İqtisadiyyat

Azərbaycan azad edilmiş ərazilərdə “yaşıl enerji” konsepsiyası tətbiq edir

Sharing is caring!

Bu gün dünyada sənayeləşmə və rəqəmsallaşmanın sürətlə getdiyi bir dövrdə ən əhəmiyyətli məsələlər sırasında enerji təhlükəsizliyi dayanır. Eyni vaxtda həm enerjiyə artan tələbatın təmin edilməsi, həm də qlobal ekoloji tələblərə əməl edilməsinin vacibliyi dünya ölkələrinin bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməyə sövq edir. Bu baxımdan qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir, bərpa olunan enerji texnologiyalarının sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” isə keçidini sürətləndirməkdədir.

Təbii ki, bunun üçün də ən müasir texnologiyalardan istifadə önəmlidir. 2019-cu ildən başlayaraq dünyanı ağuşuna alan yeni növ koronavirus (COVID-19) pandemiyası digər sahələrə olduğu kimi elektroenergetika sahəsinə də təsirsiz ötüşmədi.

“Report” xəbər verir ki, statistik göstəricilərə görə, 2020-ci ildə dünya miqyasında ümumi gücü 260 QVt-dan çox olan bərpa olunan enerji stansiyaları istismara verilib ki, bu, 2019-cu ildəki rekordu təxminən 50 % üstələyir. Bu, bir daha onu göstərir ki, bərpaolunan enerji mənbələrindən istifadə dünyanın əsas predmetinə çevrildiyi üçün heç bir qapanma və pandemiya onun qarşısını ala bilməyib.

Ayrı-ayrı enerji növlərində artım göstəriciləri fərqli olsa da, reallıqda dinamik inkişaf müşahidə olunur.

Qlobal olaraq bərpa olunan enerjinin əhəmiyyəti yüksək qiymətləndirildiyi üçün beynəlxalq təşkilatlar da bu enerji keçidinin sürətlənməsinin tərəfdarıdır.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına əsasən, bu sektorda dünyada 2019-cu ildə 11,5 milyon, 2020-ci ildə isə 12 milyon adam iş tapıb. IRENA bu rəqəmin 2030-cu ildə 24-25 milyon, 2050-ci ildə isə 43 milyon nəfər olacağını proqnozlaşdırıb.

Qlobal iqtisadiyyatın tərkib hissəsi olan Azərbaycan da bu trendlərdən geri qalmır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nin müəyyənləşdirildiyini nəzərə alaraq qeyd etmək olar ki, qarşıdakı dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə diqqət daha da artırılacaq. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan 2026-cı ilədək ümumi enerji qoyuluşunda bərpaolunan enerji mənbələrinin payının 24 %-ə, 2030-cu ilə qədər isə 30 %-ə çatdırılmasında maraqlıdır. Həmçinin məşhur Paris anlaşmasına görə, rəsmi Bakı bu müddətdə Azərbaycan atmosferə buraxılan CO2-nin həcminin bir faiz bəndi həcmində azaldılmasını da öhdəlik kimi götürür.

Digər bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Azərbaycan dünya enerji və ekologiya siyasətinə töhfə olaraq ölkəyə idxal edilən ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmağa başlayıb. Belə ki, elektromobillərin və istehsal müddəti son 3 ili əhatə edən hibrid avtomobillərin idxalı vergi və gömrük rüsumlarından azad edilib.

Rəsmi Bakının bərpaolunan enerji sahəsində atdığı növbəti addımlar Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə qoyuluş gücləri müvafiq olaraq 240 MVt olan külək elektrik stansiyası və 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanılması olub.

Hər iki layihə ümumilikdə ölkəmizə 500 milyon ABŞ dollarından çox birbaşa xarici investisiyanın cəlbinə səbəb olur. Bu da yeni iş yerlərinin, xüsusən də bərpa olunan enerji sahəsinə xidmət edən yeni xidmət sektorlarının yaradılmasını ehtiva edir.

Beynəlxalq təşkilatların da hesabatlarında göstərilir ki, Azərbaycan da bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Hazırda Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27 000 MVt həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir.

Respublikamızın müxtəlif bölgələrində ümumi gücü 66 MVt təşkil edən külək, 40 MVt olan günəş, 38 MVt bioenerji elektrik stansiyaları, həmçinin 32 MVt gücündə kiçik su elektrik stansiyaları istismar olunur. 2020-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25,8 milyard kVt/st olub ki, bunun 1,3 milyard kVt/st-ı böyük su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrinin payına düşüb.

Dünya Bankının hesabatına görə, Xəzər dənizinin Azərbaycan akvatoriyası külək enerjisi potensialına görə, dünyada iki ən unikal məkanlardan biridir. İlkin hesablamalara görə, buranın illik enejri potensilaı 157 GVt-dır ki, bu da cari qoyuluş gücündən on dəfələrlə çoxdur.

Rəsmi Bakının planında var ki, 2036-cı ilə qədər bu potensialın 7,2 GVt-nı reallaşdırsın.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad edən Azərbaycan bu ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsində israrlıdır.

Məhz bu səbəbdən də Azərbaycan azad edilmiş ərazilərdə “yaşıl enerji” konsepsiyası tətbiq edir.

Bu konsepsiyanın tərkib hissəsi olaraq Qarabağın enerji potensialı araşdırılıb və Cəbrayıl-Zəngilanın günəş, Kəlbəcər-Laçının isə daha çox külək enerjisi potensialı olduğu müəyyən edilib. Dərhal hərəkət keçən hökumət xarici investorlarla uğurlu danışıqlar aparıb və nəticədə Cəbrayıl rayonu ərazisində 240 MVT gücündə yeni külək enerjisi parkının yaradılması üçün BP ilə ilkin razılıq əldə edilib.

Bu il iyun ayının əvvəlində baş tutan imzalanma nəticəsində yaradılacaq park bir çox cəhətdən Azərbaycanın qazanclı çıxmasına səbəb olacaq. Belə ki, günəş elektrik parkının işə düşməsi ilə Azərbaycan hər il 120 milyon kubmetr qaza qənaət edəcək. Bu həm ekoloji baxımdan, həm də Azərbaycanın qaz ixracı imkanlarını artıracaq. Bir sözlə ölkəmiz maddi qazancını artıracaq.

Stansiyanın işə düşməsi ilə Azərbaycan illik orta hesabla 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək.

Ümumilikdə isə Qarabağın elektrik enerjisi potensialı 10 GVt müəyyən edilib.

Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycanın unikal investisiya mühitinin olması ölkəmizin digər sahələrdə olduğu kimi bərpaolunan enerji sahəsində də həyata keçirdiyi layihələrə xarici investorların marağı böyükdür. Belə ki, bu layihələrə həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı, həm də Asiya İnkişaf Bankı sərmayə yatırmaqda maraqlı olduqlarını açıqlayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir