İqtisadiyyat

Büdcə dəyişdiriləcək: Sosial istiqamətdə artımlar olacaqmı?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Dövlət büdcəsində gəlirlərin artıqlaması ilə yerinə yetirilməsi adətən, ya iqtisadi artımdan xəbər verir, ya da şəffaflaşmadan. Cari ilin ilk 3 ayında ölkədə cəmi 0,4% artım qeydə alınıb. Qeyd olunan müddət ərzində isə büdcənin gəlirləri 8 milyard 290 milyon, xərclərisə 6 milyard 567 milyon manat təşkil etməklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,3% və 16,7% çox olub. Nəticədə 1 milyard 723 milyon manat qalıq yaranıb ki, bu özü də 1 il əvvələ nisbətən 24,8% çox deməkdir.

Prezident İlham Əliyev Salyanda dövlət televiziyasına müsahibəsində bildirdi ki, Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard, gömrük xətti vasitəsilə isə 400 milyon manat artıq vəsait toplanıb. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb.

Bu, nəyin nəticəsidir? Təbii ki, sırf 0,4%-lik iqtisadi artımın hesabına deyil. Ölkə başçısı gömrük xəttilə proqnozdan əlavə 400 milyon vəsaitin toplandığını qeyd edərkən sözügedən sahədə aparılan islahatlara və əvvəlki illərdə buraxılan nöqsanların aradan qaldırılması prosesinin uğurla getdiyinə təsadüfən toxunmadı. 

Bəli, büdcəyə gəlirlərin proqnozlardan artıqlaması ilə yerinə yetirilməsi ilk növbədə şəffaflaşma prosesinin dərinləşməsinin nəticəsidir. Belə ki, sözügedən tendensiya vergi sahəsində hələ dörd il öncə başlayıb. Və bu, özünü ötən hər bir il ərzində yığımda müsbət dinamikanın inkişafı ilə göstərib – göstərməkdə də davam edir.

Sözügedən tendensiyanın nəticəsini büruzə verən əsas faktorlardan biri isə Dövlət Neft Fondundan transfert kənara qoyulmaqla dövlət büdcəsi gəlirlərinin 31,9% artıq icra edilərək 6 milyard 714,0 milyon manat təşkil etməklə əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat profisit yaratmasıdır. 

Eyni zamanda, neftin beynəlxalq bazarlarda bizim üçün əlverişli qiymət səviyyəsi faktoru da nəzərə alınmalıdır ki, bu, artıq xeyli müddətdir eyni vəziyyət xarakteri daşıyır. Odur ki, şəffaflıq və neftin dünya bazar qiymətləri, bu iki cəhət ölkəmizdə dövlət büdcəsini artıqlaması ilə icra etməyə şərait yaradan əsas səbəblər sayılır.

Bütün bunların fonunda isə cari ildə də dövlətin əsas maliyyə sənədində müəyyən dürüstləşdirmələr aparmaq həqiqətən vacib görünür. Hərçənd, söhbət, hələ ilin birinci rübünün yekunlarından gedir. Lakin gedişat və xarici iqtisadi şəraitlə bağlı bir çox gözləntilər mövcud tendensiyanın hər hansı dəyişikliyə məruz qalmayacağı aurası yaradır. Odur ki, dövlət büdcəsinin gəlir və xərclər hissəsini çox rahatlıqla artırmaq mümkündür.

Prezident İlham Əliyev bu barədə artıq, anons verib və bir sıra parametrləri də açıqlayıb. Hökumət artıq, bu məsələ üzərində işləyir. Büdcədə dürüstləşdirmə aparmaq ona görə vacib görünür ki, ölkədə böyük işlər görülür. Söhbət, xüsusən də işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və tikinti-quraşdırma işlərindən gedir ki, bütün bunlar möhtəşəmliyi ilə seçilir. 

Cari ilin büdcəsindən bütün bu işlər üçün artıq, 3 milyard manat vəsait ayrılıb. Bu, ötən illə müqayisədə 330 milyon manat çoxdur. Xatırladıram ki, ötən il əvvəl 2,2 milyard ayrılsa da sonra sözügedən vəsait 470 milyon manat da artırıldı.

Bəs, gəlirlər nə qədər artırılacaq və xərclər əsas etibarı ilə məhz hansı istiqamətdə genişləndiriləcək?

Dövlət başçısı hər şeyi açıq və dəqiq şəkildə söyləyib. Belə ki, cari ilin ötən 3 ayına dövlət büdcəsində profisit 1 milyard 723 milyon manat təşkil etsə də, gəlirlər ən azı 3 milyard manat artırılacaq. Əsas xərc istiqamətləri də açıq söylənilib ki, büdcə artırıldıqdan sonra birinci hissə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında, ikinci isə hərbi istiqamətə istifadə ediləcək. 

Hansı ki, hər ikisi də vacibdir. Lakin…

Büdcəyə dəyişiklik olarsa sosial istiqamətdə artımlar həyata keçiriləcəkmi? Başqa sözlə, maaş, pensiya və sosial müavinətlər artırılacaqmı ?

Düşünürəm ki, yanvar ayının birindən etibarən sosial ödənişlərə edilən artımlarla yanaşı bahalaşma da ötən illə müqayisədə yüksəkdir. hökm sürməkdədir. Odur ki, qeyd olunan artımlar əhalinin sosial müdafiəsinin təşkilində yalnız ilin birinci yarısı üçün daha çox yararlı xarakterli daşıyacaq. Belə ki, bahalaşma dayanmayacağı təqdirdə il ərzində növbəti belə bir addım atmağa da ehtiyac yaranacaq.

Doğrudur, il ərzində dövlət büdcəsinin daha bir sosial paket hazırlayıb reallaşdırmağa heç dürüstləşdirmə aparmadan da belə imkanı çatır. Yetər ki, sosial istiqamətdə artımların ardıcıllığı ölkəyə idxalı stimullaşdırmasın. Və bu yolla da bahalaşma və inflyasiya əlavə olaraq alovlanmasın. 

Hökuməti də çəkindirən məhz bu amildir.

Bu nöqteyi-nəzərdən, dövlət büdcəsi xərcləri artırılan zaman inflyasiya və bahalaşmaya nəzarət yenə diqqət mərkəzində saxlanılmalı vacib olan ən ümdə məsələlərdən sayılır. Bunun isə, büdcəyə gəlirlərin məhz hansı mənbələr hesabına artırılacağı məsələsi ilə bilavasitə əlaqəsi var.

Ümumiyyətlə, büdcəyə dürüstləşdirmədə birinci ən böyük müsbət üstünlük məhz ondan ibarət ola bilər ki, gəlirlərin artırılması Neft Fondundan transfert məbləğinin çoxaldılması hesabına həyata keçirilməsin. Buna əsasən, istənilən xərc istiqamətində hər cür addım atmaq olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir