İqtisadiyyat

Azərbaycan və Macarıstan birgə zavod tikəcək – YENİLƏNİB + FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Energy” şirkəti arasında Birgə İştirak Müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir keçirilib.

Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov layihənin ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, Azərbaycanda qeyri-neft sektorunun davamlı artımına, yerli istehsala və məşğulluğun təmin edilməsinə töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir, iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Qeyd olunub ki, Macarıstanla ticarət, sənaye, enerji, o cümlədən, bərpa olunan enerji, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var. İqtisadiyyat naziri Ələt Azad İqtisadi Zonasının imkanlarının yerli və xarici investorlar, o cümlədən Macarıstan investorları üçün geniş imkanlar açdığını bildirərək, yeni birgə layihələrin həyata keçirələcəyinə əminliyini ifadə edib. 

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin davamlı inkişafının, işgüzar dairələr arasında tərəfdaşlığın, birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi barədə fikirlərini bildirib.   

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbəri olduğu qurumun fəaliyyəti, “Hell energy” şirkətinin icraçı direktoru Barbabas Çereklye və AİŞ-in icraçı direktoru Ülvi Mansurov isə layihə barədə məlumat veriblər. Tədbirdə layihənin təqdimatına dair video-çarx nümayiş etdirilib. 

Tədbir çərçivəsində AİŞ və “Hell Energy” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, Ələt Azad İqtisadi Zonasının ərazisində Avropa ölkələrinin qabaqcıl texnologiyalarına əsaslanan, illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək (ilkin mərhələdə illik doldurma gücü 415 milyon ədəd alüminium içki qutusu) yeni zavodun tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır.

Layihənin investisiya dəyəri 211 milyon dollardır.

15:44

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, sənədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə keçirilən tədbirdə imza atılıb. Müqaviləyə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikiləcək.

“Layihənin icrası ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, yerli istehsalın artmasına və məşğulluğun təmin edilməsinə töhfə verəcək”, – deyə nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir