İqtisadiyyat

Britaniyalı nazirin region səfəri: London “Azərbaycan kodu” yazır – TƏHLİL + FOTO

Sharing is caring!


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Azərbaycanda səfərdədir. O, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb.

Dokertinin səfəri Böyük Britaniyanın enerji siyasəti bazası əsasında regionda maraqlarını yüksəltmək və onun təhlükəsizliyini daimi əsaslara çevirmək planının ifadəsidir.

Böyük Britaniya buna görə Azərbaycanla potensial hərtərəfli əməkdaşlığı şaxələndirmək üçün addımlar atmaq niyyətindədir.

Bu, Azərbaycan üçün də mühüm aspektdir. Çünki Britaniya Azərbaycana qarşı olmaq xəttini tutmur və London-Bakı əlaqələrinin dinamikası nəzərəçarpacaq dərəcədə üzüyuxarı hərəkət edir.

Azərbaycanın yaşıl enerjiyə keçid üçün atdığı addımlar və alternativ enerjini Avropaya ixrac etmək potensialı əlaqələrin yüksəlməsini stimullaşdıracaq başqa bir səbəbdir.

Çünki yaşıl enerji Britaniyanın qlobal maraqlarında önəm verdiyi iqtisadi fazalardan biridir. Ona görə ki, hazırda geosiyasi trayektoriyaların müəyyən olunmasında alternativ enerjilərə çıxış böyük bir rola malikdir.

Bu mənada Böyük Britaniyanın Cənubi Qafqazda çəkmək istədiyi “şəkil”də Azərbaycanın yeri yaxşı mövqedə təsvir olunur. Lakin Britaniya görür ki, Azərbaycanla Qərb arasında münasibətlər gərginləşir, xüsusilə, ABŞ və Fransanın Ermənistana dəstək tonu Londonu narahat edir.

Fransanın Cənubi Qafqazda öz toxumlarını səpib onu əbədi əsaslara çevirmək cəhdi Britaniyanın siyasəti ilə uyuşmur. Çünki bu iki ölkə arasında gizli bir rəqabət mövcuddur, üstəgəl Parisin Bakıya qarşı davranışları Londonun bölgədəki enerji sahəsindən tutmuş təhlükəsizlik məsələlərinə qədər əhatə olunan maraqları ilə kəsişir.

ABŞ-yə gəlincə, o, qlobal teatrda Britaniyanın müttəfiqidir. Amma Cənubi Qafqaz orbitində ABŞ-nin Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistana dəstək verməsi London üçün sərfəli deyil.

Deməli, Dokerti Azərbaycan-Ermənistan sülh proqramını sabotaj edəcək xətləri müzakirə edib onların yoluna qoyulmasını müzakirə etmək üçün regiona gəlib.

Britaniyalı nazirin səfərindən sonra belə hesablama aparmaq olar ki, Azərbaycanla ABŞ arasındakı siyasi gərginlik bir qədər səngiyəcək. Ona görə ki, Dokertinin səfərində yuxarıda bildirdiyimiz səbəbdən dolayı Azərbaycanla ABŞ-nin ortaq fikrə gəlməsi üçün çağırış da dayana bilər.

Ümumilikdə, qeyd etdiyimiz məsələlər Böyük Britaniyanın Zəngəzur dəhlizi layihəsi üzrə maraqlarını da əks etdirir – sözsüz ki, London həmin proyektdə Bakının yanındadır.

Ermənistan, Azərbaycan və Gürcüstan turnesinə çıxan Dokertinin səfəri Londonun Cənubi Qafqazdakı nəbzi yoxlamaq metodudur.

Bunlar Əliyevlə Dokertinin müzakirələrinin ikitərəfli və regional miqyaslı aspektlər üzrə gündəliyini göstərir.

Yekun olaraq, Böyük Britaniya Cənubi Qafqazda Azərbaycanın yaratdığı yenilənmiş reallıqların doğurduğu geosiyasi mübarizədən qətiyyətlə və nikbinliklə çıxmaq istəyir.

London bu qətiyyətini Azərbaycanın maraqlarına əks gedə biləcək bir tərzə kökləmir ki, bu da Bakının İrəvanla münasibətlərində birincinin üstün mövqelərdə qalmasını qlobal cəhətdən stimullaşdırır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir