İqtisadiyyat

Liberal iqtisadiyyat nədir və nəyə görə bizdə mövcud deyil?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Dünya iqtisadiyyatının aparıcı ölkələrinin təcrübəsi göstərir ki, ən mükəmməl iqtisadiyyat özü-özünü idarə edən, başqa sözlə desəm, tənzimləyən iqtisadiyyatdır, buna liberal iqtisadiyyat deyilir. Yüksək iqtisadi artım və sürətli inkişaf tələb olunan yerdə dövlət iqtisadiyyata məhdud səviyyədə və yaxud da mümkün dərəcədə heç bir şəkildə müdaxilə etmir, etməli də deyil. 

Ümumiyyətlə, iqtisadiyyat yalnız vergi və rüsum mexanizmləri əsasında tənzimlənməli, iqtisadi subyektlərə heç bir şəkildə diktə həyata keçirilməməli, təsərrüfat fəaliyyətinə müdaxilə edilməməli, əldə olunan gəlirlərdən dövlət büdcəsinə mədaxil təmin edilməklə proseslərə ancaq bu yolla təsir və təzyiq göstərilməlidir. 

Bunun üçünsə özəl sektorun payı maksimum həddə təşkil etməli, dövlət mülkiyyətinə və inhisarına malik istehsal və xidmət sahələri mövcud olmamalı, dövlətin tabeliyində iqtisadiyyata daxil heç bir subyekt fəaliyyət göstərməməlidir. 

Təkrar edirəm, bu, liberal iqtisadiyyatdır.

Ölkəmizin iqtisadiyyatı liberaldırmı? Deyilsə, niyə buna keçə bilmirik? Buna nə mane olur? Tam liberal iqtisadiyyata keçid, bizə nə verə bilər?

Azərbaycan iqtisadiyyatında özəl sektorun payı kifayət qədər yüksəkdir. Ölkə üzrə ÜDM-də onu həcmi 1995-2021-ci illər ərzində 2,8 dəfə artıb. Ümumiyyətlə, sahibkarlıq dövlət tərəfindən geniş şəkildə dəstəklənir. 2005-2006-cı illərdə neftin qiymətinin kəskin düşməsi nəticəsində iqtisadiyyatın böyük risklə üzləşməsindən sonra bu məsələyə xüsusən böyük diqqət yetirilir.

Bir neçə istiqamət üzrə dövlət proqramları qəbul edilib ki, 2018-ci ildə İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra liberallaşma iqtisadi kursun başlıca strateji məqsədinə çevrilib, 2019-cu ildə ölkədə böyük islahatlara start verilməklə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi də bununla əlaqədar baş verdi. Eyni zamanda, ölkədə orta və kiçik sahibkarlığın inkişafının prioritet təşkil etməli olduğu bir daha gündəmə gətirildi.

Ancaq bununla belə, iqtisadi inkişaf və artımda dövlət hələ də məsuliyyət daşıyır, əsas yükü əvvəlki kimi, yenə özü çəkir. Çünki rəqabət tələb olunan səviyyədə deyil, iqtisadi subyektlər arasında münasibətlər güclü rəqabət şəraitində təmin olunmayıb və sair… 

Rəqabət liberal iqtisadiyyatın əsas şərtidir. Belə ki, rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Bəli, hökumət iqtisadiyyata bacardıqca az müdaxilə etmək, dövlət nəzarətində məhdud sayda subyekt, istehsal sahəsi, xidmət sferası saxlamaq istəyindədir. Və qarşısına qoyduğu ümdə vəzifələrdən biri də məhz bundan ibarətdir.

Ancaq buna hələ nail ola bilmirik. Ona görə ki, ölkə iqtisadiyyatının inkişafı birtərəfli xarakter daşıyır, neft-qaz sektorundan asılılıq var. Sözügedən sektorsa dövlət inhisarındadır. 

Ümumiyyətlə, dövlətin inhisarda saxlamağa və bir sıra qiymətləri özü tənzimləməli olduğu sahələr var ki, onun iqtisadiyyat üzərində hökmranlığı da bu üzdən hələ qalır. 

Odur ki, nə vaxt ölkə iqtisadiyyatının inkişafında birtərəfli inkişaf aradan qalxacaq, qeyri-neft-qaz sektoru əsas gəlir mənbəyinə çevriləcək, ixrac sahəsində valyuta gətirən sahələr və mənbələr çoxalacaq, yalnız o zaman liberal iqtisadiyyat da təşəkkül tapa biləcək.

Yeri gəlmişkən, haqqında söhbət açdığımız iqtisadi sistem elədir ki, bu, müvafiq dövlət proqramları, layihələr, sərəncamlar və fərmanlar vasitəsilə həll olunan məsələ deyil. Buna vaxt lazımdır. 

Qeyri-neft sektoru inkişaf etməli, bu sahəyə investisiya yatırılmalıdır. Bundan öncə isə xarici bazarlar öyrənilməli, daxili tələbatın strukturu nəzərdən keçirilməli və elə rəqabətqabiliyyətli məhsullar istehsal edilməlidir ki, o, təkcə daxili deyil, xarici istehlak üçün də “sözünü deyə” bilsin. 

Məsələn, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların 99%-dən çoxunu kiçik və orta biznes subyektləri təşkil edir. Ancaq bizdə sözügedən subyektlər üzrə gəlirlilik səviyyəsi qənaətbəxş deyil. İnkişaf etmiş ölkələrdə onlar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi sayılırlar. Çünki çox güclü rəqabət şəraitində çalışırlar.

Bu baxımdan da, mövcud vəziyyət bizə diktə edir ki, ölkədə sahibkarlığın inkişafı üçün mövcud vergi siyasəti stimullaşdırılmaqla bərabər, inhisarçılıq amilləri aradan qaldırılsın. Ona görə ki, vergi güzəştləri və stimullaşdırıcı tədbirlər nə qədər çox geniş tətbiq edilsə də, ortada inhisarçılıq amilləri varsa, bunun effekti olmayacaq. 

Digər məsələ isə, təkrar edirəm, bazarda və istehsalda rəqabətin təmin olunmasıdır. İnhisarçılıq olan yerdə rəqabət olmur. Rəqabət olmayan yerdəsə sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət və hökumətin bütün tədbirləri effektsiz xarakter daşıyır və daşıyacaq. 

Odur ki, ölkədə tezliklə qanunvericilik sahəsində rəqabət məcəlləsinin qəbulu məsələsi baş tutmalı, inhisarçılıq aradan qaldırılmaqla geniş rəqabət imkanlarının təşkili təmin olunmalıdır. Həmçinin məhkəmə sistemində də ədalətlilik prinsipi durmadan inkişaf etdirilməlidir.

Sözün qısası, liberal iqtisadiyyatın Azərbaycanda təşəkkül tapması hələ çox işlər görməyi tələb edir. Odur ki, buna növbəti onillik ərzində nail olsaq, böyük nəticə hesab olunacaq. Qaz-neft sektoru iqtisadiyyatda dominant rol oynadığından liberal iqtisadiyyatın formalaşması ləngiyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir