Cəmiyyət

Bülbülə qəbiristanlığında yer yoxdur, ölüləri üst-üstə dəfn edirlər – ŞƏRH + FOTO

Sharing is caring!


Bu günlərdə sosial şəbəkələrdə Bülbülə qəbiristanlığında vurulduğu iddia edilən qeyri-adi elanın fotosu paylaşılıb. Müzakirələrə səbəb olan elanda qeyd edilib ki, Bülbülə kənd qəbiristanlığında yeri olmayan kənar şəxslərin dəfn olunmasına kənd əhalisi icazə vermir.

Kənd sakinləri adından belə bir elanın yayılmasını tənqid edən sosial şəbəkə istifadəçiləri isə dini cəhətdən bu addımın düzgün olmadığını bildiriblər. 

Bülbülə kənd bələdiyyəsinin sədri Natiq Həsənov isə məsələ ilə əlaqədar Oxu.Az-a açıqlamasında belə bir qadağanın mövcud olmadığını bildirib. Natiq Həsənov qəbiristanlıqda yer olmadığını da diqqətə çatdırıb:

“Bülbülə kənd qəbiristanlığı doludur. Hər ailənin özünün əvvəldən alınan, müəyyən sərhəd qoyulmuş  qəbir yerləri var. Kənardan gələnləri dəfn etməyə yer yoxdur. Lakin kiminsə gətirilib, burada dəfn edilməsinə qadağa da qoyula bilməz. Sadəcə, insanlar görürlər ki, boş yer yoxdur, özləri başqa yerdə dəfn etməyi seçirlər. Bülbülə gölünün ətrafına düşən, demək olar, bütün əraziləri ümumilikdə Bülbülə adlandırırlar, ona görə həmin hissələrdə baş verən məsələlərin hamısını Bülbüləyə aid edirlər.

Bülbülə kənd qəbiristanlığında ancaq qeydiyyatı olan və əvvəldən yer ayrılmış sakinlər basdırılırlar. Kənar şəxslərin orada basdırılması üçün yer yoxdur. Hansısa xaricdə yaşayan bülbüləli şəxs vəfat edibsə, nəşi əvvəldən qəbir yeri alındığı təqdirdə burada basdırılır”.

Bələdiyyə sədri yeni qəbiristanlıq salınması üçün yer ayrılması məqsədilə müraciət edildiyini vurğulayıb:

“Bülbülə kiçik kənddir. Qəbiristanlıqda kimsə qəbir yeri alır, ətrafına sədd çəkirsə, orada təxminən üç-dörd qəbir yeri olur. Bəzən hətta 20-30 il bundan qabaq vəfat edən şəxsin qəbrini açıb yaxınını içərisində dəfn edirlər. Məsələn, ata illər öncə ölüb, basdırıblar, onun övladını da üzərinə dəfn edirlər. Din də bunu qəbul edir. Bütün qəbiristanlıqlarda belə ənənələr olur”.

Natiq Həsənovun qeyd etdiyi məsələ – vəfat edən şəxslərin üst-üstə basdırılması qəbiristanlıqda yer olmaması faktından daha təəccüblüdür. Bəs həqiqətənmi din buna icazə verir? İllər öncə vəfat edən şəxsin qəbrini açıb, üzərində başqa bir yaxınını dəfn etmək olarmı?

Bununla bağlı Oxu.Az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev öncəliklə məsələnin indiki dövrdə çox aktual olduğunu qeyd edib. Onun fikrincə, din baxımından bir insanı başqasının məzarında dəfn etməyə heç bir qadağa yoxdur:

“İstər mərhumun nəslindən olsun, istər olmasın, əvvəldən ölmüş şəxsin vərəsələri, varisləri yoxdursa, zərurət yarandığı təqdirdə məzarını açıb, üzərində başqasını dəfn edə bilərlər. Amma bunun şərtləri var. Bəzi ölkələrdə iqlimə uyğun qərarlaşdırılır. Bakı iqlimi qurudur, ona görə 20 il müddət götürülə bilir. Amma məsələn, cənub zonası rütubətli iqlimə sahibdir, orada belə addıma müsbət yanaşılmır. Bəzi yerlərdə məzarın açılması, üzərində kiminsə dəfn edilməsi üçün ölümdən ən azı 25 il keçmiş olmalıdır. Ortalama isə bu müddət 20 ildən tez götürülmür.

Çünki məzar açılanda sümüklərdən qalan nişanələr ola bilər. Buna əl vurulmur, üzərinə torpaq tökülür, başqa insanın nəşi əvvəlkinin üzərindən basdırılır. Əgər qəbiristanlıqda yer yoxdursa, rəhmətə gedəni qəbiristanlıq ərazisində dəfn edə bilmirlərsə, başqa qəbiristanlığa aparmaq istəmirlərsə, onu öz el-obasında, yaxınlarının məzarında basdırmağa qadağa yoxdur. Amma bu, din xadimləri ilə mütləq müzakirə edilməlidir. Kəndin, el-obanın ağsaqqalları ilə məsləhətləşmək lazımdır. Qəbiristanlıqda yer varsa, rəhmətə gedən insanı öz doğmalarından bir qədər kənarda dəfn etmək olarsa, etsinlər. Öz vəsiyyəti olsa belə, başqasının məzarının üstünə dəfn etmək düzgün deyil. Yer olmadığı halda istisna hallar mümkündür”.

Din xadiminin sözlərinə görə, bəzən əvvəldən dəfn edilmiş şəxsin sümüklərini ağ parçaya büküb kənara qoyurlar. Belə olmamalıdır:

“Dünyanın bir çox ölkələrində, məsələn, ABŞ-də, 25 il sonra məzarın harasa köçürülməsinə icazə verirlər. Bizdə isə rəhmətə getmiş şəxsin məzarını səbəbsiz şəkildə açmaq olmaz. Amma üst-üstə dəfnə, qeyd etdiyim kimi, şərtlər daxilində icazə verilir. Hətta hədislərdə deyilir ki, torpağın bir yerindən onlarla baş, yəni yeddi və daha artıq dəfn edilmiş insan qalxar, məhşər və qiyamət məhkəməsinə gələr”. 

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir