Mədəniyyət

İlk dəfə “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır

Sharing is caring!


Noyabrın 1-də Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi – Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olacaq.

Oxu.Az xəbər verir ki, bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir.

Sərgidəki eksponatlar vasitəsilə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin tarixi, Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerini izləmək mümkün olacaq.

Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Hərb Muzeyində (“Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı”) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar. Bu eksponatlar ilk dəfə Azərbaycanda təqdim olunacaq.

Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) anadan olmasının 600-cü ildönümüdür. Sərginin “Uzun Həsən və Ağqoyunlu dövləti”, “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti”, “Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət”, “Sara Xatun – Azərbaycan tarixində ilk diplomat qadın”, “Despinə Xatun” və digər bölmələrində Sultan Uzun Həsən haqqında, onun anası, apardığı diplomatik danışıqlar nəticəsində bir çox müharibələrin qarşısını almağa müvəffəq olmuş Sara Xatun, Uzun Həsənin öz gözəlliyi ilə insanları valeh edən həyat yoldaşı Despinə Xatun haqqında da məlumatlar yer alacaq.

Ekspozisiyadakı “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti” bölməsində ziyarətçilərə Sultan Uzun Həsənin yürütdüyü siyasət, Ağqoyunlu dövlətini kiçik bəylikdən böyük imperiyaya çevirməyə nail olmasından danışılacaq.

Sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş etdiriləcək. Fərdi kolleksiyada saxlanılan, Uzun Həsənin qılınc və xəncərinin XV əsr texnologiyaları ilə düzəldilmiş replikaları, həmçinin dövrün hərbi ləvazimatlarından olan oxçu üzükləri də sərgidə görmək mümkün olacaq.

“Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət” bölməsinə xüsusi yer ayrılması da təsadüfi deyil. Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq və incəsənətin inkişafını nümayiş etdirən fotoşəkillər, Topqapı Saray Muzeyi tərəfindən təqdim edilən miniatürlərin surətləri ziyarətçilərə təqdim ediləcək.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Gəncə tarix-diyarşünaslıq muzeyi və Azərbaycan Milli Kitabxanasının fondlarındakı Ağqoyunlu dövrünə aid eksponatlar nümayiş olunacaq.

Eksponatlar arasında 1470-80-ci illərə aid Təbriz miniatürlərinin əsasında tikilmiş Ağqoyunlu dövləti hökmdarının rəsmi geyimini də görmək mümkün olacaq. Sərgi üçün xüsusi olaraq üzərində XV əsrə aid nadir Təbriz miniatürünün təsvir edildiyi xalçalar da hazırlanıb.

Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar yer alacaq.

Ağqoyunlu dövrünə aid bəzi məlumatlar həm də multimedia və interaktiv vasitələrlə çatdırılacaq. İnteraktiv xəritə ilə ziyarətçilərə Ağqoyunlu dövlətinin sərhədləri, onun ərazisindən keçən ticarət yolları, şəhərləri, ən möhtəşəm tikililəri təqdim ediləcək.

Ekspozisiyanın kinozalında Uzun Həsənə həsr edilən sənədli film də nümayiş olunacaq.

Sərginin suvenir bölməsi isə ziyarətçiləri cəlb edəcək məkanlardan biri olacaq. Burada Ağqoyunlu dövləti, Uzun Həsənə həsr olunan və digər maraqlı suvenirlər təqdim ediləcək.

Qeyd edək ki, sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitab da hazırlanıb.

Sərgi 2024-cü il 17 yanvar tarixinədək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir