İqtisadiyyat

AMB hərraclarda dollara tələbin kəskin artmasının səbəbini açıqlayıb

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankı (AMB) noyabr ayının sonundan etibarən valyuta hərraclarında bankların dollara tələbinin kəskin artmasının səbəbini açıqlayıb.

AMB-dən APA sorğusuna cavab olaraq bildirilib ki, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb, adətən, əvvəlki aylarla müqayisədə yüksək olur:

“Nümunə olaraq, 2017-22-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69%-də tələb təklifi üstələyib, ötən il dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43% çox olub”.

Mərkəzi Bankdan qeyd edilib ki, ilin son dövründə tələbin yüksəlməsi, əsasən, mövsümi amillər, o cümlədən ölkədə idxal-ixrac əməliyyatları üzrə hesablaşmalar və iqtisadi aktivliyin canlanması ilə əlaqədar olur.

“Onu da qeyd etmək lazımdır ki, ümumilikdə valyuta bazarında şərait profisitli tədiyə balansının təsiri altında formalaşır. 2023-cü ilin əvvəlindən Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönümlü olub”, – AMB-dən əlavə edilib.

Qeyd edək ki, bankların valyuta hərracında tələbi 2023-cü ildə ilk dəfə dekabrın 5-də 95,1 milyon dollar təşkil edib. Bankların dollar tələbi noyabr ayının sonundan etibarən artmağa başlayıb. Noyabr ayının 28-də keçirilən hərracda bankların tələbi 68,2 milyon dollara, noyabrın 30-da isə 77,8 milyon dollara yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir