İqtisadiyyat

“Bitcoin”in kəskin dəyər itirməsinin SƏBƏBLƏRİ – FOTO

Sharing is caring!


Son bir həftədə kriptovalyuta bazarında ciddi canlanma yaşanmaqdadır. Buna qədər isə bir neçə həftə ərzində bazarda cüzi titrəyişlər istisna olmaqla demək olar ki, sabit tendensiya müşahidə olunmurdu. Lakin ötən həftənin sonundan başlayaraq dünyanın birinci kriptovalyutası olan “Bitcoin” kəskin uсuzlaşmağa başladı. Son 7 gündə “Bitсoin”in qiyməti 12 % azalaraq hazırda 25,9 min ABŞ dolları ətrafında qərarlaşıb.

Məsələni “Report”a şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev kriptovalyuta bazarındakı kəskin ucuzlaşmanın mühüm səbəblərindən birinin amerikalı iş adamı və milyarder İlon Maska məxsus “SpaceX” şirkətinin təxminən 373 milyon ABŞ dolları dəyərində “Bitcoin”i satmasıdır.

Bu xəbər dərhal mənfi reaksiya ilə qarşılandı və bazarda kriptovalyutaların kütləvi satışına səbəb oldu. Digər səbəb isə ABŞ məhkəməsinin Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) “Ripple Labs” şirkətinin işində apellyasiya iddiasını qəbul etməsi xəbəri olub. Məlum olduğu kimi, Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsi iyulun 13-ü XRP (token) satışının investisiya müqavilələri təklifi olmadığı barədə “Ripple Labs” şirkətinin xeyrinə qərar qəbul edib. İndi isə bu qərara yenidən baxılması ilə bağlı SEC-in tələbi təmin edildi”.

Ekspert kriptovalyuta bazarında qiymətlərə təsir edən daha bir mühüm səbəb kimi dünyanın ən iri daşınmaz əmlak şirkətlərindən biri olan Çinin “Evergrande Group” şirkətinin ABŞ-də iflas elan etməsini göstərib:

“Bu, şirkətin 300 milyard ABŞ dollarından çox olan borclarının restrukturizasiyası üçün növbəti addımdır. ABŞ-da iflas elan edilməsi şirkətin yenidən strukturlaşmasını tamamlamaq üçün daha çox vaxt və resurs qazanmaq cəhdi ilə izah edilir. Məlumat üçün qeyd edim ki, “Evergrande Group” 280-dən çox şəhərdə 1 300-dən çox layihə ilə Çinin daşınmaz əmlak üzrə lideridir. Şirkət həmçinin elektromobillərin, səhiyyə və park avadanlıqlarının istehsalı ilə məşğuldur. Bununla belə, 2021-ci ildən şirkət həddindən artıq borclanma və Çin hakimiyyətinin sərt qaydalarına görə ciddi maliyyə problemləri ilə üzləşib. Bu faktor Çin iqtisadiyyatı üçün də xoş hal deyil. Təcrübə göstərir ki, Çində milli valyutanın dəyər itirməsi dolayı yolla kriptovalyuta bazarına da mənfi təsir edir və qiymətlərin enməsi ilə müşahidə olunur”.

E. Quliyevin fikrincə, ehtimal edilən daha bir səbəb 10 ildən çox müddətdə hərəkətsiz qalan iri “Bitcoin” cüzdanların hərəkətə keçməsi və bazara iri həcmli “Bitcoin” satışı orderlərinin verilməsidir.

Ekspert deyir ki, mənfi xəbərlər fonunda satışlar alışdan daha çox olduğu üçün qiymətlərin 15 %-ə qədər enməsi gözlənilən idi: “Yuxarıda qeyd etdiyim səbəblər birbaşa və ya dolayı yolla kriptovalyuta bazarındakı qiymətlərin dəyişməsində rol oynayıb. Hesab edirəm ki, bunlar heç də təsadüfi deyil. Ehtimal ki, bu növbəti “Bitcoin” rallisindən qabaq bazardakı qiymətləri aşağı endirib kriptoaktivləri daha ucuz qiymətlə toplamaq məqsədi daşıyır”.

E.Quliyev hesab edir ki, yaxın gələcəkdə qiymətlərin yenidən artımı müşahidə ediləcək: “Bunun üçün 2 fundamental hadisə baş verməlidir: ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) uçot faiz dərəcəsini endirməli və SEC dünyanın ən böyük investisiya nəhənglərindən biri olan “BlackRock”un “spot bitcoin ETF”i üçün müraciətinə müsbət qərar verməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir