İqtisadiyyat

“BMT və digər beynəlxalq qurumlardan öz səslərini ucaltmağı, adekvat reaksiya verməsini tələb edirik” – RƏY

Sharing is caring!


“BMT və bir sıra beynəlxalq qurumlardan öz səslərini ucaltmağı və adekvat reaksiya verməsini tələb edirik”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın hava və suyu çirkləndirməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə ünvanlanan müraciətin müəlliflərindən “Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva deyib.

İB sədri bir qrup vətəndaş cəmiyyəti fəalı ilə birgə BMT və bir sıra beynəlxalq qurumlara təcili müraciət ünvanladıqlarını vurğulayıb:

“Müraciətimizdə qeyd etdik ki, milyonlarla insanın, habelə ətraf mühitin həyatı təhlükə altındadır. Çünki Ermənistan uzun illərdir davam etdirdiyi ekoloji terroru son vaxtlar daha da intensivləşdirib. Biz də sübutlar və əsaslandırılmış faktlar əsasında Ermənistanın törətdiyi ekoloji cinayətləri beynəlxalq ictimaiyyətə, dünya birliyinə çatdırmaq qərarına gəldik. Bu məqsədlə həmin təcili müraciəti beynəlxalq qurumlara ünvanladıq”.

O bildirib ki, beynəlxalq qurumlar öz növbəsində səlahiyyət və mandatından istifadə edərək bu məsələyə müdaxilə edə, həmçinin adekvat reaksiya göstərə, eləcə də texniki baxış üçün missiya təşkil edə bilərlər:

“Müraciətimizdə BMT konvensiyalarının kobud şəkildə pozulmasından da bəhs etmişik. Həmin konvensiya sənədinə imza atan tərəflər həm Azərbaycan, həm də Ermənistandır. Sənəddə qeyd olunub ki, ətraf mühitə təsir edə biləcək hər hansı hadisə baş verdikdə, bu, mütləq hər iki tərəfin razılığı ilə həllini tapmalıdır. Azərbaycan tərəfinin razılığı olmadan Ermənistan həmsərhəddə iri metallurgiya zavodu tikir, nəticədə Araz çayı çirklənməyə məruz qalır”.

“Atmosferin çirklənməsi, torpaq ekosisteminin məhvi canlılar aləminin yox olması deməkdir. Ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu kimi məsələlərə həssaslıqla yanaşırıq. Bu qədər canlının məhv edilməsi, o cümlədən insanların sağlamlığına təsir göstərə biləcək halların baş verməsi narahatlıq doğurur. Çayların çirklənməsi onun suyundan istifadə edən insanların müxtəlif xəstəliklər üzrə xəstələnməsi, bir çox xroniki xəstəliklərin ciddi şəkildə inkişaf etməsinə gətirib çıxarır. BMT və bir sıra beynəlxalq qurumlardan öz səslərini ucaltmağı və adekvat reaksiya verməsini tələb edirik”, – P.Vəliyeva söyləyib.

QHT rəhbəri ifadə edib ki, BMT-nin bu məsələyə müdaxilə etməsi onun mandatına uyğundur:

“Müraciətə imza atan qeyri-hökumət təşkilatlarının nümayəndələri olaraq müsbət nəticə əldə edəcəyimizə ümid edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir