Cəmiyyət

Küçədə yaşayanlar şaxtalı qış günlərində nə edəcəklər: Gün çıxdı, problem həll olundu? – AÇIQLAMA

Sharing is caring!


Havaların soyuması küçələrdə yaşayan, səfil insanların müvəqqəti və ya daimi sığınacaqlarla təmin olunması məsələsini gündəmə gətirir. Hər il bu məsələ ilə bağlı bir sıra addımlar atılır. Lakin təəssüf ki, hər şey havalar isinənə qədərdir. Necə deyərlər, əvvəllər olduğu kimi, gün çıxdı, sığınacaqlar söküldü, bəs sonra? Bu sual hələ də öz cavabını tapmayıb.

Sığınacaqlara yerləşdirilmiş daimi yaşayış yeri olmayan insanlar sığınacaqlar söküləndən sonra yenə səfil həyata, küçələrə, zibilxanalara, binaların girişlərinə, ən pis halda isə qəbiristanlıqlara üz tuturlar.

Hazırda bu cür həssas qruplar üçün fəaliyyət göstərən sığınacaqlar var. Lakin sığınacaqların sayı ilə, küçələrdə daimi yaşayış yeri olmayan insanların sayı bir-birinə tərs mütənasib olaraq qalır…

Əgər sabah hava şaxtalı olarsa, evsizlər və küçədə yaşayanlar müvəqqəti sığınacaqlarla təmin ediləcəkmi?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Oxu.Az-a bildirilib ki, agentliyin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir:

“Müəssisə 2017-ci ildə yaradılıb və baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir. Müəssisəyə qəbul olunanlar burada sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında yemək, qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər. 

Bu ilin ötən dövründə agentlik tərəfindən bu kateqoriyadan olan 84 şəxs müvafiq xidmətlərə cəlb edilib. Hazırda Müəssisənin müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiya şöbəsində 46 nəfərə xidmət göstərilir. Müəssisəyə qəbul olunanlar il ərzində 180 gün müddətində sözügedən xidmətlərlə təmin olunurlar. Onların hər birinin vəziyyəti nəzarətdə saxlanılır, fərdi iş aparılır, daha sonra isə həmin şəxslər öz yeni, normal həyat tərzinə davam edirlər. Müəssisədə olduqları müddətdə sakinlərin məşğulluq imkanları da araşdırılaraq, onlara Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim edilən vakansiyalar təklif olunur. Ehtiyac olduğu təqdirdə onların müəssisədə əlavə müddətdə qalmaq barədə müraciətlərinə baxılır. Əlavə olaraq qeyd edək ki, ahıl, yəni yaşı 70-ə çatmış sakinlər, Sosial Xidmətlər Agentliyinin digər müəssisəsi olan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə köçürülərək, burada dövlət qayğısı ilə əhatə olunmağa davam edirlər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir