İqtisadiyyat

Nazir: “Prezident minatəmizləmə fəaliyyətinin BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsünü irəli sürüb”

Sharing is caring!


“Azad edilmiş torpaqlarımızın reinteqrasiyası, həmin ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası iqtisadi potensialımızın artmasına geniş imkanlar vəd edir. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilərkən BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb”.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib.

Nazir qeyd edib ki, “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir:

“Regionda fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. Orada istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün bir sıra güzəştlər tətbiq olunur. Bölgədə “yaşıllaşma və karbonsuzlaşma” sahəsində xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb. Bütün bunlar isə iqtisadi fəaliyyətin canlanmasına və nəticə etibarilə milli prioritetlərimizin, eləcə də, DİM-lərin reallaşdırılmasına stimul verəcək.

Ancaq azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam bu ərazilərin minalanmasıdır. Məhz bu amil sözügedən ərazilərdə iqtisadi dirçəlişin əsasını təşkil edən çoxistiqamətli layihələrin icra prosesini ləngidir. Təsadüfi deyildir ki, cənab Prezident tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb.

Bu istiqamətdə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib. 18-ci DİM beş hədəf və 15 göstəricidən ibarətdir. Bu hədəflər ərazilərin təmizlənməsi, torpaq sahələrinin iqtisadi fəaliyyətə cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir