İqtisadiyyat

OPEC ölkələri hasilatı rekord dərəcədə azaldır – BAHALAŞMA OLACAQ? – ŞƏRH + FOTO

Sharing is caring!


2023-cü ilin əvvəlindən etibarən dünya bazarlarında neftin qiymətlərinin çox tez-tez dəyişdiyini müşahidə edirik. Ötən həftəsonu isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.

Bununla bağlı informasiyanın yayılmasından dərhal sonra neftin qiymətlərində 5 dollara qədər artım müşahidə olunub. Bəs qarşıdakı dövrdə verilən qərarlar, eyni zamanda dünyada gedən siyasi proseslər fonunda neftin qiymətlərində dəyişmə hansı şəkildə proqnozlaşdırılır?

Bununla əlaqədar Oxu.Az-a danışan neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, neftin qiymətlərində həftənin əvvəlindən müşahidə olunan artım OPEC ölkələrinin maydan etibarən hasilatı azaltmaq haqqında qərarı ilə əlaqədardır. Ekspert deyib ki, bahalaşma bazar iştirakçılarının həmin qərara emosional münasibəti olub:

“Hasilatın azaldılması 1,6 milyon barel təşkil edəcək. Bu, əvvəlki qərarlarla müqayisədə 3 dəfəyə qədər yüksək həcmdir. Hasilatın azaldılması qiymətlərin bazarda ədalətli mövqe tutması üçün atılan səylərdir. Maraqlı sual ortaya çıxır ki, 80 dollar ədalətsiz qiymətdirmi? Çünki OPEC ölkələri birliyi yaradılanda neftin bir barelinin qiymətinin 50 dollara çatdırılması ədalətli qiymət sayılırdı.

Əsasən ötən ildən sonra dünya bazarında müşahidə olunan məqam dünya qütbləşməsi ilə bağlıdır. Bir tərəfdə kollektiv Qərb, digər tərəfdə Rusiya, Çin, İran, Şimali Koreya kimi ölkələr dayanıb. Bunlar enerjidən asılı və iqtisadiyyatı enerjidən asılı olmaqla iki yerə bölünür. İqtisadiyyatı neftdən asılı olanlar digərlərinin dünyanı qarışdırdığını, neftin bu qiymətlərinin onlara sərf etmədiyini deyirlər. Ona görə, Amerika dövlət departamenti artıq OPEC-i hasilatın azaldılması ilə bağlı qınadı.

Müxtəlif proqnozlar verilir. Bunların arasında qeyri-peşəkar proqnozlar da var. Əvvəllər proqnozlarla reallıq arasında fərq 2-3 dollar təşkil edirdi. İndi isə real qiymətlərlə proqnozlar arasındakı fərq 15-20 dollar həcmindədir. Hətta bəzilərində 50 faizə qədər fərq var və bu, gülünc vəziyyətdir. 70 dollara proqnozlaşdırılan neftin qiyməti ötən il 102 dollar olub. Keçən il noyabrda bu il üçün 98 dollar qiymət proqnozlaşıdılırdı. Açıq görünür ki, reallıq 70 dollarla 110 dollar arasında dəyişməkdədir. Proqnozlar əsaslandırılmamış, qeyri-ciddi təqdim edilir. Düşünürəm ki, bu il üçün neftin qiymətləri 75-80 dollar arasında dəyişən göstəricilərlə yekunlaşacaq”.    

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir