İqtisadiyyat

“The Washington Post”: Avropa ölkələri və Azərbaycan razılığa gəliblər

Sharing is caring!


ABŞ-nin nüfuzlu “The Washington Post” nəşri Azərbaycanın və Avropa ölkələrinin qaz tədarükünü artırmaq barədə razılığa gəlmələri ilə bağlı məqalə hazırlayıb.

Bildirilir ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli qaz sisteminin operatorları çərşənbə axşamı günü indiyə qədər Rusiya enerjisindən çox asılı olan ölkələrinin mövcud infrastrukturundan istifadə etməklə Azərbaycandan təbii qaz nəqlini artırmaq barədə razılığa gəliblər.

Məqalədə qeyd edilir:

“Azərbaycan Prezidenti İlham Əliyev Avropa ölkələri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında sazişin imzalanmasını bir çox Avropa ölkələrinə daha böyük və təhlükəsiz qaz tədarükünü təmin edəcək, vaxtında atılan çox mühüm addım adlandırıb.

Əliyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən imzalanma mərasimində iştirak edib.

Moskvanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqı (Aİ) Avropanın enerji mənbələrini Rusiya qazından uzaqlaşdırmağa çalışır. Aİ 2027-ci ilə qədər Azərbaycan qazının idxalını iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq üçün Azərbaycanla anlaşma memorandumu imzalayıb.

“Ukraynadakı müharibə bizi mehriban qonşuluq, həmrəylik və əməkdaşlıq anlayışlarının yeni ölçülərini axtarmağa vadar etdi. Bu, əsasən, beynəlxalq logistika xəritəsinə dəyişikliklər etmək imkanına malik olmaq üçün bizdən yeni həllər, yeni marşrut və təchizat axtarmağı tələb edir”, – Bolqarıstan Prezidenti Rumen Radev bildirib.

Bolqarıstan təbii qazı Yunanıstanla birləşdirici interkonnektor vasitəsilə Azərbaycandan İtaliyaya çatdırmaq üçün çoxseqmentli boru kəməri layihəsi olan Cənub Qaz Dəhlizinə bağlıdır. İnterkonnektor Bolqarıstana ölkənin tələbatının, demək olar ki, üçdəbirini ödəyən bir milyard kubmetr Xəzər qazını tədarük etməyə imkan verir və həcmini ildə beş milyard kubmetrə çatdırmaq imkanına malikdir”.

Qeyd edək ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir