İqtisadiyyat

Bank sektorumuz hara gedir? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Sharing is caring!


Azərbaycanda bankların sayında azalma müşahidə edilir. Son bir ildə ölkədə üç bankın lisenziyası ləğv olunub. Bu proseslər bank sektorunun gələcəyi üçün nələr vəd edir? Ekspertlər hesab edirlər ki, yaranan boşluq böyük bankların filial şəbəkəsi tərəfindən kompensasiya ediləcək. 

Son bir ildə Azərbaycanda üç bank fəaliyyətini dayandırıb. Başqa sözlə desək, lisenziyaları ləğv olunub. Ötən həftə daha bir bank da bağlanıb. Beləliklə ölkədə fəaliyyət göstərən bankların sayı 23-ə düşüb. Hələ bir neçə bankın da bağlanma təhlükəsi ilə üz-üzə qalması barədə də iddialar var. Banklar bu şəkildə bağlana-bağlana gedərsə, bu, bank sektorumuz üçün hansısa problemlər yarada bilərmi? 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Bankların sayının kəskin şəkildə azalması yaxşı əlamət deyil”

Bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, bankların sayı üçün ölkənin böyüklüyünün, yaxud kiçikliyinin fərqi yoxdur: “Ərazisi Azərbaycan qədər olan elə Avropa ölkəsi var ki, orada bank sayı bizdən azdır. Eləsi də var ki, Azərbaycandakı bankların sayından 3-4 dəfə çoxdur. Yəni burada tənzimlənmə ölkənin ərazisinə, yaxud əhali sayına görə deyil. Bu, daha çox ondan asılıdır ki, ölkədə maliyyə, bank sistemi necə qurulub, Mərkəzi Bank dövlət səviyyəsində bu sistemi necə tənzimləyir?” 

X.Məmmədli bildirir ki, bankların sayının kəskin şəkildə azalması yaxşı əlamət deyil: “Bankların sayının çox və ya az olmasının hansısa bir ciddi fəsadı yoxdur. Çünki hər hansı bir sektorda fəaliyyət göstərən müəssisənin sayı çox olursa, bu zaman rəqabət mühiti daha da yaxşılaşır, istehlakçılar üçün qiymətlər daha da ucuzlaşır. O baxımdan düşünürəm ki, bankların sayının kəskin şəkildə azaldılması məsələsi olmamalıdır. Azərbaycanda dövlətin də belə bir siyasəti yoxdur”.

Risk faktorunu nəzərə almırlar

Bankların bağlanması məsələsinə toxunan ekspertin sözlərinə görə, bu hal yalnız banklar normalara cavab vermədikdə baş verir: “Ölkəmizdə banklar say çoxluğuna görə bağlanmır. Bankların fəaliyyətləri Mərkəzi Bankın prudensial normalarına cavab vermədiklərinə görə dayandırılır. Heç vaxt nə Mərkəzi Bank, nə də dövlət tərəfindən “bankların sayı artıqdır, ona görə bağlayırıq” deyilməyib. Əgər göstəriciləri qoyulmuş normativə cavab verirsə, bu zaman bank fəaliyyət göstərəcək. Korporativ idarəetmə düzgün qurulmur, prudensial normalara riayət olunmur, risk məsələləri düzgün tənzimlənmir, bank normal şəkildə idarəetməni qurmur, riskli şəkildə kreditlər verilir, onlar qayıtmır, bankın məcmu kapitalı aşağı düşür və bununla da problemlər başlayır. Bu zaman da Mərkəzi Bank lisenziyasını ləğv edir. Həmçinin, banklar özləri fəaliyyətlərini dayandırmırlar. Azərbaycanda hələ heç bir bank özünü müflis elan etməyib. Bütün hallarda Mərkəzi Bank normalara cavab verməyən bankların lisenziyasını dayandırıb”. 

Yaranan boşluqlar böyük banklar tərəfindən doldurulur

X.Məmmədli həmçinin qeyd edir ki, indiki halda Azərbaycanın bank sektoru üçün narahatlığa əsas yoxdur: “Azərbaycanda ən azından Beynəlxalq Bank kimi dövlət bankı, həmçinin böyük sistem əhəmiyyətli banklar var. O banklar həmişə çalışacaq. Əgər kiçik müəssisələrin fəaliyyəti dayanacaqsa, onun əvəzinə böyük bankların filial şəbəkəsi daha da genişlənəcək. İkinci bir tərəfdən, rəqəmsallaşma getdikcə sürətlənir, məsafədən bank xidmətləri göstərilir. Yəni böyük və sistem əhəmiyyətli banklar tərəfindən yaranan boşluqlar doldurulur”.

Bu proses qanunla tənzimlənmir

İqtisadi məsələlər üzrə ekspert Asif İbrahimli deyir ki, dünya praktikasında bankların sayını müəyyən edən normalar mövcud deyil: “Bankların sayı hansısa qanunla, reqlamentlə, metodla tənzimlənmir. Ümumiyyətlə, hansısa ölkədə bankaların yaradılması adətən ölkənin iqtisadi vəziyyətindən, maliyyə siyasətindən asılı olaraq formalaşdırılır. Məsələn, kiçik bir dövlət ola bilər ki, hansısa Latın Amerikasında yerləşir, ərazi baxımından Azərbaycandan 3 dəfə kiçikdir, amma orada banklar çoxdur. Bu da ölkənin maliyyə siyasətindən və iqtisadiyyatından asılı olan məsələdir. Bununla bağlı dünya praktikasında da hər hansı bir tənzimləmə yoxdur”. 

Kredit faizləri daha da yüksələ bilər

A.İbrahimlinin fikrincə, onsuz da ölkəmizdə bank sektorunda xarici banklar azdır. Yerli banklar da bağlanarsa, insanlar üçün müəyyən çətinliklər yarana bilər: “Bankların sayının çox olmasının üstün cəhəti odur ki, rəqabət mühiti formalaşdırılır. Azərbaycanın isə özünəməxsus iqtisadi modeli olduğu üçün bankların formalaşdırılmasında, onların sayının az və ya çox olmasında hər hansı bir fərq görmürəm. Amma gələcəkdə digər bankların da fəaliyyətində problemlər yaranarsa, lisenziyaları ləğv edilərsə, bu, bank sektorunda rəqabətin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Məsələn, belə olduğu halda ölkədə onsuz da yüksək olan kredit faizləri bir az da arta bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir