İqtisadiyyat

KOBİA-nın sədri tez xarab olan məhsulların ixracında olan problemlərdən danışıb

Sharing is caring!

“Azərbaycanda sahibkarlar məhsulu ixrac etdikdən sonra xarab olan məhsullara dair sənəd təqdim edə bilməmələrinə görə çətinliklə rastlaşırlar”.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bu gün keçirilən “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına əsasən sahibkarlar konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən müvafiq müddətdə Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər:

“Lakin bəzi hallarda sahibkarlar qida məhsulları, əsasən meyvə-tərəvəz ixrac etdikdən sonra xarab olan məhsullara dair sənəd təqdim edə bilməmələrinə görə bəyan edilən dəyərin bir qisminin geri ödənilməsində bəzi çətinliklərlə rastlaşırlar. Bu sahədə tənzimləyici mexanizmlərin tətbiqi məqsədilə beynəlxalq təcrübədə təklif edilən mütərəqqi təcrübələrə baxmaq daha yaxşı olardı”.

O.Məmmədov vurğulayıb ki, KOB-ların çətinliklərinin öyrənilməsi məqsədilə müvafiq dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin, nümayəndələrinin və sahibkarlıq subyektinin iştirakı ilə 2022-ci ildə 6 sahəvi görüş və maarifləndirmə tədbirləri keçirilib, bu tədbirlərdə ümumilikdə 200-ə yaxın sahibkarlıq subyekti iştirak edib, onları maraqlandıran suallar cavablandırılıb, qaldırılan bir sıra müraciətlər araşdırılması üçün yerində qeydiyyata alınıb, habelə dövlətin bu istiqamətdə dəstək alətləri onlara izah edilib:

“Eyni zamanda, KOBİA yanında İctimai Şuranın müxtəlif istiqamətlər üzrə keçirilən tədbirlərində gömrük orqanlarının əməkdaşları fəal iştirak ediblər. Bütün bu dediklərim bir daha Dövlət Gömrük Komitəsinin nümayəndələrinin açıq dialoqa və çətinliklərin həllində nə qədər maraqlı olduqlarına əyani göstəricidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir