İqtisadiyyat

Əliyevlə İraq prezidentinin danışıqları: Gizli nöqtələr, britaniyalı nazirin regiona gəlişi – TƏHLİL + FOTO

Sharing is caring!


İraq Prezidenti Əbdüllətif Camalın Azərbaycana səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ikitərəfli əlaqələri inkişaf etdirməyin düsturlarını tapmaq və onu dəyişən regional konfiqurasiyanın arasında mövqeləndirmək baxımından diqqətəlayiq idi.

Hər iki prezident mətbuata birgə bəyanat zamanı Azərbaycan-İraq münasibətlərinin səmərəli dərinləşməsini özündə ehtiva edən formulu qarşılıqlı iqtisadi əməkdaşlıq modeli qurmaq çağırışları ilə səsləndirdi.

Amma Əliyevlə Camalın görüşünün daha geniş regional gündəliyi əhatə edən fazası da mövcuddur.

Niyə Fransa?

Əliyevin mətbuata birgə bəyanat zamanı Azərbaycan-Ermənistan münasibətlərindən bəhs etməsi, Fransanın regionda gizli və ambisiyalı gündəlik qurmaq planlarını qabartması Cənubi Qafqazla Yaxın Şərqin əlaqəli ola biləcək konteksti fonunda əhəmiyyətlidir.

Bunun batinində duran motivləri təhlil etmək üçün Fransanın Cənubi Qafqaz və Yaxın Şərqin İraq cinahındakı mövqelərini bir-birilə calaq etmək tendensiyasına diqqət etmək lazımdır.

Yəqin ki, İlham Əliyev fikri Azərbaycanın İraqdakı iqtisadi iştirakında Fransanın maneəyaradıcı səylərinə yönəldir. Yoxsa çox asanlıqla və ilkin qənaətlə sual etmək olardı ki, Azərbaycan Prezidenti niyə məhz iraqlı həmkarının yanında Fransa ilə əlaqədar bəyanat səsləndirir?

Mövzu üzrə daha da dərin qatlara enmək üçün Fransa ilə İraqın münasibətlər sisteminə konseptual baxışla nəzər yetirmək ehtiyacı yaranır.

Öncəliklə bunu diqqətdən qaçırmayaq ki, Fransanın Yaxın Şərq regionu boyunca maraqları Böyük Britaniya və ABŞ ikilisinin enerji tədarükündəki üstünlük təşkil etdiyi məsələlərə ehtiyatla baxaraq şişir.

Fransa 1920-ci illərdən bəri İraqın neft hasilatında 25 faizlik paya malik idi. Nəticədə, 1970-ci illərin sonunda İraq Fransanın özünün əsas ticarət, hərbi və nüvə texnologiyası tərəfdaşına çevrildiyini yeganə istisna kimi təqdim edib.

Fransa da bunun qarşılığı olaraq İran-İraq müharibəsi zamanı Bağdadı yüksək texnoloji avadanlıqlarla silahlandırıb və onu Tehrana qarşı dəstəkləyib.

Amma Fransa 1990-cı ildə İraqın Küveyti işğal etməsinə qarşı ABŞ və Böyük Britaniya koalisiyasına qoşuldu, bununla da Parislə Bağdad körpüsü dağılmağa başladı. Bundan 13 il sonra -2003-cü ildə ABŞ, Böyük Britaniya və Fransa üçlü ittifaqı İraqdakı müharibə nəticəsində dağıldı, çünki Parisin London və Vaşinqtonla prinsiplərinin toqquşması yenidən baş qaldırmışdı.

Vəziyyət o yerə çatmışdı ki, o dövrdə Fransanın prezidenti olmuş Jak Şirakın administrasiyası İraqın ABŞ tərəfindən işğalına etiraz etmişdi və Vaşinqtonun birtərəfli gündəlik formalaşdırmaq cəhdinə qarşı müxalif mövqedə idi. Amma bunun özü belə, Fransa ilə İraqın yenidən yaxınlaşmasını təmin etmədi.

Yaxın Şərqdə İŞİD terrorizmi səhnəyə çıxdıqda isə Fransa Yaxın Şərqdəki mövcudluğunu daimi əsasa çevirmək üçün siyasi, hərbi və humanitar vasitələrlə dəstək paketini xərclədi və bunun fonunda İraqla əməkdaşlığı canlandırdı. Sonradan, 2020-ci ildə İraq Fransanın yardımından faydalanan dövlətlər arasında ön sıralarda oldu.

Belə ki:

– 2017-21-ci illər arasında Fransanın İraqa yardımı 60 milyon avroya çatıb,

– 2019-cu ilə qədər iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1,3 milyard dollar olub.

Deməli, Fransanın Yaxın Şərqdəki dirçəlişində İraqla münasibətlər alternativ pəncərələrdən biridir və indi Parisin regionda artan ambisiyaları Azərbaycanın İraqdakı maraqlarına qarşı stimullaşa bilər.

Azərbaycana bu baxımdan Fransanın İraqdakı ambisiyalarını təhlil etmək əhəmiyyətlidir, burada təkcə iqtisadi əməkdaşlığa qarşı Parisin qura biləcəyi oyunlardan bəhs oluna bilməz.

Çünki Fransanın İraqa doğru addımları Parisin Türkiyə əleyhinə şəbəkəsində birləşdirici halqadır.

Fransa regional güc mərkəzi olan Türkiyənin İraqda dominantlıq etdiyi bölgələrdə mövcudluğunu artırmaq cəhdlərini gizlətməkdən qaçmır.

Fransanın belə fürsətçi radarlar quraşdırması Bakı-Ankara strateji müttəfiqliyinin regiondakı birgə maraqlarına qarşı qiymətləndirilir.

Mənim düşüncəmə əsasən, İlham Əliyevin iraqlı həmkarına Azərbaycan-Ermənistan münasibətləri fonunda Fransa ilə bağlı mövqeyini çatdırması daha böyük bir gündəliyin ortaya çıxardığı çağırışın qiymətləndirilməsidir.

Britaniyalı nazirin gəlişi

Yuxarıda Britaniya amilini və Fransanın Londonla rəqabətini havadan fikirlərimizin arasına yerləşdirmədik.

Bir neçə mühüm məqam var ki, bunu diqqətdən kənarda saxlaya bilmərik. Bu ilin iyulunda Londonda İraq və Britaniya rəsmiləri arasında ikigünlük strateji dialoq keçirilmişdi. Böyük Britaniya müxtəlif sektorlarda Bağdadı dəstəkləmək öhdəliklərini təkrarlayıb və təhlükəsizlik məsələlərində əməkdaşlığı artırmaq barədə razılıq əldə olunub.

Hazırda Kürdüstan bölgəsi də daxil olmaqla İraq ərazilərində 1 400-ə yaxın britaniyalı hərbi personal xidmət edir.

İndi keçid edək məsələnin Cənubi Qafqaz və İraq regionu ilə əlaqəsinə, burada başqa bir məlumat əhəmiyyətli ipucu kimi qabarıqlaşır.

İraq prezidentindən sonra Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin Cənubi Qafqaz regionuna səfərinin başlayacağına dair rəsmi məlumat yayıldı. 

L.Dokerti regiona səfəri çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycanda olacaq.

Bu fikirdə xəta ehtimalı olsa da, mənə görə, ümumiyyətlə səfərlərin ardıcıllığı strateji məntiq nöqteyi-nəzərindən təsadüfi deyil.

Böyük Britaniya Azərbaycanı artıq strateji tərəfdaş kimi nəzərdən keçirir və bunu müttəfiqlik əlaqələrinə qədər irəlilətmək planını pərdəarxası danışıqların predmetinə gətirir.

Buna görə də Britaniya nəinki Azərbaycanın Cənubi Qafqazdakı strateji genişlənməsində, həmçinin Bakının İraqın iqtisadi mühitindəki perspektiv investisiya portfelinin böyüməsində maraqlıdır…

Camal nəyə işarə edir?

Camal isə mətbuata bəyanat zamanı Yaxın Şərqin İsrail-Fələstin qanlı səhnəsi barədə çıxış etdi, onun bu fonda Azərbaycanla İraqın gələcək qarşılıqlı investisiyalarını ümumi qiymətləndirməsi maraq doğurur. 

Burada təhlükəsizlik çağırışı da olmamış deyil, çünki İsrail-HƏMAS hərbi qarşdurması İraqın da sabitliyini, Bağdadın Qərblə münasibətlərində irəliləyişlərini təhdid edir.

Təhlükəsizlik tədbirlərinin əhəmiyyətli fazasını təmin etmək isə iqtisadi əməkdaşlığın dərinləşməsindən keçir, buna görə də Əliyevlə Camalın gələcək üçün daha genişmiqyaslı yol xəritəsini müzakirə etdiyini söyləməyə əsas var.

Yaxın Şərqdə, o cümlədən İraqda təhlükəsizliklə əlaqədar həyəcanlara baxmayaraq, ehtimalım budur ki, Azərbaycan həm özünün formalaşan regional gündəliyi, həm də Türkiyə ilə strateji müttəfiqlikdən doğan maraqlarından irəli gələrək İraqdakı aktivlik dərəcəsini qaldıracaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir