İqtisadiyyat

Turizmdə inkişaf bərpa olunur, bəs ərəblərin ölkəyə gəlişi niyə azalır?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Cari ilin yay mövsümü başa çatıb. Yay, turizm sektorunda ən çox gəlir gətirən mövsüm sayılır. 2020-ci ildə pandemiya bu sektora çox böyük ziyan vurmuşdu. Həmin ilədək ölkəmizdə turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə ölkəmizə 3 milyon 170 min 400 nəfər xarici ölkə vətəndaşları gəlmişdi ki, bunların 2 milyon 863 min 500 nəfərini də sırf turizm məqsədilə ölkəyə gələnlər təşkil edir.

Ölkəmizdən xaricə üz tutanlar isə 4 milyon 347 min 300 nəfər təşkil etmişdi. Pandemiya ili olan 2020-ci ildən bu rəqəmlər müvafiq şəkildə 519 min 400 və 746 min 600 nəfərə düşdü, 2021-ci ildən etibarənsə dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də turizm bərpa olunmağa başlandı. 

Bunu ötənilki və builki rəqəmlər də sübut edir.

Cari ilin yanvar-iyul ayları ərzində məmləkətimizə dünyanın 183 ölkəsindən 1 milyon 143 min 600 və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxslər gəlib. İlin ilk 7 ayı ərzində 37% artım çox böyük rəqəmdir. Bu, onu göstərir ki, sektorda bərpa prosesi sürətlə gedir və tempi qoruyub saxlamaq lazımdır.

Ümumiyyətlə, nəzərə almalıyıq ki, 2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enişi nəticəsində ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci illərdə xarici turist axınının genişlənməsi nəticəsində yumşaldı. Xüsusən də, Yaxın Şərq, yəni körfəz ölkələrindən gələnlərin hesabına… 

Söhbət, ərəblərdən gedir. 

2017-2018-ci illərdə paytaxtımız Bakı, həmçinin digər şəhərlərimizdə turizm məqsədilə ölkəmizə gələn ərəblər üstünlük təşkil edirdilər.

Amma indi… Real statistika başqa şeyi diktə edir. Belə ki, ərəb ölkələrindən gələnlərin sayı kəskin azalıb və bu, getdikcə inkişaf etməkdədir. Başqa sözlə, ölkəyə gələn xarici turistlərin sayı artsa da ərəblərin sayı azalır və ümumiyyətlə, gələnlərin ölkə mənsubiyyəti üzrə strukturunda ciddi dəyişikliklər yaranıb. 

Məsələn, gələnlərin 32,8%-i Rusiya mənşəli xarakteri daşıyıb. 18,2%-i Türkiyə, 7,4%-i İran, 4,9%-ini Hindistan, 4,7%-i Gürcüstan, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,4%-i Qazaxıstan, 2,3%-i Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla İsrail və Ukrayna, 1,4%-i Belarus, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4%-i isə digər ölkələrin vətəndaşları olublar.

Sual yaranır ki, ərəblərin sayı niyə azalıb?

Bu suala cavab olaraq, turizm məsələləri üzrə ekspertlər müxtəlif fikirlər söyləyirlər. Məsələn, pandemiyadan sonra getmək üçün turistik bölgələrin sayı artmış, ərəblərin istirahət yeri üçün seçim imkanları genişlənmişdir və sair… Bəli, bunun da rolu var. Lakin əsl səbəb heç də bundan ibarət deyil. 

Yuxarıda qeyd etdim ki, ərəblərin ölkəmizə geniş şəkildə ayaq açmaqları pandemiyadan əvvəlki illərdə qeydə alınmışdı. Və bu tendensiya ölkəmizdə valyuta qıtlığının aradan qalxmasına ciddi təsir göstərmişdi. 

Həmin illərdə də onların digər turizm yerlərinə getmək imkanları var idi.

Düşünürəm, ərəbləri buradan “soyudan” əsas etibarilə ictimai-iaşə və xidmət sektorundakı mövcud qiymət və tətbiq olunan tarif siyasəti oldu. Belə ki, müxtəlif sfera üzrə xidmət sektorunda müvafiq tarif siyasətində onlar ilə yerli vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilməsi, bunda mühüm rol oynadı. 

Adi bir misal: cari yayda bölgələrimizin birində səfərdə olarkən istirahət mərkəzlərindən hansına yaxınlaşdımsa ikili tarif-qiymət siyasəti ilə rastlaşdım. Adi bir ədəd balığı yerli vətəndaş üçün minimum 15 manat təklif edilirdisə, xarici turist üçün bu rəqəm 25 manat təşkil edirdi. Digər qida məhsulları üzrə də həmçinin… Hətta bir neçə dəfə gülməli vəziyyətlə də üzləşdim, məndən yerli, yoxsa xarici vətəndaş olduğumu soruşurdular.

Sual olunur, niyə?

Turizm neft-qaz sektorundan sonra ikinci ən çox gəlir gətirən sahə olduğu halda, gəlir yerimizə görəsən, bu cür nədən belə “barmaq tıxayırıq”? Bu və ya digər sahədə ikili qiymət siyasəti nə deməkdir axı?

Turizm qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan ölkəmizdə onun inkişafı və genişlənməsinə vaxtilə çox investisiyalar yatırılıb və infrastruktur qurulub, bir sıra tədbirlər həyata keçirilib. Bu gün yüksək xidmət səviyyəsinə malik mehmanxanaların mövcudluğu, kadr hazırlığının olması, çoxlu sayda turist firmalarının fəaliyyət göstərməsi, informasiya-reklam strukturlarının varlığı bütün bunlara sübutdur.

Ancaq qeyd olunanlara rəğmən, əvvəlki şərhlərimdə də yazmışdım ki, ölkədə turizm sektorunun inkişaf etdirilməsində ilk növbədə idarəetmədə, ikincisi qiymət siyasətində, üçüncüsü turizm nöqteyi-nəzərindən istifadəsi məqsədəuyğun sayılan obyektlər üzrə seçimdə, dördüncüsü isə ümumən, turizm biznesinin dövlətimizin maddi maraqları və mənafeyi baxımından təşkili baxımından problemlər mövcuddur.

Hər bir sahədə olduğu kimi, turizmin də inkişafında rəqabət əsas şərt sayılır. Məsələn, bu sahədə qonşu ölkələrdə vəziyyət diqqət mərkəzində saxlanmalıdır. Xarici turistlərin cəlbində Gürcüstan və Türkiyə ilə müqayisədə mövqeyimizi gücləndirmək, ümumiyyətlə, həm yerli, həm də xarici turistlərin sayının artmasında və vəsait xərcləmələrində maraqlı olmaq bütövlükdə qeyri-neft-qaz sektorunun inkişafı üçün də əsas prioritet sayılır.

Ərəblər pullu müştərilərdir və odur ki, əlverişli və sərfəli qiymət siyasətiylə biz, turizmi onların hesabına daha dolğun, geniş və sürətli inkişaf etdirə bilərik. Ümumiyyətlə, yerli və xarici turistlərə yanaşmada qiymət siyasəti və tariflərin tətbiqində balansı qorumalıyıq. Əks təqdirdə, ölkəmizin turizm potensialından heç vaxt düzgün istifadə edə bilməyəcəyik.

Azərbaycanda istər yay, istərsə də qış mövsümündə turizmin inkişafı üçün hər cür şərait var. Demək olar, bütün bölgələrdə restoranlar, istirahət mərkəzləri, otellər şəbəkəsi baxımından zəngin infrastruktur mövcuddur. 

Üstəgəl, füsunkar təbiət və tarixi mədəniyyət obyektləri… 

Sadəcə olaraq, qiymətlərin yüksək olması və göstərilən xidmətlərə qeyri-uyğun qiymət siyasəti böyük əngəl hesab edilir ki, bu da lazımi istiqamətdə turist cəlbinə mane olur. Turizm sektorunda qiymət xidmət səviyyəsinə uyğun olmalıdır. Bu, olduqca ciddi məsələdir. Şişirdilmiş qiymətlərlə turizmi inkişaf etdirmək olmaz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir