtisasları üzrə təhsil alan yerli və xarici tələbələrin layihənin gedişatında göstərdiyi fəaliyyətin hesabatı təqdim olunub.

Sadalanan ixtisaslarda təhsil alan tələbələrin hazırladığı təkliflər mükafatlandırılıb. Belə ki, tələbələrə layihənin gedişatında hazırladıqları beynəlxalq məhkəmələrə ünvanlanacaq “ən yaxşı müraciət”, Qarabağın beynəlxalq münasibətlərdəki əhəmiyyətinə dair “ən yaxşı hal araşdırması”, kütləvi informasiya vasitələrində Şuşa ilə bağlı həqiqətlərə dair məzmun paylaşılması istiqamətində “ən yaxşı məqalə”, Şuşanın, eləcə də işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasında memar yanaşmasına dair “ən yaxşı layihə” nominasiyalarında mükafatlar təqdim olunub.

Layihədə iştirak edən əcnəbi gənclər də sosial media platformalarında təəssüratları ilə bağlı  paylaşımlarına görə mükafatlandırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir