Kriminal

Arvadını öldürüb, qayınanası və qaynını yaralayan şəxs qızını oğurluğa məcbur edibmiş – MƏHKƏMƏ

Sharing is caring!

Bakıda arvadını öldürüb, qayınanası və qaynını öldürməyə cəhddə təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, Bəxtiyar Məmmədovun keçirdiyi həyat tərzi ilə bağlı evdə arvadı Ülkər Məmmədova ilə mübahisəsi yaranıb. Bu zaman Ülkər Məmmədova qardaşı Heydər Hacıyev və anası Fəridə Hacıyevanı çağırıb. Bundan hiddətlənən Bəxtiyar Məmmədov azyaşlı övladlarının gözü qarşında arvadını bıçaqlayaraq qətlə yetirib, qaynı və qayınanasını bıçaqlayıb.

Bəxtiyar Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, arvadını öldürmək məqsədilə bıçaqlamayıb. Bəxtiyar Məmmədov hazırda ifadə vermək istəmədiyini də söyləyib.

Daha sonra zərərçəkmiş şəxs qismində danışan Heydər Hacıyev bildirib ki, əvvəlcə onların ailə işinə qarışmaq istəməyib, amma sonradan polisə müraciət edib. Zərərçəkmiş deyib ki, bacısının evinə gedərək Bəxtiyar Məmmədovla danışıb:

“Onların mübahisələrinə aydınlıq gətirilməsi üçün söhbət etdik. Bəxtiyara rayona getməyi, sakitlik yaranandan sonra gəlməyi məsləhət gördüm. Amma Bəxtiyar getmədi. Bundan sonra Ülkərə dedim ki, durun gedək, burada nəsə hadisə baş verəcək. Bu zaman Bəxtiyar məni bıçaqla vurdu. Bacım və anam mənə kömək etmək istədilər. Bəxtiyar onları da vurdu”.

Zərərçəkmiş deyib ki, hadisədən üç gün sonra bacısının öldüyünü bilib.

Heydər Hacıyev onu da bildirib ki, Bəxtiyarın anasını vurmasını təfsilatı ilə görə bilməyib:

“Mən Bəxtiyara müqavimət göstərməmişəm. Lazım olsaydı, ona müqavimət də göstərərdim, 14 il idmanla məşğul olmuşam”.

Digər zərərçəkmiş Fəridə Hacıyeva isə 52 il müəllim işlədiyini deyib. O qeyd edib ki, qızı Ülkərin ailəsində mübahisələr olub:

“Biz burada çox şeyi demirik. Qızımın qızıllarını da oğurlayıb, lombarda qoyub, özünə pul götürüb. Sonradan biz həmin qızılları lombarddan götürdük. Nəvəmə telefon almışıq, onu da satıb. Bəxtiyar qızı Leylanı evdən oğurluq etməyə məcbur edib. Nəvəm atasının sözünə qulaq asmayıb. Qızım Ülkər mənə bir söz deməyib ki, şəkər xəstəsiyəm, eşidərəm, komaya düşərəm”.

Proses iyulun 22-də davam etdiriləcək.

Qeyd edək ki, fevralın 25-də Xətai rayonu ərazisində Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir