Kriminal

Rüşvətə görə tutulan sabiq vəzifəli şəxslərin yenidən məhkəməsi başladı

Sharing is caring!


Sumqayıt Apellyasiya Məhkəməsində balıqçılardan 287 min 660 manat rüşvət almaqda təqsirli bilinən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq vəzifəli şəxsləri – Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 19-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlara şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti, prokurorluq isə apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi nə şikayəti, nə də protesti təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Qeyd: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci illər ərzində balıq ovu mövsümündə Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 min 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir